Qadının fizioloji yetkinlik dövrü klimaks adlanır. Bu zaman reproduktiv dövr başa çatır, yumurtalıqların funksiyası əhəmiyyətli dərəcədə azalır və qadının doğma qabiliyyəti yox olur. Klimaks əsasən yumurtalıqların yaşlanması ilə əlaqədar yaranan, geriyədönməz prosesdir.
Bu sözləri Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri, həkim-ginekoloq Turab Canbaxışov deyib.
Həkim bildirib: "Ümumiyyətlə, bir il müddətində menstruasiya olmayan qadın menopauzaya girmiş dövrdə hesab edilir. Bu dövrdən sonrakı müddət "menopauzadan sonrakı dövr", əvvəlki müddət isə "menopauzadan əvvəlki dövr" adlanır. Əksər hallarda bu müddət 40-60 yaş arası baş verir. Menopauza orqanizmdən asılı olaraq müxtəlif şiddətlərdə olur. Bu dövrün başlanmasının erkən əlamətləri nevroloji və psixoloji simptomlarla özünü büruzə verir. Menopauzadan sonrakı dövrə daxil olmuş qadınlarda diaqnozun qoyulması üçün ən mühüm laborator göstəricilər-estrogenin 20-dən az, FSH və LH-ın isə ən az üç dəfə müayinə zamanı 40-dan çox olmasıdır. FSH və LH-ın səviyyələri menopauzadan üç il sonra maksimum səviyyəyə çatır və sonra mərhələlərlə azalır. Menopauzadan əvvəlki dövrdə menstruasiya olmayan qadınlarda yaşından asılı olmayaraq hamiləlik ehtimalı ola bilər.
Menopauzadakı simptom və əlamətlərə gəldikdə isə qadınların təxminən 70-80 faizində bu hal özünü estrogen çatışmazlığı ilə göstərir. Sonralar isə həyat üçün böyük əhəmiyyət kəsb edən ürək-damar xəstəlikləri və sümük əriməsi ilə bağlı patologiyalar da yarana bilər. İlkin dövrlərdə istilik və tərləmə ən çox müşahidə edilən menopauza şikayətlərindəndir. Bununla yanaşı ürək sıxılması, narahatlıq, iştahanın azalması, yaddaş və diqqətin zəifləməsi, dəyişkən ruhi vəziyyət, libido itkisi kimi hallar da yarana bilər. Digər mühüm məsələ də menopauza ilə birlikdə sümük toxumasındakı dəyişikliklərin yaranmasıdır.
Klimaksın müalicəsi menopauzadan əvvəl (pre-menopozal) və menopauzadan sonrakı (post-menopozal) dövr olaraq iki hissəyə ayırılır.
Artıq qeyd etdiyimiz kimi, menopauzanın yaranma səbəbi yumurtalıqların yaşlanaraq öz funksiyalarını itirmələridir. Bu dövrün xüsusiyyəti FSH və yumurtalıqlardan sintez olunan estrogenlərin əvvəlki ritmik sintezini itirməyə başlamasıdır. Bu vəziyyətdə müalicə xəstənin şikayətlərinə əsasən müəyyən edilir. Əsasən hormonal olan müalicəyə vadar edən mühüm şikayətlər isə hərarət və nizamsız menstruasiya qanaxmalarıdır. Lakin menopauzadan sonrakı və əvvəlki dövr dozalarına görə çox fərqlənir. Məqsəd xəstənin müəyyən dövrlərdə menstruasiya qanaxmasının baş verməsini təmin etməkdir.
Menopauzadan sonrakı dövrdə aparılan müalicənin əsas məqsədi isə itirilmiş estrogen hormonunu bərpa etməkdir. Estrogen müalicəsindəki ən mühüm problem hansı hormonların, hansı şəkildə, hansı yolla və necə istifadə edilməsidir. Müalicənin üsul və müddəti uşaqlıq yolu incəlmələrinin qarşısının alınması lazım gəldikdə və ya istilik şikayətləri olduqda xəstədən asılı olaraq müəyyən edilir. Menopauzanın gec təzahür edən problemi olan sümük əriməsinin sürətlənməsi və ürək-damar xəstəliyi riskinin artması zamanı isə fərdə görə xüsusi müalicə təyin edilir. Bu məqsədlə müalicələr müxtəlif araşdırmalardan əldə edilmiş nəticələr əsasında planlaşdırılır. Lakin onu da qeyd edim ki, menopauza dövründəki hormonal müalicə çox təhlükəli ola bilər.
Menopauza dövrü başladıqdan sonra bir il müddətində menstruasiyanın kəsilməməsi 30-40 faiz hallarda uşaqlıqdaxili patologiya, 10 faizi isə xərçəng ehtimalını yaradır. Bu zaman ginekoloq müayinəsi və uşaqlıq boşluğundan analiz üçün toxuma nümunəsinin götürülməsi vacibdir.
Hər bir xəstəlik kimi erkən dövrdə aşkarlanan uşaqlıq xərçənginin də müalicəsi müsbət nəticələr verir.
Ümumiyyətlə, hansısa patologiya müşahidə edildikdə etibar etdiyiniz, təcrübəli həkimlə məsləhətləşməniz mütləqdir".\\ AZƏRTAC
Paylaş: