Xəbər lenti

Bu gün Suriyada müxalifət qüvvələri paytaxt Dəməşqi ələ keçirib. Bu barədə bir çox nüfuzlu Yaxın Şərq nəşrləri məlumat yayıb. Məlumata görə, Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. O, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb.Bildirilir ki, Suriya Prezidenti Bəşər Əsəd ölkədəki son hadisələr fonunda paytaxt Dəməşqi tərk edib. Onun təyyarəsi naməlum istiqamətə uçub.

Bununla da 13 ildir davam edən qanlı vətəndaş müharibəsi ilə hakimiyyətini saxlamağa çalışan Bəşər Əsədin hakimiyyəti sona çatdı. Bəs görəsən, Suriyanın əli qanlı prezidenti Bəşər Əsəd kim idi?

"Yeni Sabah" Əsədin həyatı və siyasi kariyerası ilə bağlı önəmli nüansları təqdim edir:

Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində ələvi ailəsində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və "Baas" partiyasının keçmiş sədri Hafiz Əsəddir. Dəməşqdəki fransız-ərəb təmayüllü "əl-Hürriyyə" liseyində orta təhsilini bitirən Əsəd, daha sonra Dəməşq Universitetinin Oftalmologiya fakültəsinə daxil olur. 1992-ci ildə o, oftalmologiya üzrə təcrübə keçmək və təhsilini davam etdirmək üçün İngiltərənin paytaxı Londona gedib və burada Qərb Göz Hospitalında təcrübə keçib.

1994-cü ildə atası Hafiz Əsəddən sonra prezidentlik postuna varis hesab edilən böyük qardaşı Basil Əsədin avtomobil qəzasında həyatını itirməsindən sonra, Əsəd Suriyaya çağırılıb. Suriyaya qayıdan Əsəd elə həmin il (1994) Homs Hərbi Akademiyasına qəbul edilib. 1999-cu ildə isə o, artıq polkovnik rütbəsi almış hərbçi idi və diplomatik vəzifə tuturdu. 2000-ci ildə isə hakim Baas partiyasının sədri vəzifəsinə seçilib.

2000-ci ildə Hafiz Əsədin vəfat etməsindən sonra, prezident səlahiyyətlərini müvəqqəti olaraq Əbdülhəlim Xəddam icra edib. Hafiz Əsədin ölümündən sonra təcili toplanan parlamentin prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34 yaş ilə dəyişməsindən sonra Bəşər Əsəd rəqibsiz keçirilən seçkilərdə 97% səslə ölkənin yeni prezidenti seçilib. 2006-cı il iyun ayının 11-də isə o Suriya Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsini də icra etməyə başlayıb. Daxili siyasətdə müəyyən "yumşaqlığı" (vətəndaş müharibəsinədək) ilə atasından fərqlənib.2000-ci ildə İngiltərənin paytaxtı Londonda tanış olduğu Əsma Əsəd ilə evlənib. Cütlüyün 3 övladı var.

2007-ci il may ayının 27-də Bəşşar Əsəd növbəti 7 il müddətində Suriyanın prezidenti seçilib. Başqa namizədlərin iştirak etmədiyi seçkilərdə o, səslərin 97,6%-ni toplayıb. 2008-ci ildə Bəşşar Əsəd Türkiyənin vasitəçiliyi ilə Qolan təpələrinə dair İsraillə müzakirələrin aparılmasına razılıq verib. 2011-ci ildə özünü anti-İsrail və anti-Qərb siyasətçi kimi xarakterizə edən Əsəd bu siyasətinə görə Qərbin onu devirmək cəhdlərindən çəkinmədiyini bəyan edir. Elə həmin ildən Suriyada 13 ildən çox davam edən vətəndaş müharibəsi başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 858          Tarix: 8-12-2024, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma