Hazırda paytaxt sakinlərinin ən çox şikayətləndiyi məsələlərdən biri də nəqliyyat vasitələrinin dayanacaq problemidir. Bir zamanlar avtomobillərini getdikləri yerin yaxınlığında saxlayan vətəndaşlarımız indi - paytaxtda nəqliyyat vasitələri üçün xüsusi yerlərin ayrılmasından sonra ciddi problemlərlə üzləşirlər. Bəzən gedilən yerlərin yaxınlığında dayanacaqların yoxluğu, bəzən isə dayanacaqların maşınlarla dolub daşması sürücüləri ciddi çətinliyə salır. Üstəlik, maşınların saxlanılması üçün nəzərdə tutulan bütün yerlər ödənişlidir. Bu da istər-istəməz paytaxt sakinlərinin ailə büdcələrinə də təsir göstərir.
Sürücülərin dayanacaq dərdləri bununla da bitmir. Bir çox hallarda yol kənarında yerləşən hansısa mağazadan nəsə almaq üçün dayanacaq kimi nəzərdə tutulmayan yerlərdə maşın saxlamaq istəyən sürücülərin əməlli-başlı soyulmaq ehtimalı da istina deyil. Nədən ki, onlar tələb olunan əşyanı alıb geri qayıdanda maşınlarının qeybə çəkildiyini görə, “lələ köçüb yurdu qalıb” mənzərəsiylə qarşılaşa bilərlər. Səbəb isə çox sadədir: parking işarəsi qoyulmayan yol kənarında maşın saxlamaq inzibati xəta sayılır: “İnzibati Xətalar Məcəlləsinin 407-ci və "Yol hərəkəti haqqında" Qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydaları pozulduğu halda sahibsiz avtomobil Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər”-sitat Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyevə aiddir.
Yəni, loru dildə desək, maşınlar cərimə meydançalarına aparıla bilər.
Sürücülərin də əsl problemi məhz bu andan etibarən başlayır. Ovqat.com-a öz giley-güzarlarını çatdıran sürücüləri ən çox narahat edən məsələrdən biri müvəqqəti “müsadirə olunmuş” maşınlarını harada axtarmalı olduqlarını bilməmələridir. Belə ki, Bakı şəhərinin müxtəlif nöqtələrində, nə az nə çox, düz 11 cərimə meydançasının olduğu təxmin edilir. Bir anın içində qeybə çəkilmiş maşınların həmin cərimə meydançalarından hansında olduğunu isə sürücü yalnız onları gəzərək tapa bilər. Halbuki, xarici dövlətlərdə bunun çox asan üsulu var: cərimələr üçün nəzərdə tutulmiş mərkəzə zəng edərək, avtomobilinin hansı meydançada olduğunu öyrənə bilərsən. Bizdə isə belə bir təcrübə olmadığından sürücü, məcburən, əlavə əziyyətə qatlanaraq, “itkin düşmüş” nəqliyyat vasitəsini axtarmalıdır. Bu yerdə yada “Danabaş kəndinin əhvalatları” povestində keçən bir söz birləşməsi düşür: “Eşşəyin itməkliyi”.
Maraqlıdır ki, dövlət qurumlarımız müasir Məmmədhəsən kişi yerinə qoyduqları sürücülərin bu əziyyətini normal hesab edirlər. Hər halda Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərindən belə çıxır. aznews.az potralının tam 4 il bundan əvvəl yayınladığı “Maşın hansı hallarda cərimə meydançasına aparılır?” sərlövhəli məqaləyə görə, hörmətli Kamran müəllim məsələylə bağlı bildirib: “Hər bir sürücü bu qanun pozuntusuna görə çəkdiyi əziyyətə layiqdir. Şəhərdə ən çox problem məhz sürücülərin qadağan olunmuş yerlərdə avtomobil saxlaması səbəbindən yaranır".
Bakının müasir Məmmədhəsən kişilərinin ən çətin problemləri isə rezin “dördayaqlı”larını tapdıqdan sonra başlayır. İnzibati xəta törədib bir anlığa maşınlarının yanından ayrılmaq onlar üçün 50-60 manata başa gəlir: 20 manat nəqliyyat vasitəsini məsləhət bilinməyən yerdə saxladıqlarına, 30-40 manat isə evakuasiya xidmətinə görə.
Qəribədir ki, yol polisi əməkdaşları inzibatı xəta törədən maşınların cərimə meydanlarına daşınması üçün ən bahalı evakuasiya şirkətlərinin xidmətlərindən istifadə edirlər. Bildirildiyinə görə, bu işdə daha çox "Avto-az" Evakuasiya Xidməti ilə əməkdaşlıq edir. Həmin şirkət isə təxliyə üçün Tarif Şurasının müəyyənləşdirdiyi 20 manat əvəzinə, sürücüdən 30-40 manat alır. Halbuki, digər şirkətlər eyni məsafəyə maşın daşınması üçün bundan ikiqat ucuz xidmət göstərirlər.
Sürücülər özlərindən normal qiymətlərin və Tarif Şurasının müəyyənləşdirdiyi həddin üzərində haqq alınmasını DYP ilə evakuasiya şirkətlərinin əməkdaşlığı ilə əsaslandırırlar. Mülahizələrə görə, bu xidmət üçün alınan izafi dəyər tərəflər arasında bölüşdürülür. Maraqlıdır ki, bu xidmət üçün pul yığımı heç bir rəsmi səlahiyyəti olmayan Anar Əlizadə adlı mülki vətəndaşa həvalə edilib. Hər halda söhbətləşdiyimiz sürücülər belə deyirlər. Bəzi həmsöhbətlərimiz isə Anar Əlizadənin də DYP əməkdaşı olduğuna inanırlar. Amma o, nədənsə, mülki formada “xidmət göstərməyə” üstünlük verir. Bildirildiyinə görə, indiyədək Anar Əlizadəni uniformada görən olmayıb. Görünür, onun yol polisi, yoxsa sıravi vətəndaş olması barədə tərəddüdlər də bundan qaynaqlanır. O da bildirilir ki, Anar Əlizadə evakuasiya xidməti üçün aldığı vəsaitə qəbz də vermir.
Zənnimizcə, hörmətli Kamran müəllimin təbirincə desək, sürücülərin inzibati xətalarına görə əziyyətə salınması cəzasının əsl hikməti də bu mətləbdə gizlənir. Görünür, evakuasiya şirkətlərinin nə qədər qazandıqlarını bir özləri, bir də Anar Əlizadədən başqa kimsənin bilməməsi daha məqbul hesab olunub.
Ovqat.com
P.S. Foto-şəkillər Yasamal rayonundakı cərimə meydançasında çəkilib.
Paylaş: