Xəbər lenti

İranda keçirilən mərsiyə məclislərində Azərbaycana, eləcə də Türkiyəyə qarşı səsləndirilən siyasi çağırışlar bir daha İranın riyakarlığını və ikiüzlülüyünü göstərir. Belə görünür ki, Azərbaycan Prezidentinin regionda, xüsusilə Güney azərbaycanlılar arasında artan nüfuzu İranı ciddi şəkildə narahat etməkdədir.

Oxu.Az xəbər verir ki, İranın Ərdəbil şəhərində din xadimi Həsən Amelinin keçirdiyi dini məclisdə Azərbaycan və Türkiyə əleyhinə siyasi çağırışlar səsləndirilib.

Məlum məsələdir ki, belə dini tədbirlər İran dövləti və SEPAH tərəfindən təşkil və idarə olunur. Əgər bu cür addımlar İrana qarşı atılsaydı, artıq böyük qalmaqal yaradardılar. Bəs Prezidentə qarşı bu təhqirlər səsləndiriləndə niyə susurlar? Yoxsa, bu, elə onların öz təşkil etdikləri bir oyundur? Əslində, bu ritorik sualdır.

ABŞ Süleymanini öldürəndə heç bir reaksiya verə bilmədilər. Suriyadan onları qovdular, amma yenə də bir addım ata bilmədilər. Nəsrullahı İsrail məhv etdi, yenə də səssiz qaldılar. Əgər cəsarətləri varsa, gedib İsrailə cavab versinlər.

Ümumiyyətlə, bu, İranın uzun illərdir yeritdiyi ikiüzlü siyasətin daha bir nümunəsidir. Tehrandakı molla rejimi üzdə özünü "yaxşı qonşu" kimi təqdim etsə də, faktiki görünən odur ki, daxildə insanları Azərbaycan və Türkiyə əleyhinə körükləyir və bunun üçün dindən istifadə etməkdən də çəkmir.

Digər tərəfdən isə, molla rejiminin demək olar bütün məsələlərə yanaşması bundan ibarətdir. Biz bunun həm birinci, həm də ikinci Qarabağ müharibələrində şahidi olmuşuq. Xüsusilə, İkinci Qarabağ müharibəsində İranın Ermənistana silah ötürülməsində rol oynaması, müharibədən sonra Zəngəzur dəhlizinə qarşı çıxması deyilənləri sübut edir.

Belə görünür ki, İranın gücü yalnız Azərbaycanın səfirliyinə hücum etməyə çatır. Bu hücumun arxasında SEPAH dururdu və həmin terrorçu-agent hələ də edam edilməyib. Baxmayaraq ki, artıq iki il keçib. Azərbaycan bu addımı gözləyir və əgər İranda kimsə düşünürsə ki, Bakı bu tələbdən geri çəkiləcək, ciddi yanılır. Bu, diplomatik münasibətlərin normallaşması üçün əsas şərtdir. Abdullahian Bakıda olarkən söz vermişdi ki, bu adam edam ediləcək. Belə addımlar İranın əsl niyyətlərini və davranışlarını bir daha ortaya qoyur. Azərbaycan öz mövqeyindən çəkinməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 2 846          Tarix: 31-12-2024, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma