Bakıda dostunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Elvin Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Elvin Həmzəyev 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxs barəsində təyin olunan tibbi xarakterli məcburi müalicənin ləğvini və onun həbsini tələb edib.
Zərərçəkmişin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri müəyyən olunub.
Məhkəmə baxışı oktyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, İmişli rayon sakini Elvin Həmzəyev Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, 2018-ci il noyabrın 27-də Nərimanov rayonu ərazisində münaqişə zəminində dostu, Astara rayon sakini Tural Tarverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinib.
İstintaq orqanında Elvin Həmzəyevə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. \\Teleqraf.com
Paylaş: