Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası davam edir.
Trend-in məlumatına görə, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, saat 10:30-a respublika üzrə 1233 nəfər aksiyalarda iştirak edərək qan verib. İndiyədək 554 litr qan toplanıb.
Qanvermə aksiyası gün ərzində davam etdiriləcək.
Qeyd edək ki, aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası, “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı), 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas məscidi”, Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”, Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı”, “İçərişəhər Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur məscidi”, Yasamal rayonu “Təzəpir məscidi”, “Hacı Soltanəli məscidi”, regionlar üzrə isə Gəncə şəhəri “İmamzadə kompleksi”, Lənkəran şəhəri “Böyük bazar məscidi”, Mingəçevir şəhəri “Heydər məscidi”, Sumqayıt şəhər “Cümə məscidi”, Şəki şəhəri “İmam Əli məscidi”, Mərkəzi Qan bankının Şırvan bölməsi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı), Cəlilabad Mərkəzi rayon xəstəxanası, Xaçmaz şəhər məscidi, Ağsu rayon mərkəzi xəstəxanası, Qan bankının Quba bölgəsi və Masallı şəhər Cümə məscidində təşkil olunub.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Paylaş: