Xəbər lenti

 

İslam həmrəyliyinə həsr edilmiş tədbirdə bu fikir səsləndirildi

Dekabrın 19-da “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə  “Gənclər arasında İslam həmrəyliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasına dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

Ovqat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri  Əlövsət Allahverdiyev deyib ki, bu il Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İslam həmrəyliyi ili” elan olunub. Bu sərəncam ölkəmizdə ictimai birliklərin də üzərinə müəyyən vəzifələr və məsuliyyət qoyur. “İslam həmrəyliyinin əsl mahiyyəti odur ki, çaxnaşmalarla dağıdılan cəmiyyətlərdən fərqli olaraq Azərbaycanda bütün konfessiyalar, eləcə də müsəlmanlar arasında anlaşmanın, birliyin alternativi olmadığını göstərək. Bu bizim hamımız üçün lazımlıdır” – Ə.Allahverdiyev deyib. O daha sonra qeyd edib ki, Azərbaycanda “Evrovision”, “I Avropa Oyunları”, “IV İslam İslam Həmrəylik Oyunları”, müxtəlif idman yarışları keçirilib. Bütün bunlar isə sübut edir ki, ölkəmiz, həmçinin Azərbaycan cəmiyyəti tolerantdır. Ə.Allahverdiyev bir neçə il əvvəl H.Əliyev məscidində vəhdət namazının qılınmasının dünya üçün bir nümunə olduğunu bildirib.

Daha sonra tanınmış ekspert və ilahiyyatçı-şərqşünas Təyyar Hüseynli çıxış edib. O bildirib ki, İslam həmrəyliyinə nail olmaq üçün ilkin olaraq hər bir şəxs islami dəyərləri təhrif edilmədən mənimsəməli, fanatizmdən uzaq olmalıdır. “Çünki bizim dinimiz fanatizmi inkar edir. Allah tərəfindən Məhəmməd peyğəmbərə nazil edilən ilk ayələr də “oxu” kəlməsi ilə başlayır:  “Oxu” yaradan Rəbbinin adı ilə” -  Təyyar Hüseynli deyib. O daha sonra bildirib ki, indi bilərəkdən müsəlmanlar arasında təfriqə salmağa çalışırlar. Ancaq islam alimləri arasında heç bir təriqət məsələsi yoxdur. Təriqətçilik isə daha çox elmsizlikdən qaynaqlanır. İslam dinində isə elm öyrənməyə çoxsaylı çağırışlar var. Hər bir insan hansı yaşda olursa-olsun elm öyrənməsi üçün heç zaman gec deyil. İslam dininin göstərişinə əsasən insan hətta ölüm ayağına qədər elmin arxasınca getməlidir. “İslamla bağlı məlumatları, bilgiləri alimlərdən alın” - deyən T.Hüseynli tədbir iştirakçılarına tövsiyyəsini də dilə gətirdi.

Ekspert daha sonra Azərbaycanın nümunəsində həm cəmiyyətimizə, həm də bütün dünyaya İslam həmrəyliyinin öz arxasında gizlətdiyi böyük dəyərlərin çatdırılması işlərinin ictimai qurumlar sferasında da görülməsinin gələcəkdə yaxşı nəticələr doğuracağı haqqında da fikirlərini bildirdi.  

Sonda müzakirələr aparıldı və iştirakçıların suallarına cavablar verildi.

 

 Mövzuya dair fotomateriallar:

  

 




Ana səhifəyə qayıt        Baxış: 1 364          Tarix: 19-12-2017, 18:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma