Xəbər lenti

Ukrayna ona ABŞ tərəfindən verilmiş təkmil antitank raket sistemi “Javelin”in döyüş qüdrətini nümayiş etdirib. Prezident Poroşenko bu hadisəni “yuxuların çin olması” adlandırıb.

Prezident mayın 22-də “Javelin” sisteminin ən sonuncu – üçüncü nəslinin sınaqdan çıxarılması mərasimində deyib: “Nəyahət, həmin gün gəlib çatdı. Sağ olsunlar, onların sayəsində Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artır”.

Azadlıq Radiosu Ukraynaya 37 “Javelin” kompleksinin, iki ehtiyat dəstin və 210 raketin gətirildiyini hələ aprel ayında xəbər vermişdi.

ABŞ Dövlət Departamenti təxmini qiyməti 47 milyon dollar olan bu silahların Ukraynaya verilməsi barədə qərarı mart ayında qəbul edib.

Poroşenko mayın 22-də Ukraynaya verdikləri dəstək üçün prezident Donald Trampa, vitse-prezident Mayk Pensə, müdafiə naziri Ceyms Mettisə, dövlət katibi Mayk Pompeoya şəxsən təşəkkürünü bildirib.

Kiyev və Vaşinqton bəyan ediblər ki, “Javelin” silahları Ukraynanın Rusiya təcüvüzünə qarşı uzunmüddətli müdafiəsini təmin edəcək.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu silahların verilməsi Moskva ilə Vaşinqton arasındakı gərginliyi daha da qızışdıracaq və Kiyevi “məsuliyyətsiz hərbi qərarlara” sövq edəcək.

Poroşenko bir daha vurğulayıb ki, bu silahlar müdafiə xarakteri daşıyır və yalnız Ukrayna qoşunları Rusiya Federasiyasından hücuma məruz qaldıqda istifadə olunacaq.

ABŞ-ın Ukraynadakı xüsusi elçisi Kurt Volker deyib ki, “Javelin” raketləri Ukraynanın Donetsk və Luqansk rayonlarındakı separatçılarla cəbhə xəttindən uzaqda, təhlükəsiz bir yerdə saxlanacaq.

“Javelin” raketlərinin Ukraynaya gətirildiyi ərəfədə – mayın 21-də ATƏT-in bu ölkədəki xüsusi monitorinq missiyası bildirib ki, son bir neçə gün 2015-ci ildə əldə edilmiş sazişdən bu yana ən ağır həftə olub. Bu həftə ərzində dinc əhalinin yaşadığı ərazilər ağır silahlardan atəşə tutulub.

Sınaqdan çəkilmiş videolarda düzənlikdəki tankın “Javelin”lə vurulması görüntülənib. Bu kadrlarda Poroşenko məmnunluqla gülümsəyir. Prezident deyib: “Siz əsgərlərin şad üzlərini görürsünüz. Bu gün bizim yuxularımız gerçək olub. Bu günün simvolik mənası var. Çünki bu, bizim amerikalı tərəfdaşlarla əməkdaşlığımızın simvoludur”.

Azadliq.org

 




Ana səhifəyə qayıt        Baxış: 537          Tarix: 23-05-2018, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma