Slovakiya jurnalistləri ölkənin Baş naziri Robert Fitsonun dekabrın 22-də Moskvaya səfərindən sonra iki həftəlik yoxa çıxmasının sirrini açıblar.
Oxu.Az-ın "Dennik N" nəşrinə istinadla verdiyi məlumata görə, hökumət başçısı bütün bu müddət ərzində Vyetnamın paytaxtındakı beşulduzlu "Capella Hanoi" hotelində istirahət edib.
Son iki həftə ərzində Fitsonun ofisi onun harada olduğu barədə susub, baş nazirin özü isə sosial şəbəkələrdə yalnız onun dəqiq yerini müəyyən etməyə imkan verməyən pərdələrin fonunda video paylaşıb. Deputatlar arasında onun bayram günlərində Dubaya uçması barədə şayiələr dolaşıb.
Lakin nəşrin diqqətli oxucusu Fitsonun Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid etdiyi son videosunda "Capella Hanoi"un lüks nömrənin interyerini tanıya bilib.
Jurnalistlər hotel administrasiyası vasitəsilə hökumət başçısı ilə əlaqə saxlamağa çalışıblar, lakin onun nömrəsindəki telefona heç kim cavab verməyib.
"Capella Hanoi" Hanoyun ən lüks hotellərindən biri hesab olunur. Hoteldə "Mişlen ulduzu" ilə təltif edilmiş restoran var. Fitsonun qaldığı güman edilən nömrənin sahəsi 194 kvadratmetrdir və hotelin son mərtəbəsində yerləşir. Bu nömrədə bir gecə vergilərlə birlikdə təxminən 6 200 avroya (10.8 min manat) başa gəlir. Baş nazirin bu lüks şəraitdə nə qədər vaxt keçirdiyi məlum deyil.
Maraqlıdır ki, Fitsonu son dəfə ictimaiyyət qarşısında dekabrın 22-də Moskvaya səfəri zamanı görüblər, bundan sonra o "yoxa çıxıb".
Paylaş: