Xəbər lenti

Gəncə hadisələri ilə bağlı daha bir qrup - Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin barəsində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Nemət Heydərliyə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən şəxslərin isə cəzaları azaldılıb.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərə 6 ildən 8 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə ittiham ediliblər.

2018-ci il iyulun 10-da Gəncə şəhərində radikal dini yönümlü bir qrup şəxs tərəfindən ictimai asayişin pozulmasına yönələn zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi, o cümlədən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, iki polis zabitinin qəsdən öldürülməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar törədilməsinə görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanılaraq istintaq aparılır.

Ötən müddətdə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Maarif Hacıyevin və Xəyal Qafarovun, onlarla eyni cinayətkar niyyətləri və radikal dini baxışları bölüşən Şahlar Rzayev, Rəşad Böyükkişiyev, Kamal Quliyev və digər şəxslərlə cinayət əlaqəsinə girib sosial şəbəkələrdə, şəxsi görüş və söhbətlərdə zorakılıqlara və kütləvi iğtişaşlara çağırış xarakterli məlumatlar yaymaları, bu məqsədlə insanları iyulun 10-da saat 20.00 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydana toplamaq barədə çağırışlar yaymalarına əsaslı şübhələr müəyyən edilib.

Xatırladaq ki, ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açılaraq müxtəlif dərəcəli bədən əsarətləri yetirilib.

Hüquq-mühafizə orqanlarının birgə məlumatında başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirildiyi, əvvəlcədən planlaşdırılmış terror aktı olduğu qeyd edilib.

Bundan sonra iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Bu cinayət işləri üzrə təqsirli bilinən şəxslər həbs edilib və onların barələrində ayrı-ayrı icraatlarda istintaq hərəkətləri aparılır.

Rəsmi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində isə həbsli axtarış elan olunub.

Həmin cinayət işinin materiallarından 51 şəxs barəsində 6 cinayət işi ayrıca icraata ayrılaraq aidiyyəti üzrə baxılmaları üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Ana səhifəyə qayıt        Baxış: 370          Tarix: 30-08-2019, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma