Xəbər lenti

 

Bakıda hələ də qanunsuz olaraq avtomobilləri cərimə meydançasına aparan evakuatorlar var. Halbuki yeni qaydalara görə, avtomobil dayanma-durmanın qadağan edildiyi yerdə saxlanılıbsa belə, tıxac yaratmırsa və ya hərəkətə hər hansı formada mane olmursa, yol polisi tərəfindən cərimə meydançasına aparıla bilməz. Amma şəhərdə sürücülər arasında apardığımız sorğu bunun tam əksini deyir.

Qaydalar dəyişdirilsə də, hələ də kobud qayda pozuntusuna yol verən evakuator sürücüləri var.

Söhbət dayanma və durma qaydasını pozan avtomobillərin evakuasiyasından gedir. Bu ilin iyul ayının 1-də İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinə dəyişiklik edildi ki, əgər sürücü digər nəqliyyat vasitələrinə və piyadaya mane yaratmadan dayanma və durma qaydasını pozdursa, onun maşını evakuasiya edilə bilməz. Amma görünən odur ki, buna əməl edən yoxdur.

Sürücülərin sözlərinə görə, belə hallar əsasən şəhərin mərkəzi yerlərində olur. Kortəbii şəkildə avtomobilə yaxınlaşıb necə gəldi, evakuatorun yedəyinə alaraq ərazidən uzaqlaşırlar. Halbuki, inzibati xətalar məcəlləsini 124-cü maddəsində də var ki, əgər sürücü dayanma və durma qaydasını pozmaqla piyadaların və yaxud nəqliyyat vasitələrinin hərəkətinə mane yaratmaqla tıxaca səbəb olursa, yol polisi həmin avtomobilin şəklini çəkməklə ona elektron protokol tərtib etməlidir. Bundan sonra avtomobil təhlükəsizlik qaydasına əməl edilməklə müvəqqəti duracağa aparıla bilər.

Belə olduqda da sürücülər 20 manat dayanma və durma qaydasını pozduğuna görə, 20 manat da evakuator pulu ödəyir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da qaydalar dəyişdirildikdən sonra evakuator sürücülərinin özbaşnalığını ciddi qanun pozuntusu hesab edir.

Ekspert deyir ki, əgər belə halla hansısa bir sürücü rastlaşsa, ərazidə xidmət aparan yol polisi barədə Daxili İşlər Nazirliyinə müraciət edə bilər. Bundan başqa, sürücü məhkəməyə də müraciət etməklə ona dəymiş maddi və mənəvi ziyanı da ödətdirə bilər.




Ana səhifəyə qayıt        Baxış: 754          Tarix: 10-09-2017, 21:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma