Xəbər lenti


Avqustun 2-də Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib. Federasiyanın saytında yayılan məlumatına görə, iclasda bu qurumun baş katibi Elmar Babanlı, Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə, baş katibin müavini Elnur Əşrəfoğlu, əsas və gənclərdən ibarət yığma komandaların aparıcı cüdoçuları iştirak edib.

"Kişilərdən ibarət cüdo millimizin Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millimizin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Belə ki, ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib", - məlumatda yazılıb.

Məlumata görə, həmçinin yüksək əməkhaqqı alan cüdoçuların maaşlarının onların son bir ildə beynəlxalq nüfuzlu yarışlardakı nəticələrinə uyğun ödəniləcəyi barədə qərar verilib.

Açıqlamaya görə, kişilərdən ibarət cüdo üzrə Azərbaycan milli komandasını çalışdırmaq müvəqqəti olaraq gənclərdən ibarət millinin baş məşqçisi Elçin İsmayılova tapşırılıb.

Xatırladaq ki, Tokioya 44 idmançı ilə yollanan Azərbaycan, hələlik, iki bürünc qazanıb. Medalların biri boksda, digəri isə qadınlar arasında cüdo yarışlarında qazanılıb. Azərbaycanın heyətində artıq 27 atlet çıxışını bitirib.

"AzPolitika.info"


Ana səhifəyə qayıt        Baxış: 2 829          Tarix: 2-08-2021, 17:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma