Bu gün Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Azərbaycanın bu addımı atması Qarabağın işğaldan tam azad olunmasında hansı rolu oynadı?
Siyasi şərhçi Heydər Oğuz Herbiand.az-a bildirib ki, Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsini qurmasının məhz 23 aprelə salmasının çox mühüm simvolik mənası var idi:
“Bilirsiniz ki, 1920-ci ildə Türkiyənin qurucu lideri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisi qurulmuş və qardaş ölkə dünyanın imperialist qüvvələrinə qarşı mübarizəyə başlamışdı. Türkiyənin işğaldan azad olunması məhz bu tarixi hadisədən başlayır və Atatürkün 1933-cü ildə imzaladığı Fərmanla 23 aprel Suverenlik və Çocuq bayramı kimi qeyd olunur. 103 ildən sonra Azərbaycanın Laçın buraxılış-keçid məntəqəsini qurması da əslində öz dövlət ərazilərində suverenliyini tam bərqərar etməsi anlamına gəlir. Məlum olduğu kimi, suverenlik öz ərazilərinə tam nəzarət etmək və öz qanunları ilə onu idarə etmək mənasına gəlir. 23 aprel 2023-cü ilə qədər Laçın dəhlizi rus sülhməramlılarının əlində olduğundan Azərbaycanın tam suverenliyinə qovuşduğundan söhbət gedə bilməzdi. Çünki müəyyən ərazilərimiz hələ də rus sülhməramlılarının nəzarətində idi. Laçın buraxılış-keçid məntəqəsini qurmaqla Azərbaycan məhz bu xüsusiyyətini əldə etdi”.
Heydər Oğuz xatırlatdı ki, ermənilər özlərinin soyqırımı gününü 23 apreldən cəmi bir gün sonra 24 apreldə keçirir:
“Çünki 1915-ci ilin 24 aprelində Osmanlı hökuməti öz sərhədlərində təxribat yaradan, çar ordusu ilə əlbir olub minlərlə türkü qanına qəltan edən erməniləri imperiyanın içərilərinə sürdü. Ermənilər məhz həmin günü etnik təmizləmə və soyqırım kimi qiymətləndirir və bunu milli yas günü kimi keçirirlər. Azərbaycan 23 apreldə bu addımı atmaqla əslində onlara növbəti tarixi məğlubiyyəti yaşatdı”.
Siyasi şərhçinin fikrincə, Laçın buraxılış-keçid məntəqəsinin yaradılmasının bir neçə səbəbi var idi:
“Əvvəla, ermənilər 2020-ci ildə imzaladıqları 10 noyabr Bəyannaməsinə əməl etmir və Zəngəzur dəhlizini açmaq istəmirdilər. Azərbaycan da təktərəfli qaydada Qarabağ ermənilərinə hər hansı dəhliz verməyəcəyini bəyan etmişdi. İlyarım davam edən danışıqlardan sonra heç bir nəticə ala bilməyən Azərbaycan, nəhayət Laçın dəhlizini bağlamaq qərarına gəldi. Digər tərəfdən, erməni separatçıları Azərbaycanın nəzarəti altında olmayan bu dəhlizdən silah-sursat keçirib Qarabağ ətrafındakı ordu birliklərimizə qarşı terror hadisəsi reallaşdırırdılar. Sözsüz ki, onlara bu sahədə rus sülhməramlıları da yardım göstərirdi. Azərbaycan bu təxribatların da qarşısını almaq üçün mütləq Laçın dəhlizini nəzarət altına almalı idi və aldı”.
Heydər Oğuzun fikrincə, Laçın dəhlizinin nəzarətə götürülməsindən və rayonun Ermənistanla sərhədində buraxılış-keçid məntəqəsinin qurulmasından sonra bunun müsbət nəticələri də özünü çox gözlətmədi:
“Faktiki olaraq, silah təchizatı kəsilən erməni terrorçularının bütün fəaliyyəti Azərbaycanın müvafiq orqanları tərəfindən daha rahat izlənildi. Onların daha çox silahlanmasına imkan verilmədi. Ardınca da bir neçə aydan sonra bir günlük antiterror tədbiri keçirildi və erməni separatizminin beli qırıldı. Əli Azərbaycanlı qanına batan Qarabağ erməniləri də artıq yeni status-kvoda yaşaya bilməyəcəklərini düşündüklərindən Qarabağı tamamilə tərk etməli oldular. Bu baxımdan, 23 apreli həqiqətən də Qarabağın erməni separatizmindən təmizlənməsinin başlanğıcı saymaq olar”.
Bəxtiyar CƏFƏRLİ
Paylaş: