
Ermənistanın baş naziri Nikol Paşinyan saxlanılan rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-ni milliləşdirmək niyyətində olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
N.Paşinyan sosial şəbəkələrdə "Taşir" şirkətlər qrupunun rəhbəri Karapetyanın saxlanılması ilə bağlı post paylaşaraq bildirib ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsinin vaxtı çatıb və bu, "tezliklə baş verəcək".
"Hesab edirəm ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsinin vaxtı gəlib çatıb. Bu, tezliklə baş verəcək və mən QSC-nin bütün əməkdaşlarını əmək vəzifələrini vicdanla yerinə yetirməyə çağırıram. Milliləşdirmədən sonra vicdanlılıq nəzərə alınacaq", - deyə baş nazir qeyd edib.
Həmçinin S.Karapetyanın qardaşı Karenin və oğlu Narekin istintaq tədbirlərindən sonra buraxıldığı bildirilir.
Qeyd olunur ki, Daxili İşlər Nazirliyinin əməkdaşları S.Karapetyanın evində axtarış aparıb və onun iqamətgahının ərazisində 45 nəfəri saxlayıb.
Paylaş: