Xəbər lenti

Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə daha bir yenilik tətbiq ediləcək.

Strateq.az Bakı Nəqliyyat Agentliyinə istinadən bildirir ki, agentliyin mütəxəssislərinin hazırladığı layihəyə əsasən, yol kəsişmələrində sarı kəsişmə torunun təşkilinə başlanılıb. Pilot layihə olaraq, ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil ediləcək. Sonrakı mərhələdə isə sarı kəsişmə torunun şəhər mərkəzini əhatə edən, eyni zamanda, tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub:

“Məlumat üçün bildirək ki, sarı kəsişmə toru yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar, adətən, iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğın söndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir.

Sarı kəsişmə toru yollarda nəqliyyat axınının fasiləsizliyini təmin etməyə və ləngimələri azaltmağa xidmət etməklə yanaşı, insanlara yol hərəkəti qaydalarına daha ciddi riayət etməyə və lazımsız cərimələrdən yayınmağa yardım edir.

Bu nişanlanma yolayrıcında hərəkət hissələrinin kəsişmə yerinin (yerlərinin) konfiqurasiyasına uyğun olaraq sarı haşiyə daxilində xətlərdən ibarət xanalar şəklində tətbiq olunur. Nəqliyyat vasitəsi sarı kəsişmə toruna o vaxt daxil ola bilər ki, onun çıxışı açıq olsun və sarı qutunu dayanmadan tərk etmək üçün torun digər tərəfində kifayət qədər yer olsun. Sola dönmə əməliyyatını həyata keçirərkən qarşıdan gələn nəqliyyat vasitəsinə mane olmamaq şərtilə sarı qutunun içərisində dayanmaq olar.

Sarı kəsişmə toru 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir.

Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Hal-hazırda qeyd edilən nişanlanmanın Azərbaycan Respublikasında qüvvədə olan müvafiq normativ aktlara əlavə edilməsi üçün təklif layihəsi BNA tərəfindən aidiyyəti qurumlara göndərilmişdir”.

 




Ana səhifəyə qayıt        Baxış: 664          Tarix: 6-10-2018, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma