Azərbaycanda kərə yağı ən çox istifadə olunan məhsullardandır.
Statistik rəqəmlərə nəzər salsaq, məlum olur ki, kərə yağı xalqımızın ən çox yediyi on məhsuldan biridir. Hazırda ölkədə fəaliyyət göstərən marketlərdə 40-dan çox çeşiddə kərə yağı satılır.
Bəs kərə yağının tərkibinin təmiz olduğunu necə anlamaq olar?
Kərə yağı təbii süddən alındığı üçün ilk növbədə onun saxlama müddətinə diqqət etmək vacibdir.
Təbii süd məhsulları tez xarab olduğundan yağın da saxlama müddəti az olmalıdır.
Marketlərdə təmiz kərə yağı alan zaman ilk öncə rənginə diqqət edin. Təmiz kərə yağı nə kəskin sarı olmalıdır, nə də kəskin ağ. Parlaq sarı rəng göz aldatmaq üçün vurulan boyadan xəbər verir. Yağın rəngi mütləq bərabər olmalıdır. Dəyişən rənglər kərə yağına məxsus deyil. Əgər aldığınız yağ elədirsə, demək, saxtadır.
Təmiz kərə yağı öz formasını saxlayır və bərk olur. Büküldüyü kağıza və bıçağa yapışmır. Xalis kərə yağı tez yumşalmır. İsti tavaya atılmış kərə yağı yavaş-yavaş əriyir. Əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir. Həmçinin, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır.
Təmiz kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi yaxılır.
Əsl kərə yağının tərkibindəki yağın həcmi 82%-dən az olmamalıdır.
İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən deyilir ki, yağın keyfiyyətinin qorunması üçün onun qablaşdırılması və daşınmasının böyük əhəmiyyəti var.
Belə ki, hazırlanmış tara əvvəlcədən doymuş duz məhlulu ilə isladılmış perqament kağızı ilə örtülməlidir. Hava boşluqlarının qalmaması üçün yağ sıx yığılmalıdır. Pərakəndə satış üçün yağ perqament, yaxud folqaya bükülərək, xırda çəkilərlə qablaşdırıla bilər. Yağ ancaq avtosoyuducularda 4-5ºC-də daşınmalıdır.
Spesifik qoxusu olan məhsullarla birlikdə, eləcə də, sanitar-gigiyenik tələblərə cavab verməyən nəqliyyat vasitələrində yağın daşınması qadağandır. Ticarət şəbəkələrinə yağ 10ºC-dən çox olmayan temperaturda daşınmalıdır. Anbarlarda isə yağ -2+2ºC-də 10-15 gün müddətində saxlanıla bilər. Ticarət şəbəkələrində isə yağ adətən 8ºC və daha yüksək temperaturda saxlanılır.
Eyni zamanda, yağdan istifadə təkcə onu istehlak etməklə bitmir, onun düzgün şəkildə saxlanılmasının da mühüm əhəmiyyəti var. Mənfi 18ºC temperaturda duzsuz yağı 12, duzlu yağı isə 7 ay saxlamaq olar.
Mənfi 12ºC temperaturda isə bu göstəricilər müvafiq olaraq doqquz və altı aydır. Xırda qablarda qablaşdırılmış yağ mənfi 18ºC-də bir aydan çox olmayan müddətdə, əridilmiş yağ mənfi 3-8ºC temperaturda bir ilə qədər saxlanıla bilər. \\Oxu.Az
Paylaş: