Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Xəzər adalarında ilk dəfə elmi tədqiqatlar aparacaq.
Bu barədə "Report"a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Akademiyadan bildirilib ki, tədqiqatlar zamanı Neft və Qaz İnstitutu adalarda torpaq əmələgəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənəcək. Tədqiqatlara ilkin olaraq Çilov adasından başlanılıb. Eyni zamanda, Kür dili, Xərə Zirə, Böyük Tava, Kiçik Tava, Gil adalarında tədqiqatların davam etdirilməsi nəzərdə tutulub. Ekspedisiya iki il davam edəcək. On iki nəfərlik ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar, geobotaniklər daxildir.
Xatırladaq ki, bu adaların 80 faizi vulkan mənşəlidir. Müvafiq təşəbbüs həyata keçirilərkən ilk dəfə dron aparatından istifadə ediləcək. Belə ki, dron vasitəsilə ərazinin monitorinqi aparılacaq, bitki aləmi, heyvan və quşların sayı öyrəniləcək. Xəzərdə ilk dəfə aparılan bu tədqiqat AMEA-nın tarixində böyük və tarixi hadisədir. Xəzər adalarının fauna və florası demək olar ki, indiyədək heç vaxt öyrənilməyib.
Paylaş: