Xəbər verildiyi kimi Ukraynadakı Rusiya qoşunlarının komandan müavini Sergey Surovikinin həbs olunması barədə məlumatlar yayılıb.
Rusiya prezidentinin sözcüsü Dmitri Peskov Sergey Surovikinin harada olması barədə informasiyası olmadığını bildirib. “Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov isə generalın artıq üç gündür ailəsi ilə əlaqə saxlamadığını, lakin bununla belə, onun Lefortovo istintaq təcridxanasında olmadığını deyib.
Hərbi müxbirlər generalın Priqojinin qiyamında iştirak etdiyinə, daha doğrusu, Priqojini himayə etdiyinə görə həbs olunması barədə yazıblar. Bu gün səhər isə hökumətyönlü kanallar Surovikinin Rostovda keçirilən görüşdə iştirak etdiyini bildiriblər. Günün ikinci yarısında “Financial Times” üç mənbəyə istinadən Surovikinin hələ də həbsdə olduğunu iddia edib.
Musavat.com xarici agentliklərə istinadən "General-Qiyamət" adı verilən bu adamın karyerasında maraqlı məqamları diqqətə çatdırır. Sən demə bu Surovikinin iddia olunduğu kimi, iştirak etdiyi ilk qiyam sayılmır.
1991-ci ilin avqustu, məşhur “QKÇP ÇEVRİLİŞİ”. Surovikin, qiyamçıların “Sadovoy koltso” bölgəsində postlar qurmağı əmr etdiyi bir batalyona komandirlik edib. Çaykovski (indiki Novoarbatski) tunelində onun PDM karvanı etirazçılar tərəfindən saxlanılıb. Surovikin havaya atəş açıb. Qarşıdurma zamanı 3 etirazçı həlak olub, bir neçə əsgər isə yaralanıb. Çevrilişin yatırılmasından sonra Surovikin həbs edilsə də, 7 aydan sonra onun üzərindən bütün ittihamlar götürülüb.. Ölkənin yeni lideri Boris Yeltsin hətta Surovikinin rütbəsini artırıb.
Mart - dekabr 2017, SURİYA!
Surovikin Ərəb Respublikasındakı rus qrupuna komandanlıq edib. Orada hərbi əməliyyatların aparılmasında qəddar və qeyri-standart yanaşmasına görə “General Armageddon (Qiyamət)” ləqəbini alıb. “Human Rights Watch” təşkilatı onu müharibə cinayətlərinə - Bəşər Əsəd əleyhdarlarının nəzarətində olan ərazilərdə evlərə, məktəblərə, xəstəxanalara və bazarlara hücumlara görə məsuliyyət daşıdığını bildirir.
Oktyabr 2022 - Yanvar 2023, UKRAYNA!
Savaş başladıqdan bir müddət sonra Surovikin işğal qüvvələrinə komandanlıq edib. Onun bu dövrdə ictimaiyyət qarşısında ən diqqət çəkən hərəkəti qoşunların Xersondan çıxarılması ilə bağlı “çətin qərarın” elan edilməsidir. Onun rəhbərliyi altında Rusiya ordusu heç bir uğur əldə etməsə də, Ukraynanın mülki infrastrukturuna ağır zərbə vurulub. Xerson yaxınlığında geri çəkildikdən iki ay sonra Surovikin vəzifəsini Baş qərargah rəisi Valeri Gerasimova verib, özü isə onun müavni olub.
İyun 2023, PRİQOJİN QİYAMI!
İyunun 24-ə keçən gecə Surovikin əlini silahında tutaraq "Vaqner" ÖHŞ-nin döyüşçülərinə müraciət edərək onları dayanmağa və "prezidentin iradəsinə və əmrinə tabe olmağa" çağırdı. Dosye Mərkəzinin məlumatına görə, 2017-ci ildən Surovikin Priqojinin rəhbərlik etdiyi "VAGNER" ÖHŞ-nin fəxri üzvü sayılır. ABŞ kəşfiyyat orqanları isə Surovikin üsyanın hazırlanmasından xəbərdar olduğunu və onu himayə etdiyini bildirib.
SUROVİKİNLƏRİN SƏRVƏTİ
Gələn məlumatlara əsasən, Generalın həyat yoldaşı və uşaqları 125 milyon rubl (təxminən 1 milyon 300 min ABŞ dolları) dəyərində daşınmaz əmlaka sahibdirlər. Generalın elitar “Dubrovka” yaşayış kompleksindəki evi qızı tərəfindən öz səhifəsində yayımlanıb. "Rosreyestr" isə onun əsl sahiblərini gizlədir: Həmçinin Surovikinin ailəsinin "Versua Clinic" adlı tibbi cavanlaşma klinikası olduğu üzə çıxıb.
Paylaş: