ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Rusiya təcavüzü ilə mübarizədə yardım etmək üçün Ukraynaya öldürücü silahların verilməsini tövsiyə edib.
Publika.az xəbər verir ki, bu haqda üç Amerika məmuruna istinadən NBC News yazıb.
Məmurların sözlərinə görə, yardım paketinə “Javelin” tank əleyhinə raketlər daxildir. Raketlərin dəyəri təxminən 50 milyon dollar təşkil edir.
Eyni zamanda mənbələr vurğulayıb ki, Ukraynaya silah verilməsi üzrə qəti qərar hələ qəbul edilməyib. Amma, onlar Pentaqonun bunu dəstəklədiyini əlavə ediblər.
Gözlənilir ki, “Javelin” tank əleyhinə raketlər Ukrayna ordusunu daha mobil edəcək, separatçıların daha çox istifadə etdiyi tanklar və digər zirehli texnikaya qarşı yüksək manevr həyata keçirməyə imkan verəcək.
Qeyd edək ki, “Javelin” daşınabilən tank əleyhinə raket kompleksi 1996-cı ildə ABŞ ordusunun silahlanmasına daxil edilib. “Javelin” sonrakı illərdə Litva, Gürcüstan, Çexiya, İrlandiya, Norveç, Böyük Britaniya, Avstraliya, Yeni Zelandiya, İndoneziya, Tayvan, İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Oman, BƏƏ, Qətər, Bəhreyn və Fransa ordularının istifadəsinə verilib. Döyüş sursatı zirehli texnika, həmçinin vertolyotlar və pilotsuz uçuş aparatlarının məhv edilməsi üçün nəzərdə tutulur.
Paylaş: