Yanvarın 24-də yeni turnir – UEFA Millətlər Liqasının püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Avropanın ən zəiflərinin mübarizə aparacağı D liqasında çıxış edəcək.
Qitənin ən zəif 16 yığması bu gün açıqlanan FİFA reytinqində müxtəlif mövqelərdə qərarlaşıb. Hətta Azərbaycan millisinin UEFA və FİFA reytinqlərindəki mövqeyi düz mütənasib deyil.
Qitə futbol qurumu öz əmsallarına əsaslanıb, yığmaları liqalara böləndə, komandamız ən aşağı dəstənin 1-cisi qəbul olunmuşdu. Amma FİFA reytinqi göstərir ki, D liqasında 1-ci komanda biz deyilik.
Ümumiyyətlə, püşkdə potensial rəqibimiz olacaq 11 komandanın, elə 1-ci yerlə pley-offa yüksəlsək, qarşılaşa biləcəyimiz digər 4 yığmanın da FİFA-nın cədvəlindəki mövqeyi maraq doğurur.
Bugünkü cədvəldə liqanın ən güclüsü Makedoniyadı. Balkanlılar 73-cü sırada qərarlaşıb. Həm onlar, həm də ilk “yüzlük”də olan Belarusla eyni səbətdə yer almağımız qrupda rəqib olmağımıza imkan vermir. Ümumiyyətlə, səbətin ən zəifi elə millimizdi. Çünki Gürcüstan da bizdən 14 addım öndədi.
FİFA reytinqinə baxsaq, ikinci səbət daha güclüdü. Çünki burada 3 komanda “yüzlük”dəndi. Onlardan biri – Ermənistanla yalnız pley-offa görüşə bilərik.
Amma D liqasının ikincisi olan Lüksemburq, həmçinin Farer adaları heç də arzulanan rəqib deyil. FİFA reytinqini əsas götürsək, Qurban Qurbanovun baş məşqçisi olduğu yığmamız II səbətdən yalnız Latviyanı arzulaya bilər. Bu komanda bizdən də geridədi.
Yeri gəlmişkən, yığmamız ilk iki səbətdən yalnız 1 komanda – Latviyanı arxada qoyur. Bu isə o deməkdi ki, UEFA-nın 1-ci saydığı komandamız FİFA reytinqində liqanın 7-cisidi.
Digər 2 səbətdəki mümkün komandaların hamısı münasib rəqib sayılır. Çünki 3-cü səbətdən yalnız Qazaxıstan, sonuncudan isə Andorra 3-cü “yüzlük”də, qalanları daha aşağıdadı. Bu iki komanda da 135-136-cı sıralarda qonşudular.
FİFA reytinqindəki mövqelərinə görə yığmamıza ən ideal rəqiblər Latviya, Malta və Cəbəllütariqdən ibarət “üçlük”dü. Lüksemburq, Qazaxıstan və Andorra ilə birgə yer alması isə millimiz üçün ən çətin variant hesab olunur.
D liqası
I səbət
118 (1). Azərbaycan - 281
73 (2). Makedoniya - 446
93 (3). Belarus - 372
104 (4). Gürcüstan - 322
II səbət
90 (5). Ermənistan - 383
131 (6). Latviya - 233
97 (7). Farer adaları - 364
84 (8). Lüksemburq - 407
III səbət
135 (9). Qazaxıstan - 220
166 (10). Moldova - 112
182 (11). Lixtenşteyn - 86
185 (12). Malta - 66
IV səbət
136 (13). Andoora - 215
178 (14). Kosovo - 97
204 (15). San Marino - 11
206 (16). Cəbəllütariq - 0
Qeyd: yığmaların FİFA reytinqindəki yerindən sonra mötərizədə UEFA reytinqinə əsasən D liqasında neçənci olması göstərilib.
Paylaş: