Xəbər lenti

“Bakıda və ölkənin digər bölgələrində yaşayan, Naxçıvan qeydiyyatında olan Azərbaycan vətəndaşları ciddi bir problemlə üz-üzə qalıb. Onlar müxtəlif bölgələrdə yaşadıqları ərazilər üzrə daimi qeydiyyata alınmırlar. Bu barədə məsələni “TNS” İnformasiya Agentliyinin direktoru Tural Səfərov qaldırıb. Minlərlə Naxçıvan sakini olan Azərbaycan vətəndaşının ASAN Xidmət mərkəzlərinə, Daxili İşlər Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdikləri müraciət nəticəsiz qalır, onlar süründürməçilikdən əziyyət çəkirlər”.

TNS xəbər verir ki, bunu “Facebook”da Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli yazıb.

Partiya başqanı bildirib ki, Azərbaycanın digər bölgələrindən olan vətəndaşların qarşısında belə tələb qoyulmadığı halda, Naxçıvan sakinlərinin üzləşdiyi məhdudiyyət suallar yaradır.

“Bu, qanunun tələbidirsə, ölkənin bütün vətəndaşlarına niyə tətbiq edilmir? Deyilsə, Naxçıvan sakinlərinə yaradılan bu çətinlik kimə və nə üçün lazımdır? Buradan bir nəticə çıxır ki, vətəndaşlarımızın çıxılmaz vəziyyətə salınması hansısa maraqlar və istəklərin nəticəsidir. Bəlkə Naxçıvan Muxtar Respublika rəhbərliyi əhalinin sayı ilə bağlı gerçək rəqəmlərin ortaya çıxmasını istəmir? Azərbaycanın digər bölgələrinə üz tutan naxçıvanlıların ən təməl haqqı olan qeydiyyata düşmək məsələsi aşılmaz səddə çevrilib.

Bu problemlərin həll edilməsi, insanların hər addımda narazı duruma salınmasına son qoyulması dövlət üçün çətin məsələ deyil. Ona görə birinci vəzifəsi vətəndaşa xidmət etmək olan hökumət bir an öncə bu problemin həlli üçün müvafiq addım atmalı, insanlarımızın gərəksiz yerə süründərməçilikdən əziyyət çəkməsinə son qoymalıdır”, - Anar Əsədli bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 469          Tarix: 2-06-2022, 22:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma