Xəbər lenti

 
Bu gün ABŞ prezidenti Cozef Bayden 1915-ci ildə baş verən Türk-erməni toqquşmalarını “erməni soyqırımı” kimi tanıdığını bəyan edəcək.
 
Ovqat.com Reuters xəbər agentliyinə istinadən xəbər verir ki, dünən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğana zəng edən Bayden həmkarını bu barədə məlumatlandırıb.
 
Bayden Türkiyə Prezidenti ilə həmçinin 14 iyunda keçiriləcək NATO ölkələrinin liderlər sammiti barədə də məsləhətləşmələr aparıb. Qərara alınıb ki, iki ölkə liderləri NATO sammiti çərçivəsində Brüsseldə görüşsünlər. Qeyd edək ki, bu sammitdə əsasən Rusiya-Ukrayna konflikti müzakirə olunacaq. Alyans üzvlərinin Rusiyaya qarşı ciddi qərarlar qəbul edəcəyi sammitdə Ukraynanın NATO-ya daxil olması perspektivlərinin də masaya yatırılacağı gözlənilir. Türkiyənin də müsbət yanaşdığı bu təklifə bir sıra ölkələrin veto qoyacağı təxmin olunur.
 
Buna rəğmən, ABŞ-ın Türkiyədən bu qədər riskli addımlar gözlədiyi halda qondarma “erməni soyqırımı”nı tanıması Vaşinqtonun bu məsələdə səmiyyətinə kölgə salır. Dərd burasındadır ki, NATO-nun Ukraynaya real hərbi dəstək verə bilməsi üçün öz hərbi dəniz donanmasını Qara dənizə keçirməsi lazımdır. Montre Konvensiyasının tələblərinə zidd olan bu planın hətta qanunsuz reallaşdırılması imkanı belə, Türkiyənin əlindədir. Çünki Qara dənizin okeanlara açılan bir qapısı var, o da Türk boğazlarıdır. “Erməni soyqırımı” yalanları ilə incik salınan Ankaranın bu çıxışdan sonra ABŞ-ın beynəlxalq hüquqa sığmayan tələblərinə yaşıl işıq yandırması üçün heç bir yol qalmır. 
 
Bəzi mülahizələrə görə, Baydenin bugünkü haqsız çıxışına sərt təpki göstərəcəyi və bəzi cavab addımları atacağı gözlənilən qardaş ölkəyə ağır sanksiyalar tətbiq edilə bilər və ABŞ lideri bu gücünə arxayın olduğundan Ankaraya qarşı istədiyi kimi davranmaqdan çəkinmir. Fəqət Türkiyəyə qarşı sanksiyaların tətbiqi istər-istəməz Ankaranı Çin, İran və Rusiya kimi ABŞ-ın ağır sanksiyalarına məruz qalan ölkələrlə yaxınlaşdıra və regional əməkdaşlıqları gücləndirə bilər. Vaşinqton isə bütün bu ehtimalları nəzərə almadan NATO-nun ən qüdrətli üzvlərindən olan Türkiyəni sıxışdırmaqla sanki öz ayağına güllə sıxır.
 
Ağ evin dünənki söhbət barədə rəsmi açıqlamasında iki liderin telefon danışıqlarında “erməni soyqırımı” məsələsinin müzakirə edildiyi barədə hər hansı açıqlama verilməyib. Prezidentlərin sadəcə NATO-nun 14 iyun sammitində “ikitərəfli və regional problemləri həll etmək üçün üzbəüz danışıqlar aparmağı qəbul etdikləri" vurğulanıb. O da bildirilib ki, Baydenlə Ərdoğan “iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini, mübahisələrin səmərəli idarə olunmasını və konstruktiv ikitərəfli münasibətləri qurulması” mövzusunda fikir birliyinə gəliblər.
 
Türkiyə prezidentinin mətbuat katibliyinin yaydığı açıqlamada da telefon danışığında “erməni soyqırımı” ilə bağlı hər hansı müzakirənin aparılması barədə heç bir söz deyilmir. "Liderlər ikitərəfli münasibətlərin strateji mahiyyəti və qarşılıqlı maraqlar əsasında əməkdaşlığı genişləndirmək üçün birlikdə çalışmanın vacibliyi barədə razılığa gəldilər. Danışıqda bu məsələlərin həll edilməsinin, Türkiyə-Amerika əlaqələrinin daha yüksək bir səviyyəyə çatıdırılmasının vacib olduğunu ifadə edildi”, - Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr (İletişim) Başqanlığının məlumatında belə deyilir. Di gəl ki, Baydenin bu gün atacağı addım dünən əldə edilən razılığın üzərindən qara bir xətt çəkə bilər.
 
Baydenlə Ərdoğanın telefon danışıqlarından sonra  ABŞ-ın Dövlət Departamentinin sədri Antoni Blinkenlə Türkiyə Xarici İşlər nazri Mövlud Çavuşoğlu arasında da  telefon diplomatiyası davam edib. “Euronews” kanalının diplomatik mənbələrdən aldığı məlumata görə, həmkarına zəng etmək təşəbbüsü Çavuşoğludan gəlib. Tərəflərin söhbəti barədə təfsilatlı məlumat verilməsə də, bu danışığın da əsas mövzusunun “erməni soyqırımı” məsələsi olduğu güman edilir. 
 
Bildirildiyinə görə, Blinken də dünən mətbuata verdiyi açıqlamada Baydenin “erməni soyqırımı”nı tanıyacağını bildirib. Dövlət Departamentinin digər bir təmsilçisi Jalina Porter də jurnalistlərə açıqlamasında "Erməni soyqırımı ilə bağlı sabah bir açıqlama gözləmək olar", - deyib.
 
ABŞ-ın aparıcı qəzetləri “New York Times” və “The Wall Street” də Baydenin bu il erməni soyqırımını tanıyacağı xəbərini yayıblar.  Fransa xəbər agentliyi AFP də yaydığı xəbərdə bu iddianı təsdiqləyib: “Ağ Evdən aldığımız məlumata görə, prezident Co Bayden türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla telefon söhbətində Türkiyənin etirazlarını bir kənara qoymağa qərar verdiyini və “erməni soyqırımı”nı tanımağa hazırlaşdığı bildirib”.
 
Görünən budur ki, ABŞ prezidenti “erməni soyqırımı”nı qəbul etməyi məqsəd kimi beyninə qoyub. Biz də bu qoca kişiyə əsl soyqırımın necə baş verdiyini anlaması üçün ilk öncə aynaya baxmasını, daha sonra ABŞ istehsalı olan bu sənədli film izləməsini, ardınca nitq söyləməsini tövsiyyə edərdik.



 
 



Ana səhifəyə qayıt        Baxış: 5 751          Tarix: 24-04-2021, 08:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma