Macarıstanın Energetika Nazirliyi və Fransanın “Framatome” korporasiyası atom elektrik stansiyalarının istismarı və yanacaq təchizatı üzrə birgə işi nəzərdə tutan əməkdaşlığın dərinləşdirilməsinə dair anlaşma memorandumu imzalayıblar. Macarıstanın Energetika Nazirliyinin məlumatına görə, sənədi Budapeştdə departament rəhbəri Çaba Lantos və Fransa şirkətinin baş direktoru Bernard Fontana imzalayıblar.
Nazirlik 2021-ci ildən nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Framatome ilə əməkdaşlıq etdiyini xatırladıb: "Əsasən təhsil, təlim, tədqiqat və inkişafa yönəlmiş tərəfdaşlıq uzunmüddətli istismar və nüvə elektrik stansiyalarının yanacaq təchizatı üzrə birgə işlərlə tamamlanacaq”.
Qeyd edək ki, Macarıstanda Pakşda 1980-ci illərdə sovet mütəxəssisləri tərəfindən tikilmiş yeganə atom elektrik stansiyası Rusiya nüvə yanacağı ilə işləyir. “Telex” internet nəşrinin yaydığı məlumata görə, sentyabrın 9-da Macarıstanın baş naziri Viktor Orban ölkənin Vətəndaş Forumunun fəalları ilə qapalı görüşdə hökumətin son nəticədə Pakş AES-i Fransanın nüvə yanacağına keçirmək niyyətində olduğunu deyib. Baş nazir burada məqsədin Rusiyadan enerji asılılığını azaltmaq olduğunu da vurğulayıb.
Bu məlumatla bağlı TASS-ın sorğusunu cavablandıran Macarıstanın Moskvadakı səfiri Norbert Konkoy “Telex”in məlumatını təkzib etmişdi: "Macarıstanın baş naziri Viktor Orban belə bir bəyanatla çıxış etməyib. Macarıstan Pakş AES-də Rusiya yanacağını fransız yanacağı ilə əvəz etmək niyyətində deyil. Macarıstan-Rusiya nüvə sahəsində əməkdaşlığı uğurla inkişaf edir və Macarıstan bu əməkdaşlığı davam etdiririk”. Lakin bu gün imzalanan memorandum göstərir ki, ya səfirin hökumətin planından məlumatı yoxdur, ya da bilərəkdən məlumatı təkzib edib.
Qeyd edək ki, Macarıstan Rusiyadan enerji asılılığını azaltmaq üçün Azərbaycandan və Qətərdən qaz almaq üçün müqavilələr imzalayıb.
Müsavat.com
Paylaş: