Xəbər lenti

 

Qubada, alma bağında törədilən qətlə görə məhkəmə prosesi keçirilib. Məhkəmədə hadisənin təfərrüatları məlum olub. Qətlə yetirilən şəxs alma bağının sahibi imiş. O, başına daşla aldığı ağır zərbə ilə həyatını itirib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cianyətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Samir Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib. Əvvəlcə qeyd edək ki, ittihama görə, Samir Mahmudov mərhum Eldar Əhmədovun alma bağında işləyirmiş. Bir neçə ildən sonra onlar arasında işə görə mübahisələr başlayıb. Eldar Əhmədov Samiri və onun atasını öz bağından qovub. Amma onlar bununla razılaşmayıb və dəfələrlə mübahisə ediblər. Sonuncu mübahisə zamanı Samir alma bağında Eldar Əhmədova daş atıb. Samir atasının və özünün söyüldüyünü əsas gətirərək Eldar Əhmədova daş atıb, amma birinci daş hədəfdən yan keçib. İkinci daş böyük olub və Eldar Əhmədovun baş nahiyyəsinə dəyib. Samir alma bağını tərk edib və bir neçə dəqiqə sonra E.Əhmədov dünyasını dəyişib.

Samir Mahmudov ittihamla razılaşmır və özünü günahkar bilmir. Deyir ki, E.Əhmədov ağacdan yıxılaraq xəsarət alıb və dünyasını dəyişib.

Məhkəmə prosesində mərhumun xanımı, hüquqi varis kimi tanınan Leyla Əhmədova ifadə verib.

Leyla Əhmədova deyib ki, Samir Mahmudovun atası mərhum yoldaşının bağında işləyib:  “Alma bağımız var idi. Samirin atası yoldaşımdan xahiş elədi ki, bizim bağımıza da baxsınlar. 2015-ci ildə bizim bağda işləməyə başladılar. Samir də gəldi. Bir neçə qohumları da bizim bağda işləyirdi. Onlar bizim bağımıza baxanda yoldaşım onlara hər cür yaxşılıq edib. Bağa baxmaq üçün maşın da vermişdi ki, rahat gedib gəlsinlər. Hətta maşınsız gələndə taksi pullarını da verib.

Ailəsinə hər cür yaxşılıq da etmişik. Bir müddət sonra bu başladı, bizi şantaj eləməyə. Məni də, qızımı da, baldızımı da şantaj elədilər. Bu, bizim şəklimizi çəkirdi. Gedib polisə də demişdi ki, guya yoldaşım bunları bağda işlədib, amma pullarını verməyib. Yoldaşım onları bağdan qovdu, amma çıxmadılar. Polisə müraciət etdik. Bir dəfə də Samir baldızımın oğlunun üstünə bıçaq çəkmişdi. Biz bununla bağlı da polisə məlumat vermişdik. Yoldaşım bunun hərəkətlərindən bezmişdi. Sonra da yoldaşımın səhhəti pisləşdi. Bundan istifadə etməyə başladılar. Bağı ələ keçirmək istəyirdilər. Bir məsələni də deyim ki, mən bu Samiri heç də yaxşı adam kimi tanımırdım”.

Leyla Əhmədova bildirib ki, mərhum əri iş görmək, mal almaq üçün bir neçə dəfə Samir Mahmudova pul da verib. Amma S.Mahmudov işi görməyib.

Təqsirləndirilən Samir Mahmudov zərərçəkmişin ifadəsinə münaisbət bildirərkən deyib ki, Eldar Əhmədovu daşla vurmayıb. O. söyləyib ki, atası zəng edərək onu bağa çağırıb. Bağa gedəndə atası ilə mərhumun mübahisə etdiyini görüb: "Bizi bağdan qovurdu. Atama, ailə üzvlərimə də söyüş söydü. Mən də əsəbləşdim. Dedi ki, sizə mal verməyəcəm. Mən də daş götürüb alma ağaclarına atdım ki, almalar tökülsün. Sonra ordan çıxıb getdim. Bir az keçəndən sonra bacım zəng elədi ki, Eldar ağacdan yıxılıb ölüb. Hadisə şahidləri də belə demişdi. Amma sonra ifadələrini dəyişib deyiblər ki, mənim vurduğum daşla ölüb”.

Məhkəmədə məlum olub ki, mərhum Eldar Əhmədovun ağacdan yıxılması ilə bağlı ilk məlumatı “102”-yə bağda olan şəxslərdən Elxan İsmixanov zəng edərək məlumat verib. Amma araşdırma zamanı E.Əhmədovun başından daşla vurulduğu aydınlaşdırılıb.

Mərhumun bacısı Cəmilə Rzayeva da məhkəmədə şahid qismində ifadə verib. O, hadisənin şahidi olmadığını, amma qardaşı ilə təqsirləndirilən şəxsin münasibətlərini bildiyini deyib.

“Deyirdi ki, qardaşımı öldürəcək. Dəfələrlə bu mübahisələr zamanı qardaşımı hədələyib. Həmin gün qızım mənə zəng elədi ki, Samir axırda dediyini elədi, dayımı öldürdü” - deyən C.Rzayeva mərhumun xanımı ilə eyni məzmunlu ifadə verib.

Hadisənin əsas şahidlərindən Fədail Sadəddinov da məhkəmədə dindirilib. O, deyib ki, mərhum ona zəng edərək bağda işləməyə çağırıb. Sonra bağa gələn Samirin atası onlardan bağı tərk etmələrini istəyib: “Dedi ki, bağdan çıxın. Sonra rəhmətlik Eldar gəldi. O da dedi ki, bağ mənimdir, çıxmayın. Mübahisə elədilər. Sonra Samir gəldi. Bir dəfə daş atanda dəymədi. İkinci dəfə atanda Eldarın başından dəydi. Bizi bağa Eldar çağırmışdı. Bağ onun idi. Almanı biz yığacaqdıq. Orda Elxan da var idi. Elxan polisə zəng edib dedi ki, bir nəfər ağacdan yıxılıb, ölüb”.

Növbəti iclasda hadisənin əsas şahidləri, təqsirləndirilən şəxsin atası və polisə zəng edərək məlumat verən Eldan İsimixanov dindiriləcək.

Qeyd edək ki, Samir Mahmudov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

İlkin Muradov,
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 588          Tarix: 1-04-2018, 15:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma