Ekspert: “Şvabe kimilər narahat olurlarsa, ilk növbədə qərəzli siyasətlərinə, yanlış addımlarına düzəliş etsinlər”
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniyadan olan üzvü Frank Şvabe “Amerikanın Səsi”nə müsahibəsində yenə ittihamlarla çıxış edib. Şvabe iddia edib ki, Azərbaycanla bağlı vəziyyət olduqca pisdir, hətta guya Azərbaycan “AŞ PA-nın etimadını sarsıtmağa və AŞ PA-nı dağıtmağa çalışır”. “Bununla bağlı bir neçə hal var ki, bizim məruzəçilərimizin ya ölkəyə girişinin qarşısı alınıb və ya orada olarkən, məsələn, həbsxanaları ziyarət etmələrinə, siyasi məhbuslara baş çəkmələri bir neçə dəfə mümkün olmayıb. Bu isə təşkilatın qaydalarına və ideyasına tamamilə ziddir” deyə o bildirib. “Son damla 7 fevralda keçiriləcək növbədənkənar seçkilərə dəvət olunmamağımızdır. Azərbaycan nəinki dəvət göndərməyib, eyni zamanda onlarla seçki müşahidə missiyası təşkil edib ki, bunları saxta seçki müşahidə missiyaları adlandırardım. Bu şəxslər dəvət olunaraq onlar üçün yaxşı proqram təyin edilir, səfərləri yaxşı şəkildə təşkil edilir. Sonda onlar sadəcə deməlidirlər ki, seçkilər yaxşı keçib. Həmçinin, ATƏT də dəvət edilib. Azərbaycanın üzv olduğu iki beynəlxalq qurum var ki, həmin qurumları seçkiləri müşahidə etmək üçün dəvət etməlidirlər. Biri ATƏT-dir, biri də AŞ PA. Siz ”mən bu müşahidə missiyasını daha çox bəyənirəm" deyərək, sadəcə bir qurumu dəvət edib, o birini etməyə bilməzsiniz".
Frank Şvabe iddia edir ki, AŞ PA-nın qərarı Qarabağla bağlı deyil. “Dağlıq Qarabağ sualı, necə istəyirsiniz adlandırın, Avropa Şurasındakı müzakirələrin mərkəzində deyil. Biz beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə sadiqik. Qarabağ və ya Dağlıq Qarabağ, necə istəyirsiniz adlandırın, Azərbaycanın bir hissəsidir. Ancaq bu təşkilat ərazi məsələlərinə baxmır. Avropa Şurası ərazi problemləri ilə bağlı qərar verə, həll yolu tapa bilməz, bununla Birləşmiş Millətlər və ya Minsk qrupu kimi digər beynəlxalq qurumlar məşğul ola bilər. Avropa Şurasının belə bir səlahiyyəti yoxdur. Avropa Şurasının səlahiyyəti üzv ölkələrdə insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın vəziyyətinə nəzarət etməkdir”.
Frank Şvabe deyib ki, Azərbaycanın AŞ PA-da, bütün Avropa vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsində üzv qalmasını istəyirlər: “Çünki bu, bir çoxları üçün milli səviyyədə əldə edə bilmədiklərini əldə edə bilməsi üçün son imkandır. Bizim etmək istədiyimiz budur. Bizim qapılarımız açıqdır. Əgər Azərbaycan desə ki, bəli, biz təşkilatın dəyərlərinə və qaydalarına hörmət edəcəyik, onlar ən qısa zamanda geri qayıtmağa dəvət ediləcəklər”.
Alman deputat bunları da deyib: “Biz üzv ölkələrin məhkəmə qərarlarını icra etməsində israr edirik, Azərbaycanda bununla bağlı çoxlu problemlər var. Onlar təşkilatı dağıda, sarsıda bilməzlər. Əgər Azərbaycan qaydaları ciddiyə almırsa, qaydalar bizim üçün keçərli deyil və ya yarı-keçərlidir deyirsə, digər 45 ölkə niyə bütün qaydalara riayət etdiyini desin?! Onlar təşkilatı dağıdacaqlar, biz bunun baş verməsinə imkan verməyəcəyik”.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov isə “Yeni Müsavat”a bildirdi ki, Frank Şvabenin müsahibəsindəki fikirlər əsassız, reallıqdan kənar və ittihamedici mövqedir: “Azərbaycanın hazırkı reallıqlarını kölgə altına almağa xidmət edən fikirlər bilərəkdən səsləndirilib. Frank Şvabe Azərbaycana qarşı təxribat və təzyiq xarakterli kampaniyanın başında duran adamlardandır. İndiyə qədər imkan tapdığı bütün platformalarda Azərbaycana qarşı qətnamələr qəbul etdirməyə çalışan Fransa idi. İndi ünvanı bir az dəyişmək istəyirlər. Yeni qərəz ünvanı kimi Almaniya nümayəndə heyətinin rəhbəri Şvabenin üzərində dayanıblar. Çünki o anti-Azərbaycan mövqeyi ilə seçilib. Niyə məhz indi sualına özləri də cavab verə bilmirlər. Bu, Şvabenin cavabından da görünür. Əslində sualın cavabı budur ki, məhz indi Azərbaycana qarşı hücumlar Azərbaycanın müharibədə Ermənistan üzərində qələbə qazanması, Qarabağda separatizmi çökdürməsi və Cənubi Qafqazda reallıqları dəyişməsi ilə əlaqədardır. Şvabe müsahibəsində özündə cəsarət tapıb bunu etiraf etmək əvəzinə tamamilə əlaqəsi olmayan fikrilər səsləndirir”.
Ekspert vurğuladı ki, Azərbaycan seçkilərlə bağlı dünyada bir nömrəli ixtisaslaşmış müşahidəçi statusuna malik ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu 7 fevral Prezident seçkisini müşahidə etmək üçün rəsmi dəvət edib. Büronun uzunmüddətli müşahidə missiyası artıq xeyli vaxtdır seçki kampaniyasını müşahidə edir. Seçkiləri sonadək müşahidə edəcəklər. AŞ PA-nın müşahidə missiyası onsuz da həmişə ATƏT DTHİB-nin müşahidə missiyasının kölgəsində qalıb və əslində onların hesabatlarından yararlanıblar. İndi belə məlu olur ki, Şvabe ATƏT DTİHB-nin dəvət olunmasını sanki istəmirmiş: “O zaman sual olunur ki, siz əgər seçkinin müşahidəçiliyini səmimi olaraq istəyirdinizsə ən nüfuzlu müşahidəçi statusunda olan qurumun seçkini müşahidə etməsinə niyə sevinmirsiniz. Şvabe müsahibəsində seçkinin müşahidəçiliyini həyata keçirəcək və keçirən təşkilatlara böhtan atmaqdan da çəkinmir. Heç bir dəlil-sübut olmadan onları rüşvətxorluqda suçlayır. Bu, özünü ciddi hesab edən heç bir siyasətçiyə yaraşan hal deyil. Lakin Şvabenin qərəzi o qədər gözünü örtüb ki, böhtan atmaqdan belə çəkinmir”.
Ekspertnin sözlərinə görə, Azərbaycan Prezidentinin 1 fevralda AŞ PA-ya ünvanladığı mesaj da bir daha göstərdi ki, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz. AŞ PA -da qalıb-qalmamaq məsələsinə yenidən baxmağa qədər gedə bilərik. AŞ PA-nın dağılmasından Şvabe kimilər narahat olurlarsa ilk növbədə qərəzli siyasətlərinə, yanlış addımlarına düzəliş etsinlər. Çünki AŞ PA-nı dağıdan, ona etimadı sarsıdan Azərbaycan deyil, onların özləridir.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
Paylaş: