Xəbər lenti

 

Son vaxtlar məmur övladlarının özbaşınalığı, törətdikləri cinayət hadisələri gündəmi alt-üst edib.

Bu hadisələrdən biri də Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin avqustun 3-də paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandewagen” markalı avtomobillə 2 nəfərin ölümü və daha 2 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsidir.

Prezident İlham Əliyev keçirdiyi müşavirədən birində qudurğanlıq edən məmur övladlarını sərt tənqid etmişdi. O qeyd etmişdi ki, belə hallara yol verən məmur və məmur övladları dərhal cəzalandırılacaq. Təsadüfü deyil ki, elə məlum qəza ilə bağlı rəsmi açıqlama da dövlət başçısının belə hallara qarşı sərt mövqeyi öz əksini tapmışdı:

“Bununla əlaqədar qeyd edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə etdiyi ciddi xəbərdarlıqlardan nəticə çıxarmayan, özbaşınalıq və cinayətlər törətməkdən belə çəkinməyən dövlət məmurlarına və onların ailə üzvlərinə hələ də rast gəlinir. Odur ki, Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu bir daha bildirir ki, tutduğu vəzifəsindən, etdiyi xidmətlərdən və nüfuzundan asılı olmayaraq dövlət başçımızın məlum tələblərinə etinasız yanaşan, öz davranışları ilə cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən, mövcud qayda-qanunları kobud şəkildə pozan hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək”. /Metbuat.az/




Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 9-08-2017, 18:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma