Xəbər lenti

 

Azərbaycan Prezidenti İlham Əliyev "Hacı Cavad" məscidinin sökülməsini özbaşına həyata keçirən vəzifəli şəxsi cəzalandırıb.

Ovqat.com Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakı şəhərinin "Sovetski" adlanan ərazisində "Hacı Cavad" məscidinin sökülməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin münasibəti barədə açıqlama verib.

Əli Həsənov demişdir ki, hələ aprel ayında Prezident İlham Əliyev Sovetski adlanan ərazidə "Hacı Cavad" məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiya məsələni öyrəndikdən sonra belə qənaətə gəlmişdir ki, həmin məscidin sökülməsi qaçılmazdır və nəticə barədə dövlət başçısına məruzə olunmuşdur.

Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev, yerli icmanın da rəyi nəzərə alınmaqla, yeni məscidin tikilməsi və yalnız bundan sonra "Hacı Cavad" məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar vermişdi.

Ə.Həsənov onu da bildirmişdir ki, cənab Prezidentin tapşırığına uyğun olaraq Yasamal rayonu Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılmış, müvafiq tikinti işlərinə başlanmışdır.

Lakin bəzi vəzifəli şəxslər cənab Prezidentin tapşırığının əksinə olaraq, yeni məscid binasının tikintisi başa çatmamış "Hacı Cavad" məscidinin sökülməsi barədə özbaşına qərar qəbul etmişlər. Prezident İlham Əliyev məsələ barədə məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş vermişdir.

Əli Həsənov diqqətə çatdırmışdır ki, bu işin əsas günahkarı olan rayon icra hakimiyyətinin başçısı artıq tutduğu vəzifədən azad edilmişdir.




Ana səhifəyə qayıt        Baxış: 1 059          Tarix: 1-07-2017, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma