Xəbər lenti

 
Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin müavinləri görüşüblər.
 
Ovqat.com Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən baş tutan görüşdə Azərbaycanı Xələf Xələfov Rusiyanı isə Andrey Rudenko təmsil edib.
 
Görüş zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər.
 
"Söhbət, ölkələr arasındakı strateji tərəfdaşlıq münasibətlərinə aid olan ənənəvi konstruktiv və mehriban şəraitdə keçib", - Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir.
 
Görüşün təfərrüatı tam açıqlanmasa da, rəsmilərin əsas diqqətinin Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması məsələsinə yönəltdikləri təxmin edilir. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin ötən ayın 12-də Moskvada keçirilən görüşündən əvvəl İrəvan Naxçıvan dəhlizinin açılması üçün atəşkəs sazişindən sonra Xocavəndin Çaylaqqala kəndində yaxalanmış erməni əsirlərinin azad olunması şərtini irəli sürürdü. Azərbaycan tərəfi isə atəşkəs sazişinin bu şəxslərə şamil oluna bilməyəcəyi  və onların əsir yox, terrorçu kateqoriyasına girdiyi arqumentinə söykənib tələbi rədd edirdi. Məlumata görə, 4 saat çəkən Moskva görüşünün 3 saatı bu məsələnin müzakirəsinə həsr olunsa da, razılıq əldə olunmamışdı. Nəticədə görüşün yekunlarına dair Bəyannaməyə yalnız kommunikasiya əlaqələrinin açılması məsələsi salınmışdı. 


 
Di gəl ki, ötən gün Ermənistan media orqanlarında daha 5 əsirin İrəvana təhvil verildiyini və onlardan 3-nün Çaylaqqalada yaxalanan erməni silahlıları olduğu vurğulanırdı. Ermənilər isə bunun əvəzinə bizə 1 əsir qaytarmışdılar.
 
Maraqlıdır ki, Xələf Xələfovun Moskva səfərindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın da bu gün Moskvaya getməsi gözlənilir. Onun bu səfəri əvvəlcədən planlaşdırılmadığından təcili xarakter daşıyır.
 
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 4 840          Tarix: 10-02-2021, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma