Xəbər lenti

Şəkidə yol qəzasında yaralananların şəxsiyyəti müəyyənləşib, onlardan ikisi tələbədir.

Şəki Mərkəzi Rayon Xəstəxamasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza nəticəsində daxil olan yaralılar Şəki şəhər sakinləri 1987-ci il təvəllüdlü Seymur Şahid oğlu Məmmədov, 1997-ci il təvəllüdlü Ruslan Aydın oğlu Hacıyev, 1998-ci il təvəllüdlü Elçin Qurban oğlu Qəribov və Ağdaş rayon sakini 1979-cu il təvəllüdlü Anar Rəfayıl oğlu Baxışovdur.

Yaralılardan Ruslan Hacıyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə, Anar Baxışov isə cərrahiyə şöbəsinə yerləşdirilib. Elçin Qəribovun və Seymur Məmmədovun vəziyyəti yüngül olduğundan onlar müayinə edildikdən  sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Yaralılardan Ruslan Hacıyev və Elçin Qəribov Mingəçevirdə fəaliyyət göstərən ali təhsil məktəblərinin birinin tələbələridir. Qəza baş verən zaman xəstəxanaya daxil olan yaralıların hamısı  Şəki-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusunda olublar.

Qəza zamanı avtobusda 20 nəfər sərnişinin olduğu bildirilir.

Qeyd edək ki, sərnişin avtobusu yük maşını ilə toqquşub. Hadisə bu gün 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “İsuzu” markalı, 45-ƏC-475 dövlət nömrə nişanlı sərnişin avtobusu 90 XO 837 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 544          Tarix: 20-06-2018, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma