Xəbər lenti

İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə edilən dəyişikliyə görə, istehlak miqdarında qanunsuz narkotik vasitə əldə etmə, saxlamaya görə inzibati cəza nəzərdə tutulub. Dəyişiklikdən sonra bu maddədə "şəxsi istehlak miqdarında" ifadəsi "az miqdarda" ifadəsi ilə əvəzlənib. Şəxsi istehlak miqdarının hər maddə üzrə nə qədər müəyyənləşdirildiyi isə təsdiqlənmiş siyahıda əksini tapıb.

Cinayət Məcəlləsində narkotik vasitələrin qanunsuz dövriyyəsindən bəhs edən 234-cü maddəyə də xeyli dəyişiklik edilib. CM-in 234.1 maddəsində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik daşınması, saxlanması və s. görə məsuliyyət nəzərdə tutulub. Bu maddədə başqa alternativlərlə yanaşı, ən ağır cəza 3 ilə qədər azadlıqdan məhrumetmə idi. Dəyişiklikdən sonra bu maddədəki "şəxsi istehlak miqdarından artıq" ifadəsi "xeyli miqdarda" ifadəsiylə əvəzlənib. Cəza isə olduğu kimi qalır.

Satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama ilə bağlı bir əlavə də olunub və yeni 234.1-1 maddəsi yaranıb. Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

Dəyişiklikdən sonra qanunvericilikdə artıq külli miqdarla yanaşı, həm də xüsusilə külli miqdar bir-birindən fərqləndirilir. Yəni, artıq 3 qram heroinlə 3 kiloqrama eyni cür yanaşılmayacaq.
Əvvəl satış məqsədilə külli miqdarda narkotik maddə satışına görə məsuliyyət yalnız CM-in 234.4.3 maddəsində müəyyənləşdirilmişdi – 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası. Dəyişiklikdən sonra qanuna 234.4-1 maddəsi əlavə olunur və orada yazılır ki, "bu əməllər xüsusilə külli miqdarda törədildikdə...". Satış məqsədilə xüsusilə külli miqdarda narkotik əldə etmə, saxlamaya görə isə 8 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

Son dövrlərdə internet, sosial şəbəkələr üzərindən narkotiklərin satışı da populyarlaşıb. Dəyişikliklər zamanı bu məsələ də nəzərə alınıb və Cinayət Məcəlləsinə bu məzmunda 234.4.4 maddəsi əlavə olunub: "kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə". Bu maddə üzrə də 3-8 il həbs nəzərdə tutulur.

Qanuna dəyişiklik edilsə də, narkotik vasitə və psixotrop maddələrin miqdarıyla bağlı yeni siyahı hələ hazırlanmayıb. Ona görə də hansı miqdardan sonra külli miqdar, nə zaman xüsusilə külli miqdar hesab edildiyi hələ ki, məlum deyil.

“Azadlıq” radiosuna danıan mənbə bildirib ki, yeni siyahıda külli miqdarın çəkisi əvvəlkindən fərqlənəcək: "Hazırda həbsdə olanların böyük əksəriyyəti heroin, metamfetamin əldə etmə, saxlamaya görə cinayət məsuliyyətinə cəlb edilənlərdir. Bunlarda da 2 qramdan yuxarı külli miqdar sayılır. Həbs olunanların hamısına Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi verilib, məhkəmələr də çox cüzi istisnalarla ittihamı təsdiqləyib, hökm çıxarıb. Nəticədə cəzaçəkmə müəssisələri bu maddə ilə cəza çəkənlərlə doludur. Hakimlər özləri də təklif ediblər ki, çəkidə dəyişiklik edilsin", – mənbə bildirib. 



Ana səhifəyə qayıt        Baxış: 2 453          Tarix: 31-05-2022, 19:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma