"İran BMT Nizamnaməsinə əsaslanaraq İsrailin İran ərazisinə zərbəsinə cavab verməyi özünə borc bilir".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə İslam Respublikasının XİN-in bəyanatında deyilir.
"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi sionist rejimin (İsrailin) İrandakı hərbi mərkəzlərə qarşı təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir, onları beynəlxalq hüququn və BMT Nizamnaməsinin, xüsusilə də digər ölkələrin ərazi bütövlüyünə, yaxud siyasi müstəqilliyinə qarşı güc tətbiq etməkdən və ya güc tətbiq etmək təhdidindən çəkinmək prinsipinin açıq pozulması hesab edir", - bəyanatda qeyd olunur.
Sənəddə deyilir ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsində də əks olunmuş qanuni müdafiə hüququna əsaslanaraq, xarici təcavüz aktlarından özünü müdafiə etməyi özünün hüququ və vəzifəsi hesab edir.
"Şübhəsiz ki, sionist rejimin (İsrailin) regionda işğalının, qanunsuz hərəkətlərinin və cinayətlərinin, xüsusilə də Birləşmiş Ştatların və bəzi digər Qərb ölkələrinin hərtərəfli hərbi-siyasi dəstəyi ilə həyata keçirilən Fələstin xalqına qarşı soyqırımın və Livana qarşı təcavüzün davam etdirilməsi regionda gərginlik və qeyri-sabitliyin əsas səbəbidir", - deyə sənəddə vurğulanıb.
Paylaş: