Xəbər lenti

Azərbaycan ən böyük və strateji rayonunun işğal olunması ilə nələri itirmişdi, azad olunması ilə nələri qazanır?

Bu gün 25 noyabrdır. Noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcər rayonunun Ermənistanın işğalından azad olunduğu gün kimi düşdü. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədilər. Bu gün həmin vaxt başa çatdı.
1936 kvadratkilometr ərazisi, 60 min əhalisi, 145 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi. 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3700 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi.
Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq 1993-cü il aprelin 2-də oranı işğal etdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. O vaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.
Azərbaycanın ərazi etibarilə  ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın “qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3700 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Ermənistanla böyük sərhədi olan Kəlbəcər Azərbaycan üçün çox ciddi strateji əhəmiyyət daşıyır. Strateji əhəmiyyət daşıyan bu rayonun işğalı Azərbaycana baha başa gəlmişdi. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi.
27 ildən artıqdır Kəlbəcər rayonundan olan məcburi köçkünlər Azərbaycanın 44 rayon və şəhərində, o cümlədən Bakıda, Sumqayıtda və Gəncədə məskunlaşıblar.

Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alır.
Kəlbəcərin bu sərvətləri, heyvandarlıq və turizm üçün də unikal imkanlara malik olması işğaldan sonra ermənilərin bu rayonda daha çox qanunsuz məskunlaşmasının səbəblərindən biridir. İşğaldan sonra ən çox erməni əhalinin qanunsuz məskunlaşdırıldığı rayonun məhz Kəlbəcər olduğu son 15 gündə ermənilərin bu rayondan çıxarıldığı zaman ortaya çıxdı. İşğaldan öncə Kəlbəcərdə bir dənə də olsun erməni ailə yaşamırdı.
Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər.
1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası Kəlbəcər rayonunun qeyd-şərtsiz azad edilməsi, erməni qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul edib. Lakin Ermənistan həmin qətnamələri yerinə yetirməyib. BMT kimi dünyanın ən böyük beynəlxalq qurumu isə verdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana heç bir təzyiq etmirdi. İşğalçı Ermənistan isə bundan istifadə edərək daha bir məkrli niyyətini - Kəlbəcərdə erməni əhalinin məskunlaşdırılmasını həyata keçirirdi. Ermənistan həm öz vətəndaşlarını, həm də Suriyadan köç edən erməniləri Kəlbəcər rayonunda məskunlaşdırmışdılar. Eyni zamanda Ermənistan Rusiyanın bəzi şirkətlərini Kəlbəcərin dünyaca məşhur olan təbii sərvətlərini - müalicəvi əhəmiyyətli istisuyu, civə və qızıl yatağını işləməyə cəlb etmişdi. Kəlbəcərin təbii sərvətləri həm də bu şəkildə talan edilirdi. Bütün bunlara Azərbaycan Ordusunun  44 günlük Vətən müharibəsi son qoymuş oldu. Ermənistan məğlub oldu və Kəlbəcərdən çıxmağa məcburi razılıq verdi.

Kəlbəcərin deputatı Aqil Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 27 illik həsrətə son qoyulur: “27 ildən artıq bir müddətdə məcburi köçkün yaşayan 80 minə yaxın əhalinin köçkünlüyünə son qoyulur. Doğma Kəlbəcərin azad olunmasını yaşamağın sevincini sözlərlə ifadə etmək çətindir. Torpaq həsrəti ən ağır dərddir. Cənab Ali Baş Komandanımız İlham Əliyevin Kəlbəcərin azad olunduğunu elan etdiyi anı səbirsizliklə gözləyirik.
Torpaqlarımızı azad edən Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah Vətən uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin. Onların qarşısında baş əyirik.
Kəlbəcər coğrafi mövqeyinə görə çox əhəmiyyətli bölgədir. Kəlbəcər həm də yeraltı, yerüstü sərvətlərinə görə çox mühüm əhəmiyyət kəsb eləyən rayondur. Orada təxminən 70-dən artıq mineral yataqlar var. Dünyanın ən qiymətli mineralları bu rayonun ərazisindədir. 500-ə yaxın mineral su yatağı olan yeganə rayon da məhz Kəlbəcərdir. İnşallah, Kəlbəcər qısa zamanda işğaldan əvvəlki dövrdəkindən də inkişaf etmiş rayona çevriləcək. Azərbaycanın Prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş rayonlarımızın hər birinin ən müasir şəkildə qurulacağını, inkişaf etdiriləcəyini bəyan edib. Biz kəlbəcərlilər buna əminik. Prezidentimiz nəyi deyirsə həyata keçir. Kəlbəcər də yenidən qurulacaq və Azərbaycanın ən inkişaf etmiş rayonlarından biri olacaq. Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir. Kəlbəcərdə aşağıdakıları etmək kifayətdir ki, həm rayonun əhalisinin məşğulluğu, dolanışığı təmin edilsin, həm də ölkə iqtisadiyyatına əlavə resurslar cəmləşmiş olsun:

Sağlamlıq turizmi (Sanatoriyalar)
Dağ - aktiv turizmi (dağ yolları, kanatlar, dağ paraşüt, dağ evləri, ov yerləri, yaylaq festivalları)
Qış turizmi (xizək yolları)
Heyvandarlıq
Mineral su istehsalı
Bal istehsalı
Mədən sənayesi
Elektrik enerjisi istehsalı
Yeyinti sənayesi
Əzcaçılıq sənayesi-dərman bitkiləri
Yüngül sənaye (Yun Emalı, Dəri Emalı, Xəz Emalı).
Bu siyahını daha uzatmaq mümkündür. Bütün sadalananların həyata keçirilməsi üçün Kəlbəcərin ərazisində unikal imkanlar var. Kəlbəcər əhalisi öz yurdlarına döndükdən sonra bu rayonun sürətli iqtisadi sıçrayış yaşayacağına əminəm. Kəlbəər Azərbaycanın ən böyük turizm rayonu olacaq".
Deputat vurğuladı ki, Kəlbəcərin azad olunması ilə Azərbaycan Ermənistanla çox geniş ərazidə dövlət sərhədini də bərpa etmiş olur. Bu, çox ciddi əhəmiyyət daşıyan məsələdir.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 959          Tarix: 25-11-2020, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma