Xəbər lenti

"Qarabağ itirilməyib, klubun qəlbindədir".

"Report"un məlumatına görə, bunu "Qarabağ" futbol komandasının fiziki hazırlıq üzrə məşqçisi Ruben Selles İspaniya "Atletiko"su ilə Çempionlar Liqasının qrup mərhələsinin III tur matçından əvvəl "La Razon" nəşrinə açıqlamasında deyib.

34 yaşlı mütəxəssis bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı il ərzində müxtəlif tədbirlər keçirilir: "3 il əvvəl Bakı ətrafında "Qarabağ" üçün baza salınıb. Hərçənd, Qarabağ sevgisi yaşayır. İki futbolçumuz və vaxtilə "Qarabağ"da futbolçu kimi çıxış etmiş məşqçimiz də müharibə bölgəsindəndir".

İspaniyalı məşqçi "Qarabağ"a 2015-ci ilin mayında gəlib. O, 2010-cu ildə "Şinnik"də də köməkçi-məşqçi kimi çalışdığı vaxt rusca ünsiyyəti öyrənib: "Bakıda da məşqçim var idi. Hər gün məşq edir və dil öyrənirdim. Baş məşqçi Qurban Qurbanov azərbaycanca və rusca danışır. Dörd dil, o cümlədən, ispanca bilən tərcüməçimiz var. Amma bunsuz da problem deyil. İstək güc gəldikdə anlaşma çətin olmur. Bir neçə məşqçi var ki, ruscadan əlavə, ingiliscə də danışır. Oteldə yemək xahiş etmək üçün ingiliscə bilən şəxs çağırırıq. O da yoxdursa, əl işarələri ilə başa salırıq".

Selles "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını Azərbaycan üçün tarixi hadisə adlandırıb. "İnsanlar küçələrə axışmışdılar. Biz də Bakıya qayıdan kimi ölkə prezidenti tərəfindən qəbul olunduq" deyən əcnəbi məşqçinin fikrincə, "Qarabağ" Azərbaycanın ən peşəkar klubudur: "Baş məşqçimiz hər gün baş menecerlə birgə klubu nəzarətdə saxlayır. Hər şey piramida formasında qurulub. Düzdür, qrupdakı ilk görüşdə böyük hesabla uduzduq. Bilirik ki, bu, bir prosesdir, amma biz bu məğlubiyyəti həzm etmədik. Nəticədə "Roma" qarşısına tam fərqli formada çıxdıq".

Qeyd edək ki, Ruben Selleslə yanaşı, "Qarabağ"da ispaniyalı futbolçular Miçel və Dani Kintana da yer alıb. 




Ana səhifəyə qayıt        Baxış: 732          Tarix: 18-10-2017, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma