BMT Səhiyyə Təşkilatının açıqladığı hesabata görə, avropalılar daha çox yaşamalarına baxmayaraq, zərərli vərdişlərindən əl çəkə bilmirlər.
Hesabatda siqaret, alkoqol və kökəlmənin avropalıların ən böyük problemi olduğu göstərilir. Hesabatda Azərbaycan və Türkiyə Avropada spirtli içkilərdən ən az istifadə edən ölkələr kimi qeyd edilib.
Avropa qitəsi ilə Qafqaz və Orta Asiya regionunun da daxil olduğu 53 ölkəni əhatə edən hesabatda almanların ən böyük zərərli vərdişinin spirtli içkilərdən çox istifadə olduğu göstərilir.
Almaniya xəbər agentliyi "dpa”nın suallarına cavab verən BMT Səhiyyə Təşkilatı eksperti Klaudiya Şteyn 15 yaşdan yuxarı avropalıların ildə adam başına orta hesabla 8,6 litr təmiz spirt qəbul etdiklərini, Almaniyada isə bu miqdarın 11 litrə çıxdığını deyib.
Spirtli içki içmə vərdişinə görə, Avropada ildə 15,2 litrlə Litva liderlik edir. Spirtli içkidən istifadənin getdikcə azaldığı Rusiyada (10,1 litr) yol qəzalarının sayında da azalma qeydə alınıb.
İl ərzində adam başına 2,0 litr spirt istehlak edən Türkiyə isə spirtli içkilərdən ən az istifadə edən ölkələr arasında siyahıda Azərbaycandan sonra ikincidir.
Avropanın həyat səviyyəsinin ən yüksək olduğu ölkələri isə İsveçrə və Lüksemburqdur. Bu iki ölkədə orta yaş həddi 83 ilə çatır. Almaniyada dünyaya gələn qız və oğlan uşaqlarını orta hesabla 81 illik ömür gözləyir. Orta yaş həddi Avropadan yüksək olan Türkiyədə anadan olan şəxs 78 yaşına qədər yaşaya bilir.
Avropada yaşayanların yarıdan çoxu kök sayılır. Artıq çəkililərin sayı isə getdikcə artır. Köklərin əksəriyyətini kişilər təşkil etsə də, piylənmədən əziyyət çəkənlər arasında qadınlar çoxluq təşkil edir.
Almaniyada yaşayan uşaqlarda piylənmənin geniş vüsət alması hesabatda təşviş verici hal kimi qeyd olunur.
Qeyd edək ki, Tacikistan, Özbəkistan və Türkmənistan kimi ölkələrin də daxil olduğu Avropa regionunda yaşayan 900 milyon nəfər əhalini əhatə edən səhiyyə hesabatı üç ildə bir dərc olunur. \\Sfera.az
Paylaş: