Xəbər lenti


“Fransanın son “humanitar yardım” şousu erməni sevgisindən irəli gəlmir, onun qlobal geosiyasi rəqabət sahəsində ortaya çıxan diplomatik manevrlərdən biridir” – bu sözləri musavat.com-a siyasi şərhçi Heydər Oğuz bildirib.  Siyasi şərhçi Parisin üstünlük qazanmağa çalışdığı geosiyasi sahələri belə təsnifatlandırmağın mümkün olduğunu deyib:

 

 

-Avropa sahəsi;

Afrika sahəsi;

Sakit okean və Hind okeanı sahəsi;

Cənubi Qafqaz sahəsi.

 

Siyasi şərhçi deyir ki, bütün bu sahələrdə yürüdülən mübarizələrə diqqət yetirmədən Fransanın bizdən nə istədiyini anlamağımız mümkün deyil. Odur ki, qlobal geosiyasi sahələr üzrə Fransa-Anglosakson-Rusiya-Çin rəqabətinə qısaca nəzər salmaqda yarar var.

 

Avropa sahəsi

 

Fransa ən böyük geosiyasi savaşını, sözsüz ki, özünün də yerləşdiyi Avropada aparır. Onun bu sahədə üstünlük qazanmaq üçün kifayət qədər şansları var: Avropanın ən inkişaf etmiş dövlətidir; nüvə gücünə malik yeganə hərbi qüdrətidir; BMT TŞ-da təmsil olunan yeganə Avropa ölkəsidir və s. Amma onun bütün bu üstünlüklərinə II Dünya Müharibəsindən sonra ABŞ-ın öz hərbi qüvvələrini Avropanın müxtəlif ölkələrinə yerləşdirməsi kölgə salır. Hərbi yerləşmə ölkələri iqtisadi baxımdan da super gücə bağladığından Fransa Avropanın öz nəzarətindən kənara çıxmasına, hətta özünün də istər-istəməz bu siyasətin tətbiqçisi olmaq məcburiyyətində qalmasına laqeyd yanaşa bilmir. 

 

Məlum olduğu kimi, təkcə Almaniyada 100 mindən çox ABŞ əsgəri var və hazırda Ukrayna savaşı bu hərbi qüvvənin yerləşdiyi mərkəzdən idarə olunur. Paris də NATO-nun bir üzvü kimi, Makronun təbirinlə desək, “özünə aid olmayan” savaşda ABŞ-ın tərkində yer almağa məhkumdur.

 

Fransa dəfələrlə ABŞ-ın Avropadakı bu üstünlüyünə qarşı çıxmış, hətta Aİ kimi siyasi, iqtisadi blok belə, qoca qitənin “muxtariyyətliyi” ideyasından törəmişdi. Fransa prezidenti Avropanın siyasi, hərbi və iqtisadi müstəqilliyi fikrini heç vaxt gizlətməmiş, əksinə dəfələrlə gündəmə gətirmişdi. Onun ilk belə açıqlaması bir neçə il bundan əvvəl dilə gətirdiyi “NATO beyin ölümü keçirib, Avropa özünün ordusunu qurmalıdır” mahiyyətli bəyanatı idi. Makronun bu təklifi NATO dövlətləri arasında çox ciddi müzakirələrə səbəb olmuş, ardınca da Ukrayna savaşının çıxması ilə tamamən iflasa uğramışdı.

 

Sözsüz ki, bu savaşın çıxmasının əsas hədəfi təkcə Rusiya deyildi, mühüm hədəflərdən biri də Avropanı öz hegemonluğu altında görmək istəyən Fransanı cilovlamaq idi. Təsadüfi deyil ki, Fransa Avropa ölkələri arasında Ukraynaya ən az hərbi dəstək verən NATO müttəfiqi kimi tanınır. Hətta zaman-zaman Ukraynanın əleyhinə verdiyi təkliflərlə də Kiyevi dərin xəyal qırıqlığına uğradır.

 

Emmanuel Makron bu ilin aprel ayında Çinə səfəri zamanı da “ABŞ-ın təsir dairəsindən çıxa bilməyən və tamamilə ona bağımlı” Avropa İttifaqını sərt tənqidi ilə yadda qalmışdı. O, çinli həmkarı Şi Çinpinqlə görüşündə Avropanın ABŞ asılılığından xilas olması, Vaşinqtonun tərkinə oturmaması, “strateji muxtariyyətinin” vacibliyindən danışmışdı. Bildirmişdi ki, Avropa İttifaqı öz maraqlarına uyğun siyasət yürüdərək, dünyanın 3-cü super gücünə (yəqin ki, Amerika, Aİ və Çini nəzərdə tutur, Rusiyanı o sıraya aid etmirdi) çevrilə biləcəyi halda, ABŞ-ın arxasınca sürünən iradəsiz bloka çevrilib.


Maraqlıdır ki, Emmanuel Makronun bu 3 günlük səfəri zamanı Avropa Komissiyasının sədri Ursula von der Leyen də Çinə səfər etmiş və bir növ onun Avropa adından danışma cəhdini əngəlləməyə çalışmışdı. Bu fakt ona dəlalət edir ki, Makronun “strateji muxtariyyətlik” ideyası Avropa İttifaqı tərəfindən də bəyənilmir. Xüsusilə Ursula von der Leyenin alman əsilli siyasətçi olduğunu nəzərə alsaq, Parisin bu fikirlərinə Berlinin də isti baxmadığını anlaya bilərik.

 

Halbuki, Ukrayna müharibəsindən əvvəl Almaniyanın da Fransa ilə təxminən eyni cizgidə olduğunu, sabiq alman kansleri Angela Merkelin ABŞ liderləri ilə görüşlərində hətta Rusiyaya lobbiçilik etdiyi məlumdur. Merkel Almaniyası bununla da qalmır, üzvü olduğu NATO Nizamnaməsinin tələblərinə əhəmiyyət verməyərək, ÜDM-nun 2%-ni belə hərbi xərclərə ayırmaqdan yayınırdı. Ukrayna savaşından sonra isə o, tədricən ABŞ-dan sonra Kiyevə ən çox hərbi vəsait ayıran dövlətə çevrildi. Bu baxımdan, Ukrayna savaşı Avropa ölkələrinin ABŞ ətrafında daha sıx birləşməsinə yol açdı və fikrimcə, Vaşinqtonun əsl hədəflədiyi də bu idi. Təsəvvür edin, bu savaşın Avropada yaratdığı rus xofu elə güclü idi ki, İsveç, Finlandiya kimi indiyədək tərəfsizlik prinsipini öz strateji hədəfinə çevirən ölkələri belə, Makronun “beyin ölümü keçirdiyinə” inandığı NATO-ya meylləndirdi. Əksər Şərqi Avropa dövlətləri, xüsusilə də Baltikyanı ölkələr və Polşa isə ABŞ-a bağlanan ilklərdən oldu. Beləcə, Fransa öz sahəsində belə, ABŞ-Böyük Britaniya ittifaqına uduzdu.  Amma onun uduzduğu təkcə anqlo-sakson ölkələr də deyildi. Serbiya, Macarıstan kimi ölkələr Rusiyaya meyllənərək faktiki olaraq Fransanın Avropada təklənməsinə yol açdılar.

 

Afrika sahəsi

 

Fransanın ən çox uduzduğu geosiyasi məkanlardan biri də Afrika sahəsi oldu. Sirr deyil ki, Afrika qitəsinin böyük hissəsi bir zamanlar fransız müstəmləkələri sayılırdı. Düzdür, onların əksəriyyəti 1960-ci illərdən sonra öz müstəqilliklərini elan etmişdilər, amma yenə də Parisin təsir dairəsindən tam ayrılmamışdılar. Bağlanan hərbi-strateji müqavilərlərlə fransız ordusu bu ölkələrdə yerləşmiş və Afrikaya rahatlıqla nəzarət edə bilirdi. Afrikanın 40-a qədər ölkəsi Frankofoniya dövlətlər birliyinə daxildir və fransız dilində danışır, eyni adlı idman və musiqi yarışlarına qatılır. Paris özünə bağlı diktatorları hakimiyyətdə saxlamaqla,  faktiki olaraq Afrikada müstəmləkəçilik siyasətini davam etdirir. Bir çox Afrika ölkəsinin təbii sərvətləri tamamilə fransız şirkətlərin istismarındadır.

 

Lakin son zamanlar Çinin və Rusiyanın Afrika ölkələrində fəaliyyəti bu regionun Fransanın nəzarətindən çıxmasına yol açır. Statistik məlumatlara görə, 2022-ci ildə Çin Afrika ölkələrinə 1,1 trilyon dollarlıq investisiya qoyub. Fransanın bu qitəyə yatırdığı investisiya isə 70 milyard dollardır. Təbii ki, Fransanın bu yatırım imkanı Çinlə müqayisə edilə bilməz. Hollanda belə, Afrikaya təxminən Fransa qədər vəsait yatırıb – 65 milyard dollar. Anglosakson ittifaqın investisiya yatırımı da Fransanı xeyli üstələyir: ABŞ - 60 milyard dollar + İngiltərə - 55 milyard dollar, toplam 115 milyard dollar.


Vaşinqtonun bu sahədə Çindən geri qalmasının səbəbi Tramp hakimiyyəti dövründə Afrikanın tamamilə diqqətdən kənarda saxlanılması ilə izah olunur. Co Bayden hakimiyyətinin son dövrlərdə Afrikada fəallaşmaq niyyəti yaxın gələcəkdə ABŞ-ın da bu qitədə ciddi rəqabətə girəcəyindən xəbər verir. Belə anlaşılır ki, Fransa öz ənənəvi müstəmləkəçilik siyasətini dəyişməzsə, Afrikanı tamamilə itirəcək.

 

Əslində bu itkilərin indidən ortaya çıxdığı diqqətdən yayılmır. Xüsusilə, Rusiyanın Fransanın müstəmləkəçilik siyasətindən narazı qalan yerli əhalidən və regional hərbi qüvvələrdən istifadə edərək Afrikada hakimiyyət çevrilişləri törətməsinin sayı günü-gündən. Səhraaltı bölgə adlanan bir çox ölkələrdə (Sudan, Mali, Orta Afrika və s.) baş verən üsyanlarda və dövlət çevrilişlərində Rusiyanın “Vaqner” özəl hərbi birliklərinin rolu danılmazdır. Görünən budur ki, Çinlə Rusiya Afrikanı Fransanın əlindən alınmasında müttəfiq kimi çıxış edir. Çin öz kapitalı ilə qitənin iqtisadiyyatını, Rusiya isə üsyankar generallara hərbi dəstək verməklə siyasi hakimiyyəti ələ keçirir. Təbii ki, Rusiya bu xidmətinin əvəzini regionun təbii sərvətlərinin istimarını qorumaq və ticarətindən əldə etdiyi gəlirlərlə artıqlaması ilə alır.

 

Rusiyanın bir zamanlar əsasən fransız koloniyası olan “qara qitə”də qazandığı uğurları tez-tez Moskvada keçirilən Afrika liderlərinin sammitləri də təsdiqləyir. Rusiyanın səyləri nəticəsində Afrika liderləri beynəlxalq siyasət arenasında hətta Ukraynanı müzakirə edə bilən aktiv aktorlara çevriliblər.

 

Zənnimizcə, Fransanın Rusiyanın maraq dairəsinə daxil olan Cənubi Qafqaza müdaxiləsinin başlıca səbəbi də Afrikada itirdiklərinə verdiyi reaksiyadır. Təsadüfi deyil ki, Fransanın bir sıra bələdiyyə sədrləri İrəvan üzərindən Qarabağa “humanitar yardım” keçirməyə çalışdığı gün strateji əhəmiyyət baxımından ən önəmli fransız müstəmləkəsi sayılan Qabonda da dövlət çevrilişi baş verdi. Çevriliş nəticəsində fransız şirkətləri xeyli kapital və işgörmə prespektivi itirdi. Bunu Fransanın Maliyyə Nazirliyinin rəsmi statistikası da göstərir. Məlumatlara görə, Qabonda baş verən çevrilişdən sonra Fransanın ən böyük müəssisələrindən olan “Eramet” mədən şirkəti “personal təhlükəsizliyi və əməliyyatların təhlükəsizliyi üçün” fəaliyyətini dayandırdığını açıqladı. “Eramet” şirkəti Mərkəzi Afrikanın təbii sərvətlərlə zəngin ölkəsində 8000 işçi çalışdırır və onun yerli filialı “Comilog” polad və akkumulyator istehsalında metal kimi istifadə edilən manqan filizi çıxarır.

 

Bildirilir ki, Qabon Cənubi Afrikadan sonra dünyada ikinci ən böyük manqan istehsalçısıdır. “Comilog” şirkəti Qabonda manqanın 90 faizini, qalan hissəsini isə Çinin “CICMHZ” şirkəti hasil edir. Sözsüz ki, bu şirkət Qabondan çıxıb gedərsə, manqan istehsalının tamamına Çin şirkəti sahiblənəcək.

 

Eramet şirkətinin digər törəməsi olan “Setrag” Qabonun yeganə dəmir yolu xətti olan Trans-Qabon dəmir yolunu idarə edir. O da öz işini dayandırdığını bəyan edib.

 

Nəhəng enerji şirkəti “TotalEnergies” də 1928-ci ildən Qabonda fəaliyyət göstərir. “TotalEnergies” çevrilişdən sonra Reuters xəbər agentliyinə verdiyi açıqlamada şirkətin təhlükəsizliyini və əməliyyatlarını təmin etmək üçün hərəkətə keçdiyini və bunun əsas prioritetlərindən biri olduğunu vurğulayıb. “TotalEnergies” Qabonda 7 neft yatağı və onlarla yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəni də idarə edir. Şirkət ötən il Qabonun meşə təsərrüfatı sektoruna da ciddi sərmayə qoymuşdu.

 

Fransanın bundan başqa karbohidrogen kəşfiyyatı və hasilatı ilə məşğul olan “Maurel & Prom” şirkəti də Qabonda fəaliyyət göstərir. Şirkət Qabondakı vəziyyətin onların ərazilərinə təsir etmədiyini və işlərin normal davam etdiyini açıqlasa da, yaxın günlərdə üsyan dalğasının bütün ölkəyə yayılacağı istisna deyil.

 

Ümumilikdə Qabonda 80-dən çox fransız istehsal müəssisəsi var. Bundan əlavə, ölkədə Fransa mərkəzli çox sayda vəkillik büroları, restoranlar, sığorta şirkətləri və s. fəaliyyət göstərir, onların hamısını da eyni tale gözləyir.

 

Məhz belə bir zamanda Fransanın Cənubi Qafqaza burun soxması və ən ağır cavabı Rusiya XİN-dən alması təsadüfi görünmür. Belə ki, Fransanın bu təşəbbüsünü sərt şəkildə tənqid edən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Paris əgər Qarabağ məsələsində vasitəçilik etmək niyyətindədirsə, zəhmət çəkib tərəfsizliyini qorumalı, Azərbaycana və Ermənistana eyni məsafədə dayanmalıdır.

 

Sakit və Hind okeanı sahələri

 

Məsələ burasındadır ki, vaxtilə dünyanın mühüm hissəsini öz müstəmləkəsinə çevirən Fransa bu gün təkcə Rusiya və Çinlə amansız rəqabət aparmır. O, eyni zamanda anglo-sakson ittifaqa da uduzur. Yuxarıda da qeyd etdiyimiz kimi, Tramp hakimiyyətinin “öncə Amerika” siyasəti nəticəsində Afrikada çox qarşı-qarşıya gəlmədiyi bu ittifaqla əsasən Sakit və Hind okeanı sahəsində ciddi rəqabət halındadır. Bu mövzu üzərində çox dayanmadan sadəcə onu bildirmək istərdik ki, 2021-ci ildə ABŞ, İngiltərə və Avstraliya AUKUS ittifaqı qurdular və bu 3 dövlətin imzaladığı müqavilə sayəsində rəsmi Kanberra Fransa ilə bağladığı 50 milyard avroluq sualtı qayıq layihəsindən imtina etdi. Paris son anda bu xəbəri eşidəndə cin atına minmiş, ABŞ və İngiltərəni NATO müttəfiqinə xəyanətdə günahlandırmışdı. Makronun bu il Çin səfərində ABŞ və İngiltərənin əleyhinə səsləndirdiyi fikirlərin bir səbəbi də əslində bu hadisə ilə bağlı idi.

 

Bundan əlavə, ABŞ Çin xofundan istifadə edərək Sakit okeanın iki ən nəhəng iqtisadi potensiala sahib ölkəsi Yaponiya və Cənubi Koreyanı da öz ətrafında birləşdirə bilib. II Dünya Müharibəsində yaponların törətdiyi hərbi cinayətlər səbəbindən düşmən olan bu iki ölkələrin bir ittifaqda birləşdirilməsi, sözsüz ki, Vaşinqtonun ən böyük uğurlarından sayılır. Növbəti mərhələdə Hindistanın və digər Sakit okean ölkələrinin də bu birliyə qoşulması gözlənilir. Getdikcə Hind və Sakit okeanını əhatə edən bu çalışmalar isə təkcə Çinə yox, həm də Fransaya qarşı bir həmlədir. Çünki müasir imperializm dəniz hegemoniyasına əsaslanır və dünyada ABŞ-dan sonra ən böyük eksklüziv iqtisadi zona Fransaya məxsusdur. Dəniz sularına nəzarət imkanları ilə müəyyənləşən eksklüziv iqtisadi zonasının miqyasına görə, ABŞ 11.351.000 kvadrat kilometr, Fransa isə 11.035.000 kvadrat kilometr sahəyə sahibdir. Onları 8.505.348 km2-lə Avstraliya və 7.566.673 km2 Rusya izləyir. Halbuki Avstraliyanın kontinental şelfi 2.194.008 km2, Rusiyanınkı daha çox 3.817.843 km2-dir. Cəmi-cümlətanı 389.422 km2 materik dayazlığına (kontinental şelf) malik olan Fransanın bu ölkələrdən  hardasa 10 dəfə az sahili olsa da, dənizlər üzərindəki bu üstünlüyünü Sakit və Hind okeanlarındakı kiçik adalarına borcludur. Məlumata görə, Fransanın eksklüziv iqtisadi zonasının 90 faizi xaricdəki dənizaşırı ərazilər hesabına meydana gəlir. Deməli, ABŞ və İngiltərənin bu sahədə öz mövqelərini gücləndirməsi istər-istəməz Fransanın bu üstünlüyünü də əlindən çıxara bilər. Üstəlik, Çin də Fransaya aid bu adalara investisiya yatırmaqla onu təhdid edir.

 

Fransa okeanlardakı avantajını saxlamaq üçün büdcəsinin ağzını açmalı, həmin adaların iqtisadi inkişafına da yatırım qoymalıdır, amma onun bu imkanları da artıq tükənir. Statistik məlumatlara görə, hazırda Fransanın ümumi xarici maliyyə öhdəlikləri ümumi xarici maliyyə aktivlərini üstələyir və bu da onun beynəlxalq investisiya mövqelərində kəsir yaradır. Beləcə, Fransanın Hind və Sakit okeanlarındakı hegemonluğu da təhlükə altına düşür.

 

Cənubi Qafqaz sahəsi

 

Yeni dünya düzənində ən mühüm rəqabət sahələrindən biri də Cənubi Qafqaz regionudur. Rusiyanın Ukraynada zəifləməsi və xarici ölkələrə investisiya imkanlarının daralması ilə bu region getdikcə onun nəzarətindən çıxır. Xüsusilə Ermənistan əhalisi bu zamanadək böyük ümidlər bağladığı Rusiyadan istədiklərini ala bilmədi, bu da onun Qərb dövlətlərinə yönəlməsinə səbəb oldu.

 

Azərbaycanın beynəlxalq münasibətlərdə yaranmış münbit şəraitdən faydalanaraq başlatdığı 44 günlük müharibədə böyük uğurlar qazanması da erməniləri yeni himayədar axtarmağa vadar edir. Bu da digər geopolitik sahələrdə Rusiya-Çin və anglasakson ittifaqlarına uduzan Fransanı indiyədək kənarda qaldığı Cənubi Qafqazda yeni sövdələşmə oyunlarına girməyə həvəsləndirir. Paris indi ermənilərin bu narazılığından faydalanaraq Ermənistanı öz təsir dairəsinə almaq istəyir. Buna ən yaxşı bəhanə isə, təbii ki, “Qarabağ problemi” ola bilər.

 

Amma bu sahədə Fransanın daha ağır imtahan gözləyir. Belə ki, Avropa, Afrika, Sakit və Hind okeanında o, beynəlxalq iddiaçıların yalnız bir qismi ilə rəqabətdədirsə, Cənubi Qafqaz sahəsində eyni anda həm Rusiya, həm anglosakson, həm Çin, həm də Türkiyə və İranla kəllə-kəlləyə gəlməlidir. Çünki bütün beynəlxalq aktorların Cənubi Qafqazda öz maraqları var.

 

Qarabağ probleminin yaradıcısı olan Rusiyanın maraqları hər kəsə bəllidir. Moskva bu problemə özünün Cənubi Qafqazda qalmasını təmin edən mühüm açarlardan biri kimi baxır və təşəbbüsü əldən vermək istəmir. Ona görə də problemin həllində maraqlı deyil, onu dondurmağa və gələcək nəsillərə buraxmağa çalışır. Yeri gəlmişkən, Rusiya prezidenti Putin bu mövqeyini açıq şəkildə dilə gətirərək demişdi: “Dağlıq Qarabağın statusu dəyişməz olaraq qalmalıdır, yəni gələcəyə saxlanmalıdır, Dağlıq Qarabağda status-kvo qalmalıdır”.


 

Putin həmçinin “Valday” diskusiya klubunda çıxışı zamanı Ermənistanla Azərbaycan arasında bağlanması gözlənilən sülh müqaviləsi barədə danışarkən “Vaşinqton” və “Moskva” variantlarından bəhs etmişdi. Demişdi ki, “Vaşinqton variantı” Azərbaycanın Qarabağ üzərində suvenirliyini nəzərdə tutur: “Əgər Ermənistan da belə düşünürsə, buyursunlar, biz erməni xalqının istənilən seçiminə dəstək verəcəyik”. Bununla da problemin həllində maraqlı olmadığını açıq şəkildə ortaya qoymuşdu.

 

Cənubi Qafqaz sahəsində daha aktiv yer almaq istəyən Vaşinqton və London isə Qarabağ probleminin dərhal həllində maraqlı olmaqla qalmır, həm də bu bölgəyə hərbi qüvvələrini yerləşdirməyə çalışır. Fransa merlərinin Qarabağa “humanitar yardım” daşıdığı günlərdə Gürcüstanda ABŞ-ın rəhbərliyi altında keçirilən “Çevik ruh” (“Agile Spirit 2023”) hərbi təlimləri də bundan xəbər verir. NATO-nun bəzi üzvləri ilə yanaşı, Yaponiya,  Azərbaycan, Moldova kimi ölkələrin də qatıldığı təlimlərin məqsədi Gürcüstanın Poti limanının akvatoriyasına və Türkiyə ərazisinə naməlum təcavüzkarların işğalından müdafiə tapşırığını məşq etməkdir. Sözsüz ki, hər təlim bir hədəfi nümayiş etdirdiyindən “Çevik ruh”un Rusiyaya və dünyaya hansı mesajları verdiyi aydındır.

 

Düzdür, bu gün tamamlanacaq təlimlərə qatılan dövlətlərdən biri Fransa olsa da, ona ABŞ rəhbərlik edir. 22 ölkənin iştirak etdiyi təlimlərdə yer alan 3500 nəfər hərbçinin yarısına qədərinin ABŞ əsgərləri olması da bu həqiqətdən xəbər verir. Məlumata görə, təlimlərdə ABŞ Ordusunun 173-cü Hava Desant Briqadası, 12-ci Aviasiya Briqadası, 48-ci Piyada Briqadası, 54-cü Təhlükəsizliyə Yardım Briqadası, 122-ci Taktiki Dəstək Dəstəsi, ABŞ Xüsusi Qüvvələrinin Avropa Komandanlığının ümumilikdə 1200 Amerika əsgəri iştirak edir.

 

Əslində, Fransa da Avropa İttifaqı vasitəsilə Cənubi Qafqaz regionunda hərbi qüvvələrini yerləşdirməyə çalışır. Amma onun seçimi Ermənistandır və mülki müşahidəçi missiyası adı altında bu hədəfini reallaşdırmağa çalışır.

 

Təəccüblü deyil ki, Rusiyaya qarşı açıq mesajların verildiyi bu təlimlərə özünü Cənubi Qafqazın ən qərbyönümlü ölkəsi sayan, amma Qərbin geosiyasi rəqabətdə uduzan tərəfi olan Fransa ilə müttəfiqlik əlaqələrini gücləndirməyə çalışan Ermənistan ümumiyyətlə dəvət olunmayıb. Bu da anqlosakson ittifaqın belə, Fransanın yeni köləsinə çevrilməyə can atan ermənilərə çox da etibar etmədiyini göstərir.

 

Fransa bundan əlavə, Cənubi Qafqazda Çin, Türkiyə və İranla da rəqabət aparmalıdır. Özünün “Bir Yol, Bir Kəmər” layihəsinin əsas marşrutlarından biri kimi baxdığı Orta dəhlizin keçdiyi coğrafiyanı Çinin heç kimə güzəştə getməyəcəyi bəllidir. Son zamanlar Rusiyadan istədiyi Su-37 təyyarələrini ala bilmədiyindən narazı qalan İran da artıq Çinlə əlaqələrə daha çox üstünlük verməyə başlayıb. Hətta Pekinin təşviqləri nəticəsində Səudiyyə Ərəbistanı kimi əzəli düşməni ilə də barışıb. İranın artıq Azərbaycan və Ermənistan münasibətlərinə əvvəlki kimi aktiv reaksiya verməməsi də yeni ağasının xətrinə dəymək istəməməsinin də nəticəsi ola bilər.

 

Türkiyənin isə hədəfi daha böyükdür. O, Azərbaycana Böyük Turan Birliyi üzərində qurulmuş körpü kimi baxır və nəyin bahasına olsun-olsun ölkəmizi dəstəkləyir. Üstəlik, özünün sahib olduğu geosiyasi üstünlüklərini də ön plana çıxaran Ankara bu çalışmalarında həm Qərbdən, həm Rusiyadan, həm də Çindən ciddi dəstək almaq qüdrətindədir. Bu dövlətlərin maraqları müxtəlif olsa da, hər birinin bölgə üzərində mədəni-siyasi ağırlığı olan Türkiyəyə ehtiyacı var.

 

Bir sözlə, Fransanın Cənubi Qafqaz sahəsində hansısa böyük başarılara nail olmaq imkanı sıfıra yaxındır. Bununla belə, onu sakitləşdirmək üçün Prezident İlham Əliyev “Total”  enerji şirkətinin baş direktorunu qəbul etmişdi və Naxçıvanda, habelə digər regionlarda investisiya qoya bilməsinə yaşıl işıq yandırmışdı. Görünür, bununla da Parisə “sus payını al və yerinə otur, əks halda, çox istəsən, azdan da olarsan” mesajı vermək istəyib”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 




Ana səhifəyə qayıt        Baxış: 5 813          Tarix: 1-09-2023, 18:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma