Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Misir Ərəb Respublikasının Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ə.Qarayev mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük imkanlar olduğunu söyləyib: “Azərbaycanla Misir arasında mədəni əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra layihələr həyata keçirilib, o cümlədən qarşılıqlı mədəniyyət günləri təşkil olunub. Bizim vətəndaşların Misir mədəniyyətinə xüsusi marağı var. İndi biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq. Bu baxımdan böyük turizm potensialı olan Misirlə qarşılıqlı turist səfərlərinin artırılması üçün imkanlarımızdan daha səmərəli istifadə etməliyik. Bunun üçün qarşılıqlı infoturların, tanıtım layihələrinin icra olunması vacibdir. Birbaşa aviareyslərin açılması da qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər”.
Misirli qubernator Xalid Fuda qarşılıqlı turist səfərlərinin artırılması üçün əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb. Qubernator Azərbaycan turistlərinin dünyanın məşhur turizm mərkəzlərindən sayılan Şarm Əl-Şeyxdə, eyni zamanda misirli turistlərin Azərbaycanda istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasının fayda verəcəyini vurğulayıb. Birbaşa havaəlaqəsinin Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasi və iqtisadi münasibətlərin genişlənməsi baxımından əhəmiyyətli olacağı bildirilib.
Paylaş: