Xəbər lenti

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğayan AZAL-a məxsus təyyarənin "qara qutusu"nun oxunmuş məlumatlarının internetə sızmasını şərh edib.

“Report” xəbər verir ki, Baş nazirin müavini mətbuat konfransında bildirib ki, “qara qutu”ların oxunmasında Qazaxıstan, Rusiya, Azərbaycan və Braziliyadan olan ekspertlər iştirak ediblər.

"Hamı bərabər çıxışa malik olub. Mən internetə sızdırılmış danışıqları dinlədim - mənə elə gəlir ki, bu daha çox yerüstü danışıqlar, yerlə danışıqlar idi. Mən orada ekipaj üzvlərinin danışıqlarını eşitmədim. “Qara qutu”da kapitan, pilot və ekipaj üzvlərinin apardığı bütün danışıqlar var. Buna əsasən başa düşdüm ki, bu, bizim istintaq qrupundan sızma deyil", - Baş nazirin müavini bildirib.

Onun sözlərinə görə, internetdə dərc olunan stenoqramlar “qara qutu”ların məzmunundan fərqlənir.

"İnternetdə kiminsə nəsə dərc etməsi bunun həqiqət olduğu anlamına gəlmir. Dərc olunan materialda böyük fərqlər var. Buna görə də rəsmi mənbələrin məlumatlarını gözləyin", - K.Bozumbayev vurğulayıb.

Baş nazirin müavininin sözlərinə görə, təyyarənin “qara qutu”ları hazırda istintaq qrupundadır.

"Təyyarənin qalıqları Aktaudakı anqardadır, müvafiq beynəlxalq ekspertlər tərəfindən yoxlanılıb və onlar öz rəylərini verəcəklər. Oxunmuş materiallar məhz aviasiya hadisəsini araşdıran başqa bir qrupdadır: nə baş verib, nə vaxt baş verib, ekipaj özünü necə aparıb, peşəkar və ya qeyri-peşəkar, yerdən hansı əmrlər verilib. Düşünürəm ki, sonradan bu materialların açıqlanması bir çox uydurmaya son qoyacaq", - K.Bozumbayev bildirib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Həmçinin, qəza ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.




Ana səhifəyə qayıt        Baxış: 2 878          Tarix: Bu gün, 13:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma