Hər kəs unikal səsilə doğulur. Kim olmağınızın fərqi yoxdur – çərənçi, müğənni, əla oğlan – səsiniz təkrarsızdır. Bəs hər insanın malik olduğu bu ecazkar üsul barədə nə bilirsiniz?
BBC-nin Elmi proqramı “The Curious Cases of Rutherford & Fry” bu məsələni araşdırıb və bəzi maraqlı faktlar əldə edib:
1. Sizin anadangəlmə ləhcəniz var
Körpələr valideyinlərinin ləhcəsini hələ ana bətnində olarkən mənimsəməyə başlayırlar. Tədqiqatçılar Fransa və Almaniyada yeni doğulan körpələri müşahidə edərək müəyyən ediblər ki, körpələrin ağlama səsi onların ana dilinin vəznini təkrarlayır. Araşdırmaçılar təyin ediblər ki, bu xüsusiyyət əsasında körpələri onların ağlama səsinə uyğun olaraq müvafiq ölkələrə ayırmaq mümkündür.
2. Boğazınızdakı səs aparatında nə baş verir?
Səsinizin əmələ gəlmə prosesi döş qəfəsinizdən başlanır – nəfəs aldığınız havanı boğazınızdakı səs qurğusuna göndərdiyiniz zamandan. Səs tellərindən hava axını keçəndə tellər titrəməyə başlayır, nəticədə cingiltili səs yaranır. Bundan sonra çənə, dil və damağınızın yumşaq hissəsi hərəkətə gəlməklə səsinizi formalaşdırır.
3. Niyə səsiniz qalınlaşır?
Oğlanlarda yeniyetmə yaşlarında səs yoğunlaşır – çünki kişilərdə boğazın səs şöbəsi həmin dövrdə aşağı enir, boğazlarında xirtdək əmələ gəlir. Səs şöbəsilə ağız arasında məsafə uzanır, nəticədə kişilərin səsi daha yoğun çıxır. Qadınlarda da oxşar proses, amma daha zəif şəkildə, menopauza dövründə olur, nəticədə onların səsi bir qədər yoğunlaşır.
4. Səsinizi xoşladığınız adamların səsinə oxşatmağa çalışırsınız
Kimisə çox istəyirsinizsə, səsinizi də həmin adamın səsinə uyğun dəyişdirirsiniz. Odur ki, kişinin xoşuna bir qadın gəlirsə, onunla söhbətləşəndə kişi öz səsini qadının səsinə uyğunlaşdırmağa, naziltməyə çalışır.
5. Səsiniz yellənməyə başlayır
İnsan yaşa dolduqca əzələləri, səs telləri boşalır, nəticədə yaşlı insan danışanda səs aparatından hava kənara sızır və danışıq səsinə nəfəs səsi də qarışır. Eyni zamanda uzun cümlələrlə də danışmaq mümkün olmur, çünki nəfəs çatmır. Yaşlaşanda əzələlər boşaldığından səsiniz yenidən incələ bilər.
6. Səsiniz uzun zaman gənc qalır
Əgər kiminsə yaşını yalnız onun səsilə müəyyən etmək istəyirsinizsə, bir çox hallarda səsini dinlədiyiniz adama olduğundan daha az yaş verəcəksiniz.
7. Səsinizin gümrah çıxmasını necə təmin etməli?
Yaşa dolduqca bədəniniz kimi səsinizin də tellərini sağlam saxlamaq üçün vaxtaşırı məşq etdirməlisiniz. Səs tellərinizi məşq etdirmək, dartışdırmaq üçün mahnılar oxumağa cəhd edin. Daha bir variant xora yazılmaq ola bilər – həm səsiniz qaydasında olacaq, həm də əylənəcək, insanlarla ünsiyyətdə olacaqsınız.
(BBC Azərbaycanca)
Paylaş: