Xəbər lenti

“Mingəçevirdəki stansiyanın dayanması böyük fəsadlara gətirib çıxarar”.

Bu sözləri energetika sahəsi üzrə mütəxəssis İlham Şaban  “Azərbaycan” İES-in tamamilə ləğv edilməsi barədə səslənən təklifləri musavat.com-a şərh edərkən deyib.  O, bunun qeyri-mümkün olduğunu bildirib:  “Düzdür, orada 8 blokun hamısı eyni vaxtda heç zaman işləməyib. Ən azı 1 blok ehtiyatda saxlanıb. Mənim bildiyimə görə, orada 5 blok işləyib. Təxminən 1625 Mvt gücü olub. Stansiyanın dayandırılması şəraitində bu gücü əvəzləyəcək mənbələr yoxdur ölkədə. Bu baxımdan, əsas çıxış yolu stansiyada əsaslı təmir-bərpa  işlərinin həyata keçirilməsidir. Orada əsas problem qızma halında açılmanı təmin edəcək sistemin, bir də soyutma mexanizminin işləməməsidir. Stansiyanın blokları 10 il əvvəl əsaslı təmir olunub. Avropa Yenidənqurma və İnkişaf Bankından 115 milyon dollar kredit alınıb, təmir işlərini Çin şirkəti həyata keçirib. 8 blokun hamısı təmir olunub”.

Ekspert deyir ki, Azərbaycanda 6,5 min Mvt generasiya gücü var: “Pik zamanlarda istehlak heç zaman 5 min Mvt-ı keçməyib. Yəni Azərbaycanda yeni generasiya gücünün yaradılmasına ehtiyac yoxdur. Lakin çox maraqlıdır ki, prezidenti yeni güclərə ehtiyacın olduğuna inandıra biliblər. Ötən həftə büdcəyə dəyişiklik olundu, 300 Mvt-lıq yeni stansiyanın tikintisi üçün ”Azərenerji”yə ilkin olaraq 81 milyon manat ayrıldı. Təsəvvür edin ki, 7 ildir “Azərenerji” Şimal DRES-də 400 Mvt-luq ikinci istilik elektrik stansiyasını başa çatdıra bilmir”.

İ.Şaban deyir ki, Azərbaycanda əsas problem enerji sistemindəki idarəetmədədir: “Mingəçevirdəki SES, İES və Varvara SES sovet dövründə Gürcüstan və Azərbaycanın böyük metallurgiya kombinatlarının təchizatı üçün yaradılmışdı. Bakının təchizatı isə Rusiyadan həyata keçirilirdi. Müstəqillik əldə olunduqdan sonra bizimkilər Mingəçevirdən yüksək gərginlikli xətlər çəkərək bütün ölkəni bağladılar Mingəçevirə. Təsəvvür edin ki, Bakıda, Sumqayıtda qurulan yeni stansiyaların istehsal etdiyi enerjinin paylanması Mingəçevir üzərindən həyata keçirilir. Halbuki müasir idarəetmə proqramları var ki, qəza baş verən gücləri avtomatik sistemdən ayırır, başqa güclərdən təchizatı təmin edir. Yəni qəza olarkən istehlakçıların əhəmiyyətlilik dərəcəsinə görə şəbəkədən ayrılması həyata keçirilir. Bizdə bu sistem olmadığına görə bütün istehlakçıların təchizatı eyni anda dayanır. Ola bilsin ki, belə sistemin qurulması üçün vəsait ayrılıb, amma işlər qaydasında aparılmayıb deyə işləmədi. Bu hadisələr göstərdi ki, ”Azərenerji” bütün bu illər ərzində aldığı 6,5 milyard manatlıq investisiyanı yalnız yeni istehsal güclərinin yaradılmasına yönəldib. İllər boyu yandırdığı qazın, mazutun pulunu belə verməyiblər, SOSAR-a olan 1 milyard manatdan yuxarı borcu dövlət büdcəsinin hesabına silinib. Bu qədər güzəştlərin qarşılığında baş verənlər, sadəcə, biabırçılıqdır”.

Ekspert hesab edir ki, “Azərenerji” tam və ya qismən özəlləşdirilməlidir: “Müasir idarəetmə sisteminin qurulması üçün 1 milyard manat vəsait lazımdır. Bu vəsaiti əldə etmək üçün ”Azərenerji”nin heç olmasa bir hissəsi özəlləşdirilməlidir. Yəni bu şirkət dövlətin boynunda oturmamalı, dövlətə xeyir gətirməlidir. Bundan əlavə, paylayıcı şəbəkə də özəlləşdirilməli, bu sahədə rəqabətli mühit yaradılmalıdır”.

 




Ana səhifəyə qayıt        Baxış: 552          Tarix: 6-07-2018, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma