Aydın Hüseynov: “Qarabağdan könüllü köçmüş ermənilərə “qaçqın və məcburi köçkün” statusu düşmür”
Xəbər verildiyi kimi, Ermənistan hökumətinin 26 oktybardakı iclasında Qarabağdan gedən ermənilərə qaçqın statusu verilməsi haqqında qərar çıxarılıb. Ermənistan hakimiyyətinin bu addımı Qarabağ erməniləri arasında birmənalı qarşılanmayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumatda deyilir ki, vaxtilə Qarabağda yaşamış bəzi ermənilər belə bir qərarı səbirsizliklə gözləyirdilər, çünki onların Ermənistan hakimiyyətinə heç bir ümidləri yoxdur və bu status onlara istənilən ölkədən siyasi sığınacaq üçün müraciət etmək imkanı verəcək: “Digərləri, hələ də qonadarma qurumun gələcəyinə ümidini itirməyənlər olub. İndi onlar ümidsizliyə qapılıblar”.
“Haraparak”ın yazdığına görə, “bu adamlar hesab edirlər ki, Nikol Paşinyan yaxın gələcəkdə qondarma qurumun (olmayan-red.) statusu və köçkünlərin geri qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil”.
“Əvəzində Paşinyan baş ağrısından qurtulmağa çalışır və belə bir status verməklə yaxın gələcəkdə onların gedəcəyinə və beləliklə bu adamlardan qurtulacağına ümid edir. Yəni ”insan yoxdursa, problem də yoxdur",-deyə “Hraparak” yazıb.
Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov isə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hökumətinin “məcburi köçkün” və “qaçqın” adlandırdığı erməniləri Azərbaycan Qarabağdan nəinki köçməyə məcbur etməyib, hətta onların vətəndaşlıq alaraq rahat yaşaması üçün əlindən gələni edib. Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən erməni sakinlər Qarabağdan könüllü köçüblər və gedərkən bu barədə açıq fikirlərini də ifadə ediblər. Onların böyük əksəriyyəti özləri də etiraf ediblər ki, işğal dövründə Ermənistandan, Rusiyadan və ayrı-ayrı ölkələrdən Qarabağa köçüblər: “Onlar Azərbaycan pasportu daşımayıblar, Azərbaycanın işğal olunmuş ərazisinə sərhədlərimizi pozaraq qanunsuz keçiblər və qanunsuz yerləşiblər. İndi həmin insanlar qanunsuz yerləşdikləri Azərbaycan ərazisindən çıxıb gediblər və onlara qaçqın statusu verilə bilməz. Köç zamanı Laçın yolunda jurnalistlərə müsahibə verən ermənilərin əksəriyyəti 1990-cı illərdən sonrakı dövrlərdə Ermənistandan, Rusiyadan, Ukraynadan, Suriyadan və digər ölkələrdən Qarabağa köçdüklərini deyirdilər. Bəllidir ki, Qarabağdan gedənlər ya Ermənistanın və ya Rusiyanın pasportunu daşıyır, ya da artıq buraxılan mifik ”artsax"ın “vətəndaşları”dır.
Ermənistanın Qarabağdan köç edən ermənilərə qaçqın statusu verməsi hüquqi baxımdan absurddur. Beynəlxalq konvensiyayaya görə, qaçqın statusu vətəndaşı olduğu ölkədən qovulanlara verilir. Ermənistan Azərbaycan ərazisində qanunsuz yaşamış öz vətəndaşlarına, Azərbaycan vətəndaşlığını qəbul etməyən, Azərbaycan pasportu daşımayan ermənilərə qaçqın statusu verə bilməz. Belə bir statusu verdiklərini elan etmələri beynəlxalq qanuna görə hüquqi status hesab edilə bilməz".
A.Hüseynovun fikrincə, əslində ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməməklə, başqa ölkələrin pasportunu daşımaqla öz əlləri ilə bu statusdan özlərini məhrum ediblər. Məsələnin digər tərəfi odur ki, Azərbaycan erməni əhalini köçürməyib, ermənilər könüllü gediblər. Rusiya vətəndaşlığı olan ermənilərə də qaçqın statusu tanına bilməz, çünki onlar Rusiyadan Ermənistana qovulmayıb, qanunsuz miqrant kimi yaşadıqları Azərbaycandan köçüb gediblər.
A.Hüseynov qeyd etdi ki, beynəlxalq hüquqla Qarabağdan köçən ermənilərə məcburi köçkün statusu da düşmür. Çünki məcburi köçkün statusu vətəndaşı olduğu ölkənin bir ərazisindən başqa bir ərazisinə məcburi köçmüş şəxslərə verilir.
Deputat sonda dedi ki, işğaldan əvvəl Azərbaycan vətəndaşı olmuş ermənilər və onların övladlarına Azərbaycan dövləti pasport verməyə hazır olduğunu ən yüksək səviyyədə bəyan edib. O da bəyan edilib ki, həmin şəxslərə vətəndaş kimi hər cür qanuni hüquqlar veriləcək. Hətta onlara az qala hər gün çağırış edilib ki, evlərini tərk edib getməsinlər, qalıb yaşasınlar. Həmin ermənilər bütün bunlara baxmayaraq özləri Ermənistana köçüb gediblər.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Paylaş: