Xəbər lenti

Təqribən bir həftə əvvəl İranın Moskvadakı səfirliyinin işçisi Hüseyn Cahangirinin vəfat etdiyi barədə xəbər yayıldı.

Rusiya mediasının məlumatına əsasən, səfirliyin əməkdaşı Pyatnitskoye şosesində, yaşadığı evdən bir qədər aralıda yerləşən ticarət mərkəzindəki fitnes klubunda ölüb.

İddiaya görə, axşam saat 6-da klubda olarkən Cahangiri özünü pis hiss edib və huşunu itirib. Hadisə yerinə gələn həkim briqadası onu xilas etmək üçün əlindən gələni edib, lakin 56 yaşlı Cahangiri dünyasını dəyişib. Ölümün səbəbi kimi infarkt göstərilib.

Rəsmi açıqlamalarda Cahangirinin səfirliyin tərcüməçisi olduğu bildirilib. Belə ki, onun vəfatı ilə bağlı İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlalinin verdiyi başsağlığında o, “peşəkar və məharətli tərcüməçi” kimi təqdim olunub.

Daha sonra rəsmi İRNA agentliyi Xarici İşlər naziri Hüseyn Əmir-Abdullahiyanın Hüseyn Cahangirinin vəfatı ilə əlaqədar səfir Kazım Cəlaliyə başsağlığı məktubu ünvanlandığı barədə məlumat yayıb. Məlumatda onun uzun illər ərzində İranın Moskvadakı səfirliyində tərcüməçi kimi çalışdığı vurğulanıb.

Yayılan görüntülərdən aydın olur ki, Cahangirinin ölümü ilə əlaqədar İranın Rusiyadakı səfirliyinin qarşısındakı dövlət bayrağı matəm əlaməti olaraq, yarıya qədər endirilib. Bununla yanaşı, fevralın 11-də, yəni İranın Milli Bayramı - İslam İnqilabının ildönümü günündə Moskvadakı “Xatəmül-Ənbiya” məscidində Cahangirinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Bütün bunlar Hüseyn Cahangirinin heç də sıravi tərcüməçi olmadığını aydın şəkildə nümayiş etdirir.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 2 984          Tarix: 13-02-2024, 22:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma