“Bizim ölkəmizdə yaşayan hər əcnəbinin, o cümlədən diplomatın təhlükəsizliyini təmin etmək ən başlıca vəzifələrimizdən biridir. Hamı bilməlidir ki, bu ölkədə hər hansı qanunsuzluğa və yanlışlığa imkan verilməyəcək”.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.
Parlament sədri ABŞ-ın Ankaradakı səfirliyinin atəşə tutulmasını şiddətlə qınadıqlarını bildirib və əlavə edib ki, həmin hadisənin iki ölkə arasında baş verən gərginliklə hər hansı bir əlaqəsi yoxdur: “Hansısa ölkə ilə münasibətlərimizin necə olmasından aslı olmayaraq, Türkiyə dövləti ölkədəki xarici missiya və səfirliklərin təhlükəsizliyini tam təmin edir”.
Xatırladaq ki, avqustun 20-də səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyini iki türk vətəndaşı atəşə tutub. Hadisədən dərhal sonra Türkiyə hüquq-mühafizə orqanları operativ əməliyyat həyata keçirərək, hər iki şəxsi həbs edib. Hazırda həmin şəxslərin bu hadisəni niyə törətmələri ilə yanaşı, bütün bağlantıları araşdırılır.
Paylaş: