Xəbər lenti


Hürriyet, Türkiyə
08.12.2021


Prof. Dr. Aziz Sancar Azərbaycanın paytaxtı Bakını və işğaldan azad olunmuş Şuşa şəhərini ziyarət edib. Azərbaycan prezidenti İlham Əliyev ilə görüşən Sancar deyib: “Qarabağ zəfəri Türkiyənin Qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir”.

Nobel mükafatçısı olan alim, Prof. Dr. Aziz Sancar səfər etdiyi Azərbaycan paytaxtı Bakıda mətbuat konfransı keçirib. İkinci Qarabağ müharibəsinin gedişini yaxından izlədiyini qeyd edən Sancar deyib: “Mənim üçün Qarabağ zəfəri Türkiyənin Qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir. 44 gün müddətində prosesləri izlədim və böyük sevinc hissi yaşadım”.

Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyinə diqqət çəkən Sancar fikrini belə davam etdirib: “Özümə söz vermişdim ki, Şuşa işğaldan azad edilsikdən sonra Şuşa məscidinə gedəcək, orada iki rükət namaz qılacağam. Bundan sonra ölsəm, gözüm arxada qalmaz. Allaha şükür, bu arzum gerçəkləşdi”.

Hər şey dağıdılıb
Sancarın sözlərinə görə, o, təyyarə ilə Füzuliyə uçarkən Qarabağda hər şeyin dağıldığını aydın şəkildə görüb. “Bölgədə salamat bir dənə də bina yoxdur. Tam vəhşilik! Şuşada salamat binalar olsa da, orada da hər şey dağıdılıb. Bu, həm bizim üçün, həm də ümumilikdə bəşəriyyət üçün acınacaqlı durumdur. İnsan insanla belə davranarmı? Bu qədər nifrət haradandır? Bu, insan işi deyil”, - deyə Aziz Sancar qeyd edib.

Əliyev ilə görüş
Azərbaycan prezidenti İlham Əliyevlə gözəl, müsbət görüş keçirdiyini bildirən Sancar deyib: “Qarabağ müharibəsindən danışdıq. Qərbin bu müharibə zamanı nümayiş etdirdiyi riyakarlıqdan bəhs etdik. ATƏT-in Minsk qrupunun 30 illik riyakarlığını vurğuladıq. Mən elm adamıyam, türk millətçisiyəm; bunu hər zaman deyirəm və gördüyüm hər bir işə bunun təsiri var. Türk millətçisi olmağın önəmli tərəflərindən biri də elmdə güclü olmaqdır. Elmdə güclü olmasan, nə qədər millətçi olursan ol, vətənini nə qədər sevirsən sev, xarici güclərin qarşısını ala bilməzsən və onlar istədiklərini edərlər”.

Elmə sərmayə yatırın
Sancar bildirib ki, türk dünyası elm və texnologiya sahəsində güclü olarsa, nə savaşda, nə də danışıqlarda məğlub olar. “Son 5 ildə bacardığım qədər türk dövlətlərini ziyarət edir, dövlət rəhbərləri ilə görüşür, onları elmə böyük sərmayə yatırmağa çağırıram”, - deyə o, qeyd edib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Hürriyet


Ana səhifəyə qayıt        Baxış: 4 420          Tarix: 8-12-2021, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma