Xəbər lenti

"Qarabağ" "Roma"ya qol vuracaq - MÜTƏXƏSSİSLƏR DANIŞIR

Çempionlar Liqasında ölkəmizi ilk dəfə təmsil edən “Qarabağ” sabah İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq. Qrup mərhələsi çərçivəsində keçiriləcək son oyun İtaliyanın “Olimpico” stadionunda baş tutacaq.

Publika.az təcrübəli futbol mütəxəssislərindən oyunla bağlı ilkin ehtimalları və təmsilçimizin oyunqabağı ümumi vəziyyətini öyrəndi.

Milli komandanın sabiq baş məşqçisi Şahin Diniyev:

“Təmsilçimiz üçün həm Çempionlar, həm də Avropa Liqası bitmiş hesab edilir. “Roma”nı məğlub etsə belə, bizim üçün heç nə dəyişməyəcək. Ancaq “Roma”ya mütləq qələbə lazımdır. Buna görə də bizim qapımız biabırçı nəticələrdən qorunmalıdır. “Roma” çalışacaq ki, turun başından bəri zəif halqa kimi görülən “Qarabağ”dan istədiyi qədər xal qopara bilsin və belə bir şansı əldən buraxmasın. Ancaq “Qarabağ”ın psixoloji baxımdan itirəcəyi heç nə yoxdur. Təmsilçimizin sadəcə layiqli mübarizə sərgiləməyə ehtiyacı var. “Qarabağ” sonuncu oyunda qapını elə çırpmalıdır, Avropaya desin ki, mən buradayam. “Çelsi” ilə ev oyununda hesabın tez açılması həm azarkeşlərə, həm də komandaya psixoloji baxımdan pis təsir göstərdi. “Çelsi”nin hakim dəstəyinə ehtiyacı yoxdur. Etiraf edək ki, “Çelsi” ya elə, ya belə qalib gələcəkdi. Ancaq Sadıqovun qırmızı vərəqəsi komandanın mübarizlik əzmini qırdı. 10 nəfərlə mübarizə aparmağın çətinliyi də komandaya ağır gəldi. Futbol proqnozu sevmir, ancaq bu oyunda aşkar favorit “Roma”dır deyə düşünürəm. Avropanın təcrübəli komandasına indi qalibiyyət hava-su kimi lazımdır. “Qarabağ”ın yeganə üstünlüyü isə onun psixoloji baxımdan rahat olmasıdır. Buna görə də ev sahibində həyəcan olacaq. “Qarabağ” bu baxımdan üstünlük əldə edə bilər. Heç kim deyə bilməzdi ki, “Qarabağ” “Atletiko” ilə səfərdən xal gətirəcək. Yaxud, öz evində “heç-heçə” edəcək. Bu ehtimalları nəzərə alsaq, qalib gəlmək niyə də olmasın?! Düzdür, rəqiblər arasında çox platformalarda fərq var. Ancaq bu fərqlər oyun başlanan andan sıfıra enir”.

“CBC Sport” telekanalının futbol şərhçisi Emin Abbasov:

“Hazırki durumda ən sevindirici hal odur ki, “Qarabağ” Çempionlar Liqasında ən azından oynadığı qrupda özü haqqında müsbət imic formalaşdırıb. “Atletiko Madrid”lə “heç-heçə”lər, “Çelsi” ilə oyunda təmsilçimizə qarşı açıq-aşkar haqsızlıqlar - hansı ki, bunun da səbəbi bizim güclü müdafiəmiz idi, - “Roma” ilə ev matçında rəqibə qarşı inadkarlıq bizim Çempionlar Liqasından xoş emosiyalarla ayrılmağımıza gətirib çıxarır. Təbii ki, komandamız “Roma” ilə oyunda qənaətbəxş nəticə olmasa da, qənaətbəxş futbol ortaya qoyacaq. Çünki “Çelsi” ilə ilk matç istisna olmaq şərtilə, digər matçlarda “Qarabağ” nəyə qadir olduğunu göstərib. Hətta mən deyərdim ki, “başından bir az hündürə də tullanıb”. Düşünürəm ki, “Qarabağ” həmişəki oyununu oyanayacaq. Təbii ki, rəqib imakan verdiyi qədər. Əvvəlki matçlarda da şahidi olduq ki, “Qarabağ” öz oyun tərzini rəqiblərə aşılaya bilir. “Qarabağ”a fərqi yoxdur, istər topa nəzarət, istər uzun-uzadı paslaşmalar olsun, qarşısındakı rəqibdən asılı olmayaraq, bunları edə bilir. Keçirdiyimiz 5 matç bizə təcrübə qazandırdı. Ona görə də düşünürəm ki, “Qarabağ” Romada inamlı oyun sərgiləyəcək və auditoriyasını təəccübləndirəcək”.

Milli komandanın sabiq baş məşqçisi Vaqif Sadıqov:

“Əvvəlki matçlar kimi bu dəfə də “Qarabağ”dan məzmunlu, yaxşı bir oyun gözləyirik. “Qarabağ” Çempionlar Liqasının ilk turunda sözün əsl mənasında hamını təəccübləndirdi. Və bununla ÇL-də güclü klublar arasında təsadüfən yer almadığını göstərdi. “Qarabağ” “Roma”ya qarşı da həmişəki oyun sitilini sərgiləməli və düz yolda olduğunu bir daha sübut etməlidir. Başa düşürəm ki, çox ağır oyun olacaq. Elə vəziyyət yaranıb ki, qrupun balansı son oyundan asılıdır. Düzdür, təmsilçimizin qrupdan çıxmaq şansı yoxdur. Ancaq “Roma” “Atletiko” ilə yerini qərarlaşdırmaq üçün mübarizə aparacaq və bu, bizə çətinlik törədəcək. Üstəlik, rəqibdə nüfuz məsələsi var. Lakin bununla belə, “Qarabağ” həmişə etdiyi kimi təslim olmayacaq və meydançaya çıxıb ən yaxşı oyunlarından birini sərgiləyəcək. Bütün çətinliklərə baxmayaraq, yenə də ürəyimiz “Qarabağ”la döyünəcək. Bizim üçün önəmlisi odur ki, “Qarabağ” Azərbaycanı Avropada təmsil edir və ölkəmizdə, həqiqətən də, futbolun olduğunu sübut edir. “Qarabağ”ın “Çelsi”yə ilk ağır məğlubiyyətindən sonra inanırdım ki, bu komanda uğurlu işlər görəcək. Çünki “Qarabağ”da əzmkarlıq var. “Çelsi” ilə oyunda daha böyük hesab da ola bilərdi. Ancaq “Qarabağ”ın dirənişi buna imkan vermədi və gələcək oyunlarda uğurlar qazanacağına dair ümidlər yaratdı. Belə də oldu və “Qarabağ” müsbət dinamika ilə inkişaf etdi. Əslində, “Qarabağ”ın belə bir güclü qrupa, hətta ölüm qrupuna düşməsi çox yaxşı oldu. Çünki hər şeydən öncə bu liqada təcrübə toplamaq Qurban Qurbanov və komandası üçün çox vacib idi. İnanıram ki, xarici klublarla keçirilən oyunlar yerli liqada da “Qarabağ”ın uğurlu nəticələr əldə etməsinə yardımçı olacaq. “Qarabağ” oyun üslubu ilə daha çox ispan komandalarına bənzəyir. Ancaq mən istəməzdim ki, “Qarabağ” kiməsə oxşasın. Ona görə ki, bizim öz komandamız, öz “Qarabağ”ımız, öz mübarizəmiz və öz sözümüz var”.




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 4-12-2017, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma