Xəbər lenti


CAUSEUR.fr, Fransa
08.08.2021


Müəllif: Alən Rumestan
Azərbaycan geniş yenidənqurma layihəsinə başlayır.
Ermənistanla Azərbaycan 2020-ci ilin sentyabrından noyabrınadək Qarabağ uğrunda müharibə aparıblar. Rusiyanın himayəsi ilə imzalanmış üçtərəfli bəyannamə ilə bitmiş müharibə çox sayda insanın həyatına son qoyub.

Azərbaycan BMT qətnamələrinin tələblərinə baxmayaraq, təxminən 30 il idi Ermənistan tərəfindən işğalda saxlanılan torpaqlarını beynəlxalq hüquqa uyğun olaraq azad edib. Fransa mediası bu münaqişənin səbəb və nəticələrini hələ də yaxşı anlamır. Bu, onun Qarabağ problem ilə bağlı qərəzli reportajlar hazırlamasına, səthi mühakimələrə və geniş yayılmış yalanlara yer verməsinə gətirib çıxarıb. Odur ki, real vəziyyəti öyrənmək üçün 2021-ci ilin iyulunda hadisə yerinə yollanmağı lazım bildik.

Müharibənin izləri
Azərbaycana gələn, lakin sanitar böhran səbəbi ilə sayları o qədər də çox olmayan xarici turistləri Heydər Əliyev Beynəlxalq Hava Limanı üzərində “Qarabağ Azərbaycandır!” yazılmış böyük elektron lövhə ilə qarşılayır. Bu şüar ölkə əhalisi üçün dərin məna daşıyır. Xüsusilə son dövrdə burada bu şüar tez-tez səslənir.

Azərbaycan paytaxtı Bakıda məscidlərlə yanaşı, erməni kilsəsi, sinaqoq və pravoslav kilsələri də var və onlar çox yaxşı vəziyyətdədir.
Şəhərin mərkəzindəki bir binanın 20-ci mərtəbəsində futuristik göydələnlər, məşəl formal iki nəhəng qüllə ilə üz-üzə dayanarkən bu ölkənin son 30 ildə iki dəfə müharibə yaşadığını hiss etmirsən. Halbuki, ötən əsrin 90-cı illərində Ermənistan Dağlıq Qarabağı və ona bitişik Azərbaycan rayonlarını ələ keçirmiş, bu bölgədə yaşayan erməni əhali Azərbaycandan ayrıldıqlarını elan etmişdi. Bakı həmin əraziləri 2020-ci ilin sonunda 44 günlük müharibə nəticəsində geri qaytarıb.

Ölkənin qərbinə, Qarabağa doğru gedərkən yol boyu bu iki müharibənin izləri görünməkdədir. İndi Qarabağda miqyaslı yol tikintisi aparılır. Yeni yollar yüz minlərlə məcburi köçkünə 30 il əvvəl tələsik tərk etdikləri torpaqlarına qayıtmaq imkanı verəcək. Yeni quraşdırılmış yol nişanlarında azad edilmiş rayon, kənd və qəsəbələrin adları yazılıb. UNICEF-ə və minatəmizləmə əməliyyatı ilə məşğul olan bir ingilis şirkətinə məxsus lövhə burada minaların basdırıldığına dair xəbərdarlıq edir. Təhlükəsiz hissələrdən kənara çıxmaq olmaz. Ermənilər tərəfindən basdırılmış bu minalara düşərək həyatlarını itirən insanlar, o cümlədən jurnalistlər var. Buna baxmayaraq, ermənilər minalanmış ərazilərin bütün xəritələrini Azərbaycana verməkdən boyun qaçırır. Bu, mina təmizləyənlərin işini asanlaşdırardı…

Yol boyu hərbçi və polislərin dayandığı çoxsaylı postlardan keçirik. Hər yanda döyüşlərdə həlak olmuş, Milli Qəhrəman adı almış azərbaycanlı əsgərlərin şəkilləri görünür. Ətrafda partladılmış tankların qalıqları, çevrilmiş hərbi avtomobillər, torpağa batıb qalmış mərmilər, eyni zamanda, dağılmış evlər, hələ birinci müharibədən qalmış xarabalıqlar…

İşğal dövründə buradakı müsəlman qəbiristanlıqları təhqir olunub, məzarlar dağıdılıb, baş daşları qoparılıb. Vaxtilə üzüm bağlarında tənəkləri saxlamış dirəklər hələ də torpağa basdırılmış vəziyyətdə qalmaqdadır. Üzümlüklər isə məhv edilib. Uzaqdan son müharibə zamanı yanaraq qaralmış hektarlarla ərazi görünür. Buralarda hər hansı yeni bina gözə dəymir. Ötən otuz ildə burada heç nə baş verməyib.

Bərpa və yenidənqurma
Dağıdılmış Füzuliyə və ətraf kəndlərə səfərdən sonra Azərbaycanın tarixi irs mərkəzi sayılan Şuşaya gedirik. Müharibədən zərər çəkmiş şəhərin girişinə çatmamış rusların nəzarət məntəqəsinə, ermənilərlə azərbaycanlıları ayıran hasara rast gəlirik. Bütün demarkasiya xətti boyu ara-sıra baş verən toqquşmalar göstərir ki, atəşkəsə baxmayaraq, gərginlik hələ də qalmaqdadır. Paytaxt Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun fransalı parlamentarilərlə görüşdüyü bir vaxtda Şuşada əsl izdiham müşahidə olunur – çoxsaylı nümayəndə heyətləri (Meksika, Rumıniya, Yaponiya…) bir-birini əvəz edir. Qala divarlarının yaxınlığında kosmopolit bir qrup həmrəylik nümayiş etdirərək Nigeriya, İsveç, Norveç, Polşa, İsveçrə, İtaliya və Fransa bayraqları ilə şəkil çəkdirirlər.

Şəhərdə döyüşlərin izləri görünür – üzərində güllə dəlikləri olan binalar, qopmuş dam örtükləri, dağıdılmış mədəni irs. Lakin yenidənqurma işlərinə artıq start verilib. Ötən əsrlərin məşhur mədəniyyət və siyasi xadimlərinin (xanəndə Bülbül, şairə Natəvan, bəstəkar Üzeyir Hacıbəyli) heykəlləri Gürcüstandan tapılaraq geri qaytarılıb – Azərbaycan hökuməti onları satın alıb. Üzlərində güllə izləri olan bu heykəllər yenidən şəhər meriyasının qarşısına qoyulub. Möhtəşəm qədim bulaqdan su içmək də mümkündür.

Şuşada zədələnmiş və tərk edilmiş bir məscid və bir kilsə bərpa olunur. İşlərə rəhbərlik edən şəxs gözlənilənlərin əksinə olaraq, qısa müddətdə əldə edilmiş yüksək nəticələri fəxrlə sadalayır. Uşaqlar həyətdə sakitcə oynayırlar. Şəhərin monumental giriş qapısı da parçalanıb, lakin onun bərpası demək olar ki, başa çatır. Artıq yeni tikililər də var – kiçik market, hotel və hostel.

Yaxınlıqda yerləşən, Azərbaycan hərbçilərinin şəhəri işğaldan azad edən zaman dırmandıqları “Zəfər dağı” azərbaycanlıların milli qürurunun rəmzidir. Dağın yuxarı hissəsində keçmişdə olduğu kimi, illik mədəni festivalların keçirilməsi üçün geniş düzənlik var. Azərbaycan əsgərləri yüksəklikdəki postlarda keşik çəkir, bir neçə kilometr aralıda – vadinin aşağısında azərbaycanlıların Xankəndi, ermənilərin isə Stepanakert adlandırdıqları kiçik şəhər görünür. Ermənilər bu şəhəri nə beynəlxalq ictimaiyyət, nə də Ermənistanın özü tərəfindən tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı hesab edirlər.

Keçmişə deyil, gələcəyə…
2010-cu ildən Fransa vətəndaşı olan Mirvari 28 ildən sonra ilk dəfə doğma kəndi Xanlığa qayıdıb. Mirvari nə vaxtsa buraya qayıdacağına hər zaman inanıb. Fransalı dostlarının müşayiəti ilə kəndə gələn Mirvarinin qəlbində yaşatdığı bir ağrı var – o, uşaqlığının keçdiyi evini kəndinin işğalı nəticəsində tərk etməyə məcbur olmuşdu!

Vəhşi təbiət öz işini görüb. Yollar yox olub. Mirvarinin ailəsinin evi də həmçinin. O, ümidsiz şəkildə evlərini axtarır, xatirələr onun ürəyini ağrıdır. Amma bu ağrı həm də onun öz yurdunu tapmasına kömək edir. Ev dağılıb. Ərazidə yalnız müəyyən izlər qalıb. Mirvari böyüdüyü bağa ayaq basmağın xoşbəxtliyini yaşayır. Zirvəsinı dırmanaraq kitab oxuduğu qoz ağacı. O, anası üçün bir ovuc böyürtkən və əcdadlarının yaşadıqları torpaqların azad edilməsini görə bilməyən, dünyasını iki il əvvəl dəyişmiş atasının qəbri üzərinə tökmək üçün bir ovuc torpaq götürür.

Mirvari tibb mərkəzinə çevrilmiş məktəbini də tapır. Müharibənin acı üzünü onun ailəsi də görüb – əmisi qızının həyat yoldaşı öldürülüb və Milli Qəhrəman adına layiq görülüb.

Yüz minlərlə məcburi köçkün kimi, Mirvari də keçmişi unudub gələcəyə baxmaq istəyir. O, bu anı uzun müddət gözlədiyini deyir.
Cənub tərəfdə, İranla sərhəddə Zəngilan və Cəbrayıl rayonları yerləşir. Burada mənzərə dəyişir, Qarabağın yaşıllıqları yerini boz təpələrə verir. Bizə müşayiət üçün avtomobil verəcək polis postunun yanında dayanırıq. İsti qarşılanırıq – milli çay, yerli meyvələr. Televizorda Tokio Olimpiya Oyunları gedir. Azərbaycan boksçularından biri qələbə qazanmaqdadır. Bu, olduqca rəmzi təsir bağışlayır.

Ərazilərin minalardan təmizlənməsi
Görüşdüyümüz yüksək rütbəli rəsmilər bildirirlər ki, artıq keçmişə qayıtmamaq, Ermənistanla regional əməkdaşlıq qurmaq zəruridir. Azərbaycanın Fransadakı sabiq səfiri Elçin Əmirbəyov deyir: “Biz səmimi olaraq istəyirik ki, çox əziyyət çəkmiş bu torpaqları insanların qonşuları ilə sülh və harmoniya şəraitində yaşadığı müasir, firavan yerə çevirək”.
Azərbaycan hökumətinin məqsədi bütün hüquqları Azərbaycan Konstitusiyası ilə təsbit olunan erməni vətəndaşları ilə sakit birgəyaşayışı təmin etmək, regional əməkdaşlıq çərçivəsində Ermənistanla sülhə nail olmaqdır. 

Ermənistan, Azərbaycan və Rusiya tərəfindən imzalanmış üçtərəfli bəyannamə Cənubi Qafqazın bu bölgəsində normal həyatın bərpasını nəzərdə tutur. Bu, rəsmi Bakı üçün çox çətin çağırışdır, çünki söhbət 86,6 min kvadrat kilometr ərazisi olan Azərbaycan torpaqlarının 10 min kvadrat kilometrinin bərpasından gedir. İlk mərhələ ərazilərin minalardan təmizlənməsidir. Çünki təkcə Birinci Qarabağ müharibəsi zamanı deyil, ikinci müharibənin gedişində, hətta ermənilərə razılaşma əsasında ərazilərin boşaldılması üçün verilmiş 15 gündə də ərazilərə piyada və tank əleyhinə minlərlə mina basdırılıb.

Sovet dövründə Azərbaycanda yüz minlərlə erməni, Ermənistanda isə təxminən 300 min azərbaycanlı yaşayıb. Buna görə də ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluq ideyasını rədd etməliyik. Bu gün əsl problem başqadır: azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmaq istəyirlərmi? Bu insanlar onları bu torpaqlardan qovmuş insanlara qarşı nə hiss edirlər? Qaçqınların və məcburi köçkünlərin işləri üzrə məsul şəxs (o da Şuşadan məcburi köçkün düşüb) deyir ki, köçkünlərin hamısı psixoloji sarsıntı keçirib. Bununla yanaşı, dövlət lap əvvəldən onların qayğısına qalıb, bu insanlar üçün yaşayış binaları tikilib, məhəllələr salınıb, iş yerləri yaradılıb. Bakının ətrafındakı Qobu qəsəbəsində 4 min ailə (20 min nəfər) üçün yaşayış kompleksi salınıb, müvafiq iş yerləri, o cümlədən çox məşhur olan xalça istehsalı emalatxanası yaradılıb. Lakin insanlarda Qarabağa qayıdış arzusu çox güclüdür. Hesab olunur ki, məcburi köçkünlərin 65%-i geri qayıtmağa namizəddir. Şuşaya qayıtmış bir işçi Qurban bayramı münasibətilə əcdadlarının bağında qoyun kəsmək sevincini bizimlə bölüşür.
Qaçqın məsələləri üzrə məsul şəxs də Şuşada keçmiş uşaqlığını xatırlayır. Bu zaman onu qəhər boğur. O, əlbəttə ki, xoşbəxtdir. Amma şəhərin hazırkı vəziyyətinə görə çox təəssüflənir. O, Şuşadan Bakıya torpaq aparmayacaq, çünki, nəhayət, Şuşaya qayıtmaq istəyir. Bizə deyir ki, öz doğma yurdlarına qayıtmaq arzusunda olan yaşlı cütlük evlərinə qayıtdıqdan qısa müddət sonra vəfat edib. Bu, həddən artıq təsirlidir. Məqsədə çatdıqdan sonra qüvvə tükənir… 

Davamlı sülhə doğru
Azərbaycan diasporunu özündə birləşdirən Diasporla İş üzrə Dövlət Komitəsi ölkənin təbliği, Azərbaycan həqiqətlərinin xaricdə tanıdılması üçün çox iş görür. Bu Komitə İranda 30 milyon, Gürcüstanda 500 min, Rusiyada 1 milyon, Ukraynada 500 min olmaqla, dünyanın 101 ölkədə 50 milyon (onlardan 10 milyonu Azərbaycanda) həmvətəni birləşdirir. “Biz hamı ilə sülh istəyirik”, - deyə komitənin sədri, Fransanı çox sevən Fuad Muradov bildirir. Fransa burada “böyük ölkə” hesab olunur. Bakıda gənc elitanı yetişdirən Fransız Liseyi də fəaliyyət göstərir. Lakin görünən odur ki, Fransa Azərbaycanla bağlı həqiqətləri görməzdən gəlir. Azərbaycan dünyaya, sərmayədarlara açıq ölkədir…
Fikirlərini soruşduğumuz şəxslər üçün Dağlıq Qarabağ erməniləri tərəfindən elan edilmiş qondarma “Artsax” mövcud deyil. Onlar hesab edirlər ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Onlar milli suverenliklərinə hörmət tələb edirlər. Bu insanlar üçün münaqişə başa çatıb.
Keçmişin çətinliklərinə, müəyyən tərəddüdlərə baxmayaraq, hər yerdə ümid yenidən doğulur – azərbaycanlılarla ermənilərin müharibələri, köhnə və yeni nifrəti unutmağa çalışaraq birlikdə yaşaya biləcəkləri ümidi… Sülhdən başqa yol yoxdur. Ölümlə nəticələnən əməllər artıq dözülməzdir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CAUSEUR.fr


Ana səhifəyə qayıt        Baxış: 4 450          Tarix: 9-08-2021, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma