Xəbər lenti

 Bu gün “Qarabağ” komandası tarixində ilk dəfə vəsiqə qazandığı Çempionlar Liqasının qrup mərhələsində sonuncu ev oyununa çıxacaq.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi İngiltərə çempionu “Çelsi”ni qəbul edəcək.

Bakı Olimpiya Stadionunda üz-üzə gələcək kollektivlər qitənin ən nüfuzlu klub turnirində fərqli qrafik cızmaqdadırlar. Cari mövsümə evdə “Qarabağ” üzərində 6:0 hesablı qələbə ilə başlayan London təmsilçisi, daha sonra İspaniyada “Atletiko”nu üstələyib. Lakin “zadəganlar”ın İtaliya “Roma”sı ilə işləri düz gətirməyib. İngilislər baş məşqçiləri Antonio Kontenin həmyerliləri ilə duellərdən 1 xalla ayrılıblar. Evdə “canavarlar”la 3:3-lük heç-heçə edən “Çelsi”, rəqib meydanında 3 cavabsız qolla yenilib.

“Qarabağ” isə “Çelsi”nin ardından evdə “Roma”ya 1:2 hesabı ilə məğlub olandan sonra meydanı xalsız tərk etməyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Atletiko”ya qənim kəsilib – 0:0 və 1:1.

“Qarabağ” 1/8 finala yüksəlmək şansını saxlamaq üçün mütləq qalib gəlməlidir. Əldə olunacaq 3 xal 3-cü yeri tutaraq, Avropa Liqasına düşmək baxımından da önəmlidir. Ağdam klubu heç-heçə sayəsində də qitənin ikinci dərəcəli turnirinə yollamaq ümidini qoruya bilər. Lakin bunun üçün V turda “Roma”nın səfərdə “Atletiko”ya qalib gəlməsi, ən pis halda heç-heçə etməsi şərtdir.

“Qarabağ” “Çelsi”yə uduzsa və “Atletiko” “Roma”nı üstələsə, Azərbaycan çempionunun qrup sonuncusu olması rəsmiləşəcək.

Çempionlar Liqası

V tur, C qrupu

22 noyabr

21:00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə)

Baş hakim: Manuel De Souza

Baş hakimin köməkçiləri: Alvaro Mesquita, Rikardo Santos

Dördüncü hakim: Nuno Pereyra

Əlavə hakim köməkçiləri: Fabio Verissimo, Luis Migel Branko Qodinyo (hamısı Portuqaliya)

Bakı Olimpiya Stadionu




Ana səhifəyə qayıt        Baxış: 810          Tarix: 22-11-2017, 08:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma