Yer, coğrafi adların dəyişdirilməsi pis niyyətin - məsələn, işğalın - göstəricisidir. Azərbaycan 200 ildən artıqdır bu problemlə üzləşir. Çar Rusiyası dövründə Cənub Qafqaz işğal olunandan sonra bütövlükdə Qafqazdakı türkcə toponimlər və coğrafi adlar ya ruslaşdırıldı, ya da erməniləşdirildi.
Əslində, Azərbaycan türkcəsi Rusiyanın işğalınadək Qafqazda ən populyar və başlıca ünsiyyət vasitəsi idi. Məşhur rus yazıçısı və dekabrist A.A.Bestujev-Marlinski Azərbaycan türkcəsini “tatar dili” adlandıraraq yazırdı: “Zaqafqaziya diyarının tatar dili türk dilindən az fəqlənir və fransızcanı bilib Avropanı başdan-başa gəzmək mümkün olduğu kimi, tatar dilini bilməklə də bütün Asiyanın o başından vurub bu başından çıxmaq olar”. Məşhur rus yazıçı Mixail Yuryeviç Lermontov da Azərbaycan türkcəsini yüksək qiymətləndirib: “Tatarcanı öyrənməyə başlamışam, burada və ümumiyyətlə, Asiyada bu dil Avropada fransız dili kimi zəruridir”. Rus tarixçi, arxeoloq və dövlət xadimi Stepan Dmitriyeviç Neçayevin də Azərbaycan türkcəsi barədə fikirlərini xatırlayaq: “İndi Avropada fransız dili kimi, tatar dili də Qafqaz xalqları arasında hamının işlətdiyi dildir”.
Deməli, istər çar Rusiyası, istər SSRİ və istərsə də müasir dövrdə Rusiyada Azərbaycan türkcəsindən istifadənin miqyasını, onun yerini bilməmiş deyillər. Azərbaycan türkcəsinə qarşı istənilən fəaliyyət qəsddir, assimilyasiya məqsədi daşıyır. Çar Rusiyası və SSRİ 1801-ci ildən 1990-ci ilədək ötən 190 ildə Qafqazda, özəlliklə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda yer adlarını, coğrafi adları dəyişdirib, tarixi -mədəni abidələri dağıdıb. Bununla da regiondan Azərbaycan türkünü və türk etnosunun izini silməyə çalışıb. Azərbaycanın qədim şəhərlərinin Rusiya çarlarının ailə üzvlərinin adlarına dəyişdirilməsinə Gəncənin adının Yelizavetpol, sovet dövründə “Kirovabad”, habelə Araz çayının adının eybəcərləşdirilərək “Araks” adlandırılmasını, Turşsuyun “Kislovodsk”a tərcüməsi və s. minlərlə örnəklər göstərmək mümkündür. Bu proses sovetlər dövründə də dayanmayıb. Azərbaycanda şəhər, kənd, kolxoz, sovxoz, məktəblərə və s. bolşeviklərin, ermənilərin liderlərinin adları verilib, məsələn, Lenin, Kirov, Şaumyan və s.
Ermənilərin sovet dövründə, sonrakı illərdə türkcə yer adlarını erməniləşdirməsinə nə sovet Moskvası, nə də indiki Kreml etiraz etməyib. Əksinə, o da həmin yerləri ermənicə adlandırıb. Uzun illərdir Rusiya ermənilərin bu hərəkətini təqdir edib, yaxud özünün etmədiyini, bu istiqamətdə assimilyasiyanı onların vasitəsilə reallaşdırıb.
Nəhayət, 200 ildir Rusiyanın ermənilərdən alət olaraq istifadə etməklə Azərbaycana, Qafqaza yönəlik siyasətində heç bir mütərəqqi dəyişiklik yoxdur. Moskvanın ermənicə yer adlarına üstünlük verməsi, atəşkəs barədə erməni yönümlü informasiyanın yayılması da bunu təsdiqləyir.
Report
Paylaş: