Xəbər lenti


Son zamanlar erməni separatçılarının rus “sülhməramlı”larının nəzarəti altında fəallaşmasının başlıca səbəbi Moskvanın rəsmi Bakıya təzyiqi kimi qiymətləndirilir. Bu versiyaya görə, Moskva hələ də Qarabağda yerləşdirilmiş “sülhməramlı” kontingentinin legitimliyini təmin etmək üçün Azərbaycandan onun mandatını tanımasını, bu barədə hazırlanmış protokola imza atmasını istəyir. Azərbaycan isə bir sıra post-sovet məkanında təcrübələrə və Putin tərəfindən hazırlanmış protokol layihəsindəki bəzi müddəlarının suverenlik hüquqlarımıza cavab verməməsi məntiqinə söykənib tələblə razılaşmır. Bir ildir davam edən danışıqların heç bir nəticə verməməsi, əksinə Azərbaycan rəsmilərinin Türkiyə ilə münasibətlərini daha da genişləndirməsi Rusiyanı qəzəbləndirir və Kreml erməni təxribatları ilə Bakını dizə gətirməyə çalışır.
 
Bəs, “rus sülhməramlı”larının mandatı deyiləndə nə nəzərdə tutulur və Bakı niyə bu tələblərlə razılaşmır?
 
Dəyərli ekspert Şahin Cəfərlinin bu barədə hələ sentyabr ayında Bakı Araşdırmalar İnstitutu üçün qələmə aldığı “Qarabağdakı sülhməramlıların legitimlik problemi” sərlövhəli yazısı bu suala cavab axtarır.
 
Aktuallığını nəzərə alıb məqaləni Ovqat.com oxucularına təqdim edirik.



2020-ci il 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat əsasında Qarabağda və Laçın dəhlizində Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib. Bəyanatda yalnız sülhməramlı hərbi qulluqçuların və onların sərəncamındakı hərbi texnikanın sayı, eləcə də missiyanın müddəti göstərilib. Sülhməramlıların fəaliyyətini, səlahiyyət çərçivəsini müəyyən edən və tənzimləyən müddəalar bu sənəddə yoxdur. Yəni hazırda sülhməramlıların hüquqi statusu, mandatı ilə bağlı qeyri-müəyyənlik var. Ermənistanın Baş naziri Nikol Paşinyanın iyulun 29-da hökumətin iclasında Azərbaycanın sülhməramlıların mandatına dair sənədi imzalamadığını bildirməsi, bunun ardınca Rusiya-Azərbaycan münasibətlərində müşahidə olunan anlaşmazlıq və ziddiyyətlər bu mövzunu aktuallaşdırıb. Bu yazıda Qarabağdakı Rusiya sülhməramlılarının mandatı ətrafında yaranmış vəziyyət və Rusiya ilə Azərbaycan arasındakı mübahisələrin bu məsələ ilə əlaqəsi, eləcə də Rusiyanın postsovet məkanında keçirdiyi sülhyaratma əməliyyatları zamanı sülhməramlı qüvvələrin mandatının hansı prinsiplər əsasında müəyyənləşdirildiyi araşdırılıb.[1]

Rusiya sülhməramlılarının Qarabağa qədər postsovet məkanındakı fəaliyyətinin hüquqi bazası

1992-ci il iyulun 21-də Moldova ilə Rusiya arasında imzalanmış Dnestryanı ərazidə silahlı münaqişənin sülh yolu ilə həlli prinsipləri haqqında sazişə əsasən üçtərəfli sülhməramlı qüvvələr yaradılıb və onun tərkibinə 6-sı Rusiyadan, 6-sı münaqişə tərəflərindən olmaqla, 12 batalyon daxil olub. Sülhməramlılar münaqişə tərəfləri Moldova və Dnestrdən 6 (hər birindən 3) və Rusiyadan 6 nəfərin daxil olduğu Vahid Nəzarət Komissiyasının tabeliyinə verilib. Sülhməramlıların statusu da məhz bu Komissiya tərəfindən müəyyən olunub. 1992-ci il iyulun 29-da Vahid Nəzarət Komissiyasının iclasında Moldova Respublikasının Dnestr regionunda silahlı münaqişəyə son qoyulması üçün nəzərdə tutulan hərbi kontingentlərin və hərbi müşahidəçilər qrupunun yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında müvəqqəti Əsasnamə təsdiqlənib. Paralel olaraq, eyni dönəmdə Cənubi Osetiyadakı konfliktin həllində də bu model tətbiq edilib. 1992-ci il iyunun 14-də Rusiya və Gürcüstan prezidentləri Soçi görüşündə münaqişənin həlli prinsiplərinə dair saziş imzalayıblar. Sazişə əsasən, atəşkəsə nəzarət və təhlükəsizliyin təmin edilməsi üzrə 3 tərəfin nümayəndələrindən ibarət Qarışıq Nəzarət Komissiyası yaradılıb, sülhün dəstəklənməsi üzrə Qarışıq Qüvvələrin və hərbi müşahidəçilər qrupunun formalaşdırılaraq, Komissiyanın tabeliyinə verilməsi qərarlaşdırılıb. Yeri gəlmişkən, qeyd edək ki, sözügedən dövrdə Qarışıq Nəzarət Komissiyasının Rusiya tərəfdən həmsədri indiki müdafiə naziri Sergey Şoyqu idi. Bu Komissiyanın qərarı ilə 1994-cü il dekabrın 6-da gürcü-osetin münaqişəsi zonasında vəziyyətin normallaşdırılması üçün nəzərdə tutulan hərbi kontingentlərin və hərbi müşahidəçi qruplarının fəaliyyətinin əsas prinsipləri haqqında Əsasnamə qəbul olunub.



Hər iki əsasnamədə sülhməramlı qüvvələrin (hərbi kontingentlər və hərbi müşahidəçilərin) hüquqları və vəzifələri eynidir. Rusiya Dnestr regionundakı sülhməramlı əməliyyatın prinsipləri, sülhməramlıların mandatına dair işləyib hazırladığı hüquqi bazanı Cənubi Osetiyadakı analoji əməliyyatda da tətbiq edib. Buna əsasən sülhməramlı qüvvələrin vəzifələri sırasına aşağıdakılar aid edilib:

1. Atəşkəs rejimini tam təmin edir, tərəflərin nəzarətindən kənar bütün silahlı birləşmələrin fəaliyyətinin qarşısını alır və onları ləğv edir, hər cür qrup konfliktinin (o cümlədən silahlı) qarşısını qətiyyətlə alır; ağır hərbi texnikanın və silahların, canlı qüvvənin tərəflərin razılaşdırdığı hüdudlara geri çəkilməsi barədə əldə olunmuş anlaşmanın yerinə yetirilməsinə nəzarət edir; münaqişə zonasına və ona bitişik ərazilərə vəziyyəti destabilizasiya edə biləcək silahlı qrupların, digər nəzarətdən kənar birləşmələrin daxil olmasının qarşısını alır;
2. Münaqişə zonasına terrorçuluq, diversiya aktları və hərbi əməliyyatlarda istifadə edilə biləcək silah, hərbi texnika, digər hərbi ləvazimat, partlayıcı və zəhərləyici maddələrin, başqa vasitələrin müvafiq icazə olmadan gətirilməsinə və oradan aparılmasına imkan vermir;
3. Münaqişə zonasına şəxslərin, yük və nəqliyyatın buraxılmasını və əks istiqamətdə hərəkəti bunun üçün müəyyənləşdirilmiş yerlərdə həyata keçirir, ehtiyac olarsa, bu zona və ona bitişik ərazilərdə nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır, onlara baxış keçirir;
4. Münaqişə zonasında və ona bitişik ərazilərdə qayda-qanunun təmin edilməsi və cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanlarına yardım edir.

Sülhməramlıların hüquqları:

1. Qoşun qruplarına (patrul, keşikçi, müşahidə postları, pusqu və s.) malik olmaq, yollarda hərəkəti dayandırmaq (şlaqbaumlar qoymaq), yaşayış evlərinə, bağlara, əkin yerlərinə, yol və digər qurğulara zərər vurmadan ərazinin istənilən yerində hərəkət etmək;
2. Münaqişə zonasında fövqəladə vəziyyət rejiminin tələblərinə tabe olmayan və riayət etməyən silahlı quldur dəstələrini, qrupları və şəxsləri təqib etmək, saxlamaq, silahlı müqavimət göstərəcəkləri təqdirdə isə məhv etmək;
3. Birləşmiş vahid komandanlığın əmrinə uyğun olaraq motoatıcı birləşmələrin sərəncamında olan silahlar və hərbi texnika ilə döyüş əməliyyatları aparmaq (Dnestrlə bağlı sənəddə Mi-24 helikopterləri də qeyd edilib – Ş.C.);
4. Vətəndaşların şəxsiyyətini, əraziyə giriş-çıxış və orada hərəkət etmə hüquqlarını təsdiq edən sənədləri yoxlamaq, eləcə də şəxslərə, yük və nəqliyyat vasitələrinə baxış keçirmək;
5. Münaqişə zonasında fövqəladə vəziyyət rejiminin qaydalarını pozan vətəndaşları saxlamaq.



Abxaziyada sülhməramlı əməliyyat 1994-cü ilin iyununda MDB Dövlət Başçıları Şurasının qərarı ilə həyata keçirilib və münaqişə zonasına MDB-nin Sülhün qorunması üzrə Kollektiv Qüvvələri yeridilib. Lakin bu qüvvələr tamamilə Rusiya əsgərlərindən ibarət olub. Bununla belə, Dnestr və Cənubi Osetiya münaqişələrindən fərqli olaraq, Abxaziyada sülhyaratma əməliyyatında BMT-də iştirak edib. Təşkilatın Təhlükəsizlik Şurasının qərarı ilə Gürcüstanda müşahidəçilik üzrə missiya təsis olunaraq, bu ölkəyə 50 hərbi müşahidəçi göndərilib. Dnestr və Cənubi Osetiyada olduğu kimi, Abxaziyadakı sülhməramlıların mandatı ilə bağlı da ayrıca sənəd mövcud olub. Sülhməramlı qüvvələr atəşkəsə nəzarət, münaqişə tərəflərinin qüvvələrini ayırmaq və hərbi əməliyyatların bərpasının, eləcə də terrorçu, təxribatçı və digər silahlı qrupların fəaliyyətinin qarşısını almaq, Abxaziya xaricindən gəlmiş bütün könüllü birləşmələri ləğv edərək ərazidən çıxarmaq, BMT missiyası ilə birlikdə Gürcüstan tərəfinin konflikt zonasından çıxardığı ağır hərbi texnikaya nəzarət etmək, münaqişə zonasını tərk etmiş insanların qayıdışı üçün şərait yaratmaq, münaqişədən zərər çəkmiş rayonların bərpasına və əhaliyə humanitar yardımın göstərilməsinə kömək etmək, minatəmizləmə işləri aparmaq, əldə olunmuş razılaşmaların icrasını müşahidə etmək kimi geniş spektrli səlahiyyət və vəzifələrə malik idi. Sənəddə Kollektiv Qüvvələrin komandanının səlahiyyəti də ayrıca qeyd olunmuşdu. Komandan MDB Dövlət Başçıları Şurasına tabe idi və onlara hesabat verirdi. 

Azərbaycan sülhməramlıların mandatı ilə bağlı sənədi niyə imzalamır?

Göründüyü kimi, Rusiyanın bundan əvvəl həyata keçirdiyi bütün sülhməramlı əməliyyatlar zamanı sülhməramlı qüvvələrin fəaliyyəti hüquqi təmələ söykənib. Qarabağdakı sülhyaratma əməliyyatı isə 10 noyabr 2020-ci il Bəyanatı ilə başlasa da, hələlik sülhməramlı qüvvələrin səlahiyyət çərçivəsini müəyyən edən sənəd razılaşdırılmayıb. Bəyanatın üç maddəsində sülhməramlılardan bəhs olunur: 3-cü maddədə Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu 1960 sayda sülhməramlı kontingentin yerləşdirilməsindən, onların sərəncamındakı hərbi, avtomobil və xüsusi texnikanın sayından; 4-cü maddədə sülhməramlıların erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsindən və onların ərazidə qalma müddətindən; 6-cı maddədə isə Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşasından sonra həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsindən bəhs olunur. Bəyanatda əlavə heç bir detal yoxdur.



Həm Ermənistan, həm də Rusiya tərəfinin rəsmi açıqlamaları, eləcə də açıq mənbələrdə yayılan məlumatlara əsasən, güman edə bilərik ki, Qarabağdakı sülhməramlıların statusu ilə bağlı ayrıca sənəd hazırlanıb, sadəcə olaraq, Azərbaycan onu imzalamayıb. Nikol Paşinyan bu barədə ilk dəfə 2020-ci ilin dekabrında açıqlama verib. 2021-ci il yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşün mediaya açıq hissəsində prezident Putin tərəflərə Dağlıq Qarabağ münaqişəsi zonasındakı Rusiya sülhməramlı kontingentinin statusunun dəqiqləşdirilməsini təklif edib. Görüşün yekunları əsasında bölgədə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı növbəti üçtərəfli Bəyanat qəbul edilsə də, sülhməramlılarla əlaqəli hər hansı razılaşma olmayıb. Elə həmin gün nüfuzlu Rusiya nəşri Nezavisimaya qazetada dərc edilən yazıda qeyd olunub ki, sülhməramlıların statusu ilə bağlı Ermənistan müvafiq Memorandumu imzalasa da, Bakı irəli sürdüyü xüsusi şərtlər yerinə yetirilmədən ona imza atmayacağını bildirir. Söhbət hansı şərtlərdən gedir? Qəzetin iddiasına görə, Azərbaycan tərəfi Qarabağın nəqliyyat kommunikasiyaları, o cümlədən bu ərazini Ermənistanla birləşdirən yol (Laçın dəhlizi) üzərində nəzarət hüququ, Dağlıq Qarabağın idarə olunmasında iştirak hüququ və Dağlıq Qarabağ ordusunun buraxılmasını tələb edir. Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan da bildirib ki, 10 noyabrda məlum Bəyanatla bərabər, həm də sülhməramlıların mandatına dair sənəd masada olub və Rusiya ilə Ermənistan onu imzalasa da, Azərbaycan imtina edərək 3 şərt irəli sürüb:

1. Qarabağda heç bir erməni silahlı dəstələri olmamalıdır;
2. Ermənistan rəsmilərinin Qarabağa səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır;
3. Qarabağın özünüidarəetmə orqanları Bakı və sülhməramlıların razılığı ilə təyin olunmalıdır.

Qarabağdakı sülhməramlıların hüquqi durumunu tənzimləyən sənədin mətni hələ məlum olmasa da,  çox güman ki, onun hazırlanmasında Rusiya dövləti bu sahədə əvvəlki təcrübələrini əsas götürüb. Dnestr, Cənubi Osetiya və Abxaziyada sülhməramlılar təhlükəsizlik, asayiş, inzibati və humanitar sahədə çox geniş hüquq və vəzifələrə malik olub, hətta sülhməramlılara hərbi əməliyyatlar keçirmək hüququ da verilib. Təcrübə göstərir ki, bu cür geniş çərçivəli mandat həmin ərazilərin faktiki olaraq, Rusiyanın tam nəzarətinə keçməsi ilə nəticələnir və mərkəzi hökumətin münaqişə zonasında suverenlik hüquqlarının təmin olunmasını istisna edir. Qarabağdakı sülhməramlı əməliyyat üçün 5+5 il formulu üzrə zaman məhdudiyyəti müəyyən edilib. Amma müqayisə üçün qeyd edək ki, Rusiyanın indiyədək postsovet məkanında keçirdiyi sülhməramlı əməliyyatların heç biri sülhməramlı qüvvələrin münaqişə zonasını tərk etməsi ilə nəticələnməyib, hətta ərazisində sülhməramlı əməliyyat keçirilən dövlətlərin bu yöndə tələbləri Rusiya tərəfindən qəbul olunmayıb. Bu səbəblərdən Azərbaycanın sülhməramlı qüvvələrin mandatı ilə bağlı sənədə imza atmaqda tərəddüdləri var.



Başqa bir problem isə Azərbaycan ərazisindəki sülhyaratma əməliyyatına dair sənədə Ermənistanın da tərəf kimi qoşulmasıdır. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycan öz şərtlərini irəli sürməklə yanaşı, sülhməramlıların mandatını yalnız Rusiya ilə ikitərəfli əsasda imzalaya biləcəyini Moskvanın diqqətinə çatdırıb.      

Rusiya-Azərbaycan münasibətlərində üzə çıxan ziddiyyətlər

Qarabağdakı sülhməramlı kontingentin əsasını Rusiya Federasiyası Silahlı Qüvvələrinin 15-ci əlahiddə motoatıcı briqadasının hərbi qulluqçuları təşkil edir. Bu qüvvələr Qarabağda müntəzəm hərbi təlimlərlə məşğuldur və təlimlərdə sülhməramlıların blok-postlarına ehtimal olunan hücumlardan müdafiə taktikaları sınaqdan keçirilir. Azərbaycanın rəsmi dairələrinə yaxın olan media resurslarına istinadən söyləmək mümkündür ki, Bakıda bu məsələdən narahatlıq var. Sual yaranır: bunlar rutin hərbi hazırlıqlardır, yoxsa Rusiya komandanlığı Qarabağdakı qüvvələrinin silahlı hücumlara məruz qalacağını gözləyir? Rusiya siyasətçilərinin açıqlamalarına nəzər yetirdikdə anlamaq olur ki, onlar əsgərlərinə hansısa təhlükə gözləyirlər, yaxud belə bir təhlükənin olduğunu məqsədli şəkildə gündəmə gətirirlər. İyulun 30-da Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bu mövzuda açıqlamaları diplomatik qalmaqala səbəb oldu. Jirinovski Komsomolskaya pravda radiosuna müsahibəsində “heç kim rus əsgərinə əyri baxmaq haqqına sahib deyil” deyərək, şəxsən Azərbaycan prezidentinin ünvanına xəbərdarlıqla çıxış etdi. Jirinovski Rusiya Dövlət Dumasında daimi təmsil olunan sistem partiyalarından birinin lideridir və oğlu Dumanın sədr müavini postunu tutur. Belə bir rəy geniş yayılıb ki, Rusiyanı idarə edənlər rəsmi, diplomatik səviyyədə ifadə etmək istəmədikləri fikirləri bəzən Jirinovski vasitəsilə çatdırırlar. Azərbaycan XİN-in onun açıqlamaları ilə əlaqədar Rusiyanın Bakıdakı müvəqqəti işlər vəkilini dəvət edib, etiraz notası təqdim etməsi faktı da göstərir ki, Jirinovski bir siyasətçi kimi Bakıda ciddi qəbul olunur və onun mövqeyindən duyulan narahatlığın diplomatik kanallarla Rusiya hökumətinin diqqətinə çatdırılmasına ehtiyac hiss edilir. Xatırlatmaq yerinə düşər ki, 10 noyabr 2020-ci il Bəyanatının imzalandığı gün Rusiya Dövlət Dumasının sədr müavini, prezident partiyası – Vahid Rusiyanın rəhbərliyində təmsil olunan Pyotr Tolstoy da Qarabağdakı sülhməramlıların təhlükəsizliyi ilə bağlı sərt xəbərdarlıqla çıxış etmişdi. Rossiya 1 dövlət telekanalının efirində danışan Tolstoy postsovet məkanını Rusiyanın maraq zonası adlandıraraq, bu xəbərdarlığı etmişdi: “Yalnız Rusiya və bizim sülhməramlılarımız bu münaqişəni dayandıra, Qarabağı tam məhv olmaqdan xilas edə bildilər. Rus sülhməramlısının həyatına qəsd edəcək hər kəs Saakaşvilinin yuxuda belə görə bilməyəcəyi aqibətlə üzləşəcək. Yəni ötən dəfə Tbilisini götürmədiksə, bu dəfə hər şey daha ciddi olacaq.” Qarabağı məhv olmaqdan xilas etdiklərini deyən Tolstoyun xəbərdarlığının ünvanının erməni tərəfi olmadığını güman etmək olar.



Bəs son günlər nə baş verir? Avqustun 9-da caliber.az internet resursunda Ermənistan Qarabağa ordu göndərir, sülhməramlılar susur başlığı ilə məlumat və videomaterial yerləşdirilib. Orada Ermənistanın hərbi yük avtomobilləri ilə Qarabağa əsgər göndərdiyi, eləcə də mülki geyimdə Ermənistan hərbçilərinin minik avtomobilləri ilə Qarabağa gəldikləri, Rusiya komandanlığının bundan xəbərdar olduğu halda hər hansı tədbir görmədiyi bildirilir, sülhməramlıların və ümumən Rusiyanın səmimiyyətindən şübhə ifadə olunur. Heç kimə, o cümlədən, Rusiyaya sirr deyil ki, bu tip paylaşımlar əslində Azərbaycanın rəsmi mövqeyinin qeyri-rəsmi kanallarla çatdırılması deməkdir – Jirinovski örnəyinə oxşar şəkildə.

Sonrakı günlərdə iki ölkə Müdafiə Nazirlikləri arasında müşahidə olunan söz çəkişməsi Bakı və Moskva arasındakı anlaşmazlığın təsdiqi sayıla bilər. Avqustun 10-da Rusiya Müdafiə Nazirliyinin sülhməramlı qüvvələrin fəaliyyətinə dair informasiya bülletenində siyasi xarakterli yenilik gözə dəydi. Şuşa ətrafındakı atəşkəs pozuntusu barədə məlumatda “Dağlıq Qarabağın silahlı birləşmələri və Azərbaycan silahlı qüvvələri arasında” cümləsindən istifadə olunmuşdu. Üçtərəfli Bəyanatda münaqişə tərəfləri kimi Azərbaycan Respublikası və Ermənistan Respublikası qeyd olunur, o tarixdən bəri Rusiya tərəfinin rəsmi açıqlamalarında Dağlıq Qarabağın silahlı birləşmələri deyə bir təqdimata rast gəlinməmişdi. Avqustun 11-də isə Azərbaycan Müdafiə Nazirliyi rəsmi açıqlamasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Azərbaycan ərazilərinə daşındığını təsdiqlədi və Rusiya sülhməramlı qüvvələrini bu hallara son qoymağa çağırdı. Bakı hesab edir ki, Ermənistan bununla üçtərəfli Bəyanatı kobud şəkildə pozur, Rusiya sülhməramlıları isə yenə həmin sənədə zidd olaraq belə halların qarşısını almır. Ertəsi gün Rusiya Müdafiə Nazirliyinin növbəti informasiya bülletenində yazılanları Azərbaycan tərəfinə cavab hesab etmək olar. Rəsmi mətndə Azərbaycan silahlı qüvvələrinin zərbə tipli kvadrokopterdən istifadə edərək, Dağlıq Qarabağın silahlı birləşmələrinin mövqelərinə iki dəfə zərbə endirdiyi qeyd olundu. Sülhməramlı əməliyyat başlanandan bu yana ilk dəfə idi ki, Rusiya rəsmi şəkildə Azərbaycanı atəşkəsi pozmaqda ittiham edirdi.



Bakının narazılığına səbəb olan başqa bir məsələ Rusiyanın Ermənistan ordusunu modernizasiya etməsi və yenidən silahlandırmağa başlamasıdır. “Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir. Bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir”, – deyə Azərbaycan prezidenti İlham Əliyev CNN Türk telekanalında avqustun 14-də yayımlanan müsahibəsində bildirib. Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunun avqustun 11-də Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanı qəbul edərkən ona xəncər hədiyyə edərək “Ermənistana silah tədarükü başladı” deməsini nəzərdə tutur. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dediklərindən isə belə məlum olur ki, Rusiya tərəfindən Ermənistan ordusunun silahlarının yenilənməsi ötən il müharibədən sonra da davam edib və yenilik deyil. Baş Qərargah rəisi Artak Davtyan isə zamanı gələndə Rusiyadan aldıqları müasir silahları göstərəcəklərini vurğulayıb. 

Nəticə

Yaranmış ziddiyyətlərin əsas səbəbi 2020-ci il 10 noyabr Bəyanatında boşluqların (o cümlədən sülhməramlıların fəaliyyəti ilə bağlı), qeyri-müəyyənliklərin və tərəflərin fərqli şərh etdiyi müddəaların mövcud olmasıdır. Azərbaycanın mövqeyi budur ki, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır və orada yerli ermənilərin də silahlı dəstələri ola bilməz. Bakı Bəyanatın 4-cü maddəsinə (Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir) istinad edir, Ermənistan isə 1-ci maddəyə (Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar) istinad edərək Qarabağdakı hərbi mövcudluğunu bununla əsaslandırır. Sülhyaratma əməliyyatını keçirən Rusiya isə son həftələrdə münaqişə zonasındakı erməni hərbi qüvvələrini Dağlıq Qarabağın hərbi birləşmələri adlandırmaqla onları legitimləşdirmiş olur.



Rusiya Müdafiə Nazirliyinin məlumatlarında müntəzəm yer alan sülhməramlıların məsuliyyət zonası ifadəsi də mübahisəlidir. Çünki üçtərəfli Bəyanatda belə bir zonadan bəhs olunmur. 3-cü maddədə Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi müəyyən edilib, halbuki hazırda Qarabağda təmas xəttinin erməni tərəfindəki bütün ərazi Rusiya komandanlığının nəzarəti altındadır. Bu məqam Azərbaycan XİN-in Ermənistan XİN-ə 11 avqust tarixli cavabında da qeyd olunur, amma Bakı Rusiya ilə münasibətlərdə gərginliyin yaranmasından çəkindiyi üçün öz ritorikasında bu məsələnin üzərindən sükutla keçir. Ehtimal kimi qeyd edə bilərik ki, ola bilsin, sülhməramlıların məsuliyyət zonasına aid olan ərazilər məhz sülhməramlıların mandatına dair sənəddə göstərilib. Başqa bir məqam budur ki, Bəyanat Laçın dəhlizindəki Rusiya sülhməramlılarının üzərinə Dağlıq Qarabağa hərbi qüvvə, silah-sursat daşınmasının qarşısını almaqla bağlı hər hansı öhdəlik qoymur.

Bütün bunlar, o cümlədən Azərbaycanın sülhməramlıların mandatını təsdiqləməkdən imtina edərək onların legitimliyinə şübhə yaratması Azərbaycan-Rusiya münasibətlərində anlaşmazlıqları artırıb. Ermənistan-Rusiya münasibətlərində isə inqilabdan sonra Moskvanın Paşinyana etimadsızlığından qaynaqlanan soyuqluq və anlaşmazlıqların tədricən aradan qaldırılaraq etimad mühitinin bərpa olunması müşahidə edilir. Parlament seçkilərindən və yeni müdafiə nazirinin təyinatından sonra iki ölkə hərbi müttəfiqliyinin inkişafında yeni səhifə açıldığını söyləmək olar. Azərbaycan prezidentinin sərt ritorikası fonunda Paşinyan hökuməti Rusiya ilə müttəfiqliyi Ermənistanın təhlükəsizlik təminatı kimi görür və Moskva ilə hərbi əməkdaşlığı dərinləşdirir. Sünik vilayəti (Zəngəzur) ərazisində – Gorus və Sisyan rayonlarında Rusiyanın 102-ci hərbi bazasının dayaq məntəqələri yaradılıb, Azərbaycanla sərhəd xəttinin bəzi hissələrinə Rusiya sərhədçiləri yerləşdirilib. Rusiya müharibədə ağır itkilər vermiş Ermənistan ordusunu dirçəltmək və yenidən silahlandırmaqla regionda tarazlığı bərpa etməyə çalışır və bu niyyətini gizlətmir. Azərbaycan prezidenti Ermənistanla sülh müzakirələrinə başlayaraq sülh müqaviləsi imzalamaqla bütün problemlərin kompleks şəkildə həllinə tərəfdar olsa da, Rusiya 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il anlaşmalarının yerinə yetirilməsi üçün sülh müqaviləsinin imzalanmasını və Qarabağın statusu ilə bağlı qeyri-müəyyənliyə son qoyulmasını vacib hesab etmir, bunlar olmadan da kommunikasiyaların açılmasını, iqtisadi əlaqələrin bərpasını mümkün sayır. Bu səbəbdən altında Vladimir Putinin də imzası olan anlaşmaların gecikmələrlə də olsa, yaxın gələcəkdə reallaşması ehtimalı böyükdür, çünki Moskva bunda maraqlıdır. Amma bu, Qarabağ probleminə nöqtə qoyulması anlamına gəlməyəcək. 



Ana səhifəyə qayıt        Baxış: 7 050          Tarix: 15-11-2021, 11:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma