Xəbər lenti

Xəbər verildiyi kimi Brüsseldə mənzillənmiş Beynəlxalq Böhran Qrupu Qarabağ münaqişəsinə dair növbəti irihəcmli hesabatını yayıb. Təşkilatın analitikləri hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında irimiqyaslı müharibənin başlanması heç vaxt olmayan qədər yaxındır.

Virtualaz.org xəbər verir ki, münaqişə ətrafındakı siyasi vəziyyəti, beynəlxalq diplomatik səyləri və mümkün hərbi ssenarini təhlil edən analitiklər 2016-cı ilin aprel döyüşlərindən sonra danışıqların dayandırıldığını, yeni irimiqyaslı müharibə riskinin isə durmadan artdığını bildirirlər.

“Hər iki tərəfdən alınan məlumatlar göstərir ki, eskalasiyanın yeni dalğası artıq başlayıb və bütün təms xətti boyu şiddətlənməkdədir. 2017-ci il yanvarın ortalarından etibarən qumbaraatanların və artilleriyanın iştirakı ilə atışmalar intensivləşməkdədir. Havaların isinməsi isə tərəfləə öz hərbi taktikalarını sınaqdan keçirməyə, o cümlədən sıx meşəlik ərazilərdə diversiya həmlələri həyata keçirməyə və regionun nisbətən asan keçilən vadiləri boyu ağır hərbi texnikanı işə salmağa imkan verir”-hesabatda deyilir.

Sənəddə qeyd olunur ki, aprel döyüşlərindən sonra erməni tərəfi öz səngərlərini möhkəmləndirir, eyni zamanda hər iki tərəf yeni silahlar alıb, müşahidə və rabitə sistemini yaxşılaşdırıb.

Hər iki tərəf 2017-ci ilin yay-payız mövsümünü hərbi əməliyyatların fəallaşması baxımından kritik dövr kimi görür. Erməni tərəfi Azərbaycan cəmiyyətinin işğal edilmiş ərazilər üzərində nəzarətin hərbi yolla geri qaytarılmasına dair getdikcə artan gözləntilərinə istinad edir. Bakı isə xəbərdar edir ki, İrəvan ötən ilin aprelində itirdiyi mövqeləri geri almaq üçün hərbi əməliyyatlara başlaya bilər. Liderlər görüşməkdən imtina edir və tərəflərin hərbi komandirləri arasında hətta itkin düşənlər məsələsində təmaslar uzun müddətdir ki, mövcud deyil. Belə vəziyyətdə təmas xəttində baş verə biləcək hansısa insident irimiqyaslı toqquşmalara gətirib çıxara bilərdi.

Hesabatda deyilir ki, aprel ekslalasiyasından sonra ermənilər təmas xətti boyu mövqelərini möhkəmləndiriblər və yeni müşahidə sistemləri quraşdırıblar. Bu tədbirlər erməni hərbçilərində inamı möhkəmləndirib ki, onlar azərbaycanlıların qəfil hücumunun qarşısını ala bilərlər. “Eyni zamanda qışın sonlarına doğru Dağlıq Qarabağın de-fakto rəhbərliyi daxilində belə konsensus meydana çıxıb ki, azərbaycanlılar yenidən hücum etsə onlar nəinki öz mövqelərini qoruyub saxlamalıdır, eyni zamanda təmas xəttindən daha 15 kilometr içərilərə doğru irəliləyib yeni ərazilər tutmalıdır. Ermənilərin fikrincə bu, yeni bufer zonası yaratmağa və düşməni danışıqlara məcbur etməyə imkan verəcək”-hesabatda deyilir.

Lakin hesabat müəllifləri qeyd edirlər ki, Azərbaycanın aprel uğurları orduya inamı möhkəmləndirib və Bakını hərbi yolla işğal edilmiş ərazilərin ən azından bir hissəsinə nəzarəti geri qaytarmağın mümkünlüyünə inandırıb. “O vaxtdan bəri Azərbaycan hərbi xərclərini daha da artırıb, yeni silahlar alıb və öz ordusunun peşəkarlığını yüksəldib. Son illərdə Azərbaycan əsasən Rusiyadan, eyni zamanda İsrail, Pakistan, Türkiyə və digər ölkələrdən yeni silahlar, hərbi texnika alıb. Azərbaycan ordusu apreldə tutduğu iki strateji mövqe arasında sürətlə yeni tranşeylər qazıb, bu mövqelərə daha irimiqyaslı eskalasiya halında taktiki üstünlük qazandırıb”-Beynəlxalq Böhran Qrupu bildirir.

Hesabata əsasən Azərbaycanın ötən ilin aprelində şimal-şərq istiqamətində tutduğu mövqelər ona həmin rayonda ən iri yaşayış məntəqəsi olan Talış kəndinə nəzarət etməyə imkan verir. Habelə bu mövqelər sayəsində ermənilərin sıx yaşadığı Ağdərəyə aparan dağ vadisi üzərində strateji üstünlüklər əldə edib. “Eləcə də cənub istiqamətində tutulan Lələtəpə yüksəkliyi Azərbaycana Dağlıq Qarabağın cənubu və cənub-şərqi boyu Hadrud və Martuni (Xocavənd) də daxil olmaqla strateji perspektivlər təmin edir”-hesabatda göstərilir.

Bununla belə analitiklər qeyd edirlər ki, tammiqyaslı müharibə nə Ermənistanın, nə Azərbaycanın maraqlarına uyğun deyil. Hər iki tərəfin əlində ballistik raketlər var və onlar eskalasiyanın dərinləşməsi halında bir-birlərinin ərazisinin dərinliklərindəki mülki, iqtisadi və hərbi hədəflərə tuşlana bilər. Digər tərəfdən münaqişənin böyüməsi halında Rusiya və Türkiyənin də bura cəlb olunması riski var.

Bəs hərbi əməliyyatlar başlasa hansı taktika üzrə cərəyan edə bilər? Beynəlxalq Böhran Qrupu bildirir ki, Dağlıq Qarabağın ərazisinin əsas hissəsi hərbi əməliyyatlar üçün əlverişli deyil. Şimal tərəfdən ərazilər Murovdağ silsiləsi ilə əhatələnib. Hərbi əməliyyatlar zamanı döyüşlər Ağdərədən İran sərhədlərinə qədər olan 150 kilometrlik xətt üzrə gedə bilərdi. Lakin mövqe döyüşləri bütün 200 kilometrlik təmas xətti boyu gedəcək. Relyefi nəzərə alanda tərəflərin heç biri artilleriya baxımından taktiki üstünlüyə malik deyil. Hər iki tərəf əsasən Rusiyadan alınan artilleriya sistemlərini istifadə edir, bununla belə Azərbaycan başqa ölkələrdən də belə sistemlər alaraq öz silahlanmasını şaxələndirib.

Hərbi əməliyyatlar başlasa tərəflər mövqe döyüşlərindən başqa mümkün olan yerlərdə piyada qüvvələrinin və zirehli texnikanın, habelə hərbi-hava qüvvələrinin dəstəyindən istifadə edə bilərlər. Bu isə itkiləri artıracaq.

“Erməni ekspertləri Azərbaycanın silahlar sahəsində dəqiq texniki və say üstünlüyünü etiraf edir. Habelə azərbaycanlıların say üstünlüyü var. Azərbaycan əhalisi son illərdə sürətlə artıb və Ermənistanla Dağlıq Qarabağın erməni əhalisindən dörd dəfə yarım çoxdur. Ermənilər isə quru qoşunlarının istifadə oluna biləcəyi istiqamətlərdə mövqe üstünlüklərinin olduğunu deyirlər. Təmas xəttinin 150 kilometrlik şimal-şərq istiqamətindəki vadi boyu Azərbaycan qoşunlarının irəliləməsini bir sıra yüksəkliklərdəki erməni mövqeləri çətinləşdirir. Eləcə də ermənilər itirdikləri mövqeləri geri almaq istəsələr analoji çətinliklərlə üzləşəcəklər”-hesabatda deyilir.

Strateji baxımdan hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edən cənub-şərq iqtiqaməti isə fərqlidir. Bu istiqamətdə ağır hərbi texnikanın istifadəsi asanlaşır. Ermənilərin əsas yaşayış məntəqələrinə aparan yollar həmin vadilərdən, o cümlədən Ağdamdan keçir. “Həmin vadilərə nəzarəti itirsə ermənilər ballistik raketləri işə sala bilər. Azərbaycan isə dərhal eyni cür cavab verəcək, onun raketləri Ermənistanla sərhəd Naxçıvan bölgəsində cəmləşdirilib”-analitiklər hesab edir.

Lakin hesabatda o da deyilir ki, strateji üstünlüklərinə baxmayaraq cəbhənin Ağdam istiqamətində Azərbaycanın yaşayış məntəqələri təmas xəttinə çox yaxındır və irimiqyaslı hərbi əməliyyatlar zamanı mülki əhali arasında itkilər çox ola bilər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 099          Tarix: 2-06-2017, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma