Xəbər lenti

 

Yeni tədris ilinin başlanması ilə valideynlərin də əziyyətli günləri başlanıb.

Bütün gün işdə qayğılar, məişət problemlərinin öhdəsindən gəlməyə çalışanlar axşam da uşaqlarının ev tapşırıqlarını etmək məcburiyyətindədir. Necə deyərlər, ikinci növbəli iş kimi. Məsələn, siz bir əlinizdə dolma büküb, o biri əlinizdə uşağın "Həyat bilgisi"ndən verilən tapşırığını - yumurtadan hazırlanmış toyuq maketini ərsəyə gətirmək zorunda qalırsız.

Hərdən də müəllim(ə)lərin belə iradları ilə qarşılaşırsız: "Sizin uşaq riyaziyyatı o qədər də yaxşı qavramır. Onunla məşğul olun". Halbuki Pensilvaniya Universiteti professorlarından biri sübut edib ki, şagirdin ev tapşırıqlarını yerinə yetirmə dərəcəsi, səviyyəsi heç də onun savadının, təhsildə uğur qazanmasının göstəricisi ola bilməz. Amma bu, heç cür ev tapşırıqlarının ləğvi ilə nəticələnmir. Musavat.com valideynlərin ev tapşırıqlarının yerinə yetirilməsindəki rolu, iştirakı barədə bir araşdırmanın nəticəsini sizə təqdim edir. Oxuyun və bundan sonra uşaqlarınızla birgə yazı masasının arxasında oturub-oturmamağa özünüz qərar verin.

Ümumiyyətlə, şagirdə baxıb, onun ev tapşırıqlarını təkbaşına, ya da müəllimi ilə birgə etdiyini müəyyənləşdirmək olar. Əgər ana, yaxud nənə evdədirsə, onu masa arxasında oturdacaq, ev tapşırığını etdirəcək, bir dərsi bir neçə dəfə izah edəcək... Nəticədə uşaq hər şeyi yaxşı, daha yaxşı edəcək.

Birincilərə kömək edin!

Psixoloq və pedaqoqlar iddia edir ki, məhz ev tapşırıqlarının yerinə yetirilməsi nəinki məktəbdə öyrəndiyimiz bütün bilikləri möhkəmləndirir, eyni zamanda şagirdin təşkilatlanmış, sistemli, öyrəndiklərini strukturlaşdırmasına yardım edir. Buna görə də ev tapşırıqlarının həll edilməsində biz valideynlərin rolu olduqca böyükdür. Uşağın yadda saxlaya bilmədiyi məlumatları ona bu və ya digər formada öyrətmək, yadında qalması üçün yaddaş oyunlarını yerinə yetirmək valideynlərin vəzifəsidir. Birinci sinif uşaqlarının valideynləri anlamalıdır ki, uşaqlara verilən ev tapşırığı elə onlara verilən tapşırıqdır. 7 yaşlı uşağa məktəbdə öyrədilən dərslərin çoxluğu ona uşaq kimi qalmağa imkan vermir. Ona nəfəs almaq, fasilələr üçün imkan yaratmaq, eyni zamanda oynamağa da icazə vermək lazımdır.

İbtidai siniflərdə uşaqların ev tapşırıqlarının yerinə yetirilməsi üçün 1.5 saatdan artıq vaxt lazım deyil. Və eyni zamanda dinamik fasilələri də unutmayın - hoppanmaq, qaçmaq, barmaqların gimnastikası... Dinamik fasilə məqsədi ilə konstruktorlu, gəlincikli  oyunları da yaddan çıxarmaq olmaz. Uşaq bir dərsi yerinə yetirdi? 10 dəqiqəlik fasilə etsin. Və bu fasilə zamanı uşağa istədiyini etməyə imkan verin. Amma bu zaman kompüterlə oynamaq və televizora baxmağı qadağan etmək lazımdır.

Neçənci sinif şagirdi dərsə nə qədər vaxt ayırsın?

4-5-ci siniflərdə ev tapşırığına 2 saatdan, 6-8-ci siniflərdə 2.5 saatdan, yuxarı siniflərdə isə 3.5 saatdan artıq ayırmaq lazım deyil.

İstirahət etmək mütləqdir. İdeal odur ki, məktəbdən sonra uşaq bir qədər gəzsin, sonra evə qayıdıb nahar etsin, ardınca istirahət etsin və ancaq ondan sonra dərslərə başlasın.

Uşaq üçün ən aktiv dönəm - saat 11-dən 13-ə qədər, eləcə də saat 16.00-dan 19.00-a qədər olan dönəmdir. Nəzərə alanda ki, 5-ci dərs saat 13.00-13.30-da bitir, o zaman gəzinti, yemək və istirahətdən sonra saat 16.00-ya yaxın dərs oxumağa başlamaq ən ideal variantdır.

Uşağa dərs oxumaq üçün yer hazırlayın

Məktəblinin öz dərs masası olmalıdır. "Divanda oturub, dərslərimizi oxuyarıq" söhbətini yığışdırın. Anası kələm doğrayan vaxt uşağın mətbəx masasının yanında riyaziyyat tapşırığı etməsinin heç bir mənası yoxdur. Onun daimi dərs oxuyacağı yer olmalıdır - dərs masası, stulu, şkafı. Və ətrafda onu dərsdən yayındıracaq nə varsa, hamısını uzaqlaşdırmaq vacibdir. Oyuncaqlar, disklər, konstruktorlar... Bunların hamısı mane olanlar siyahısına daxildir.

Bəs ardıcıllığı necə qurmalı?

- Dərslərin yerinə yetirilməsi prosesinə uşağın ən çox sevdiyi dərsdən başlayın. Uşağınız hansı dərsi daha tez və zövqlə edirsə, siyahıda birinciliyi ona verin. "Məndə hər şey alınır" deyə, həvəslə dərs oxumağa başlayan uşaq daha qısa zamanda və uğurla işlərinin öhdəsindən gələ bilir.

- Əgər uşaq tapşırığın üzərində uzun müddət dayanır və onun öhdəsindən gələ bilmirsə, ona daha rahat yerinə yetirəcəyi tapşırıq verin. Bu, beyin gimnastikası üçün çox önəmlidir.

- Yox, əgər uşaq dərsə çox tez köklənib, tez də yorulursa, o halda ən çətin bildiyiniz dərslərdən başlayın. Çünki maksimum enerji və diqqət tələb edən tapşırıqları enerjili vaxtda etmək məsləhətdir.

- Şifahi və ya yazılı tapşırıqların hansından başlamağın heç bir önəmi yoxdur. Yəni uşaq öncə qaydaları öyrənməli, ardınca qaydalara uyğun olan yazılı tapşırıqları yerinə yetirməlidir. Yəni bu işin doğru olan qaydası belədir.

- Mütəxəssislər həm də məsləhət görür ki, əgər siz uşağınızın yorulduğunu görürsüzsə, israrla yuxusunu qaçırıb, dərslərini davam etməsində dirəniş göstərməyin. Ən yaxşısı budur ki, ona dərsi özünüz oxuyun. Uşaq özünü pis hiss edirsə, ona dərslərində kömək edin. Yuxu vaxtına az, dərslərinin bitməsinə isə çox qalıbsa, bəzi yükləri paylaşmağa çalışın. Məsələn, o, riyaziyyat tapşırıqlarını edirsə, siz də ona rəsmdən verilən kağızların kəsilməsi tapşırıqlarını edin.

Hamıdan çox oxuyuruq, ya hamıdan az?

Müqayisə üçün sizə dünya məktəblərindəki dərs müddətini də təqdim edək. Məlum, biz yeni başlamışıq və dərs ilinin uzunluğundan, tətillərin azlığından şikayət edirik. Bəs dünyada vəziyyət necədir? Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur.

Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük tətil İsveçdə məktəblilərin dərs ili iki hissəyə bölünür. Yaponiyada ildə iki böyük tətil - martın sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədər ənənəvi qış tətilidir.

Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. "Marta Break" adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.

Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yəni ildə 4 ay. Bundan başqa, İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.

Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq oluna bilər.






Ana səhifəyə qayıt        Baxış: 730          Tarix: 21-09-2017, 18:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma